ABŞ-la Ermənistan arasında tərəfdaşlıq sazişinin imzalanması və onun mətnində “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyasının, dövlət katibi Entoni Blinkenin bu günə kimi bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürüdür. Belə ki sazişin mətnində qeyd olunur ki, Ermənistanın 2023-cü ilin sentyabrından məcburi köçkün böhranı ilə üzləşdiyini nəzərə alaraq, ABŞ Dağlıq Qarabağdan didərgin düşmüş şəxslərə və qaçqınlara yardım göstərməkdə Ermənistana dəstəyi davam etdirməyi planlaşdırır. Görünən odur ki, bir neçə günə öz postunu tərk edəcək E.Blinken son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə burmaqdan, iqtidara gəlmiş D.Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir.
Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa – bir sözlə dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu gün Ukraynada baş verənlər, öz torpağını qoyub dünyanın müxtəlif bölgələrinə pənah aparan, döyüş bölgələrində ölən milyonlarla ukraynalının qanı Bayden Administrasiyasının, Blinkenin üzərindədir. Yaxın Şərqdə baş verənlər də dünyanı qandıran Blinkenin oyunlarıdır. O, Qəzzada, Livanda baş verən faciənin baiskarıdır, əli həlak olmuş on minlərlə dinc insanın qanına batıb.
Politoloq Züriyyə Qarayeva “Sherg.az”a bildirib ki, Donald Trampın Amerika Birləşmiş Ştatlarında seçkilərindəki qələbəsindən sonra gözlənildiyi kimi, Paşinyan hökuməti yeni administrasiyadan dəstəyi davam etdirə bilmək üçün ABŞ-la münasibətləri mümkün qədər legitimləşdirməyə çalışır:
“Prezident seçkilərindəki məğlubiyyətdən sonra Bayden administrasiyası Ermənistanla strateji münasibətləri rəsmiləşdirmək də daxil olmaqla son addımlarını atır. Bu, strateji tərəfdaşlıqdan irəli gələn öhdəlikləri Tramp administrasiyasının üzərində yükləmək məqsədilə edilir. Trampın Baydenin irsinə və ümumilikdə Demokratlara necə yanaşdığını nəzərə alsaq, vəziyyətin o qədər də aydın olmadığını söyləmək mümkündür. Bakı yeni administrasiyaya başa salmağa çalışmalıdır ki, ABŞ-ın Azərbaycana qarşı siyasətini erməni maraqları ilə əlaqələndirməyə davam etmək demokratların siyasətinin təkrarı olacaq. Digər tərəfdən Rusiya ikitərəfli əsasda hərbi-siyasi müttəfiqi olan ölkəyə ABŞ-ın yardımı ilə barışmayacaq. Paşinyan Trampa sədaqətini nümayiş etdirmək, davamlı dəstək və yardımı əldən verməmək üçün nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə Avrasiya İqtisadi İttifaqına üzvlüyündən imtina edə bilməyəcək. Üstəlik Moskva buna əlavə presedentlər yaratdığı üçün heç vaxt razı ola bilməz. Paşinyan ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla ölkə daxilində mövqelərini möhkəmləndirir. Bu, erkən parlament seçkilərinin keçirilməsi lehinə daha bir arqumentdir”.