Prezident İlham Əliyev Davosda İllik Dünya İqtisadi Forumunda iştirak etdi. İlham Əliyev qarşı tərəflərin müraciətləri əsasında dövlət, hökumət başçıları və şirkət rəhbərləri ilə görüşlər keçirdi. Prezident İlham Əliyev həmçinin Çinin CGTN telekanalına müsahibə verdi.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi analitik Aqşin Kərimov "Sherg.az"-a bildirib ki, Prezident Dünya İqtisadi Forumunda iştirak etməklə Azərbaycanın cari və perspektiv strategiyalarına diqqəti yönəltdi:
“Mesajlar aydındır –formalaşmaqda olan yeni beynəlxalq münasibətlər nizamında Azərbaycanla effektiv işləmək üçün müxtəlif variantlar nəzərdən keçirilir. Prezident İlham Əliyevlə keçirilən görüşlərin qarşı tərəflərin müraciətləri ilə baş tutması həmin fikri təsdiq edir. İlham Əliyevin görüşləri ABŞ Prezidenti Donald Trampın əsasən Çini tariflərlə hədələməsi fonunda ortaya çıxacaq qlobal risklərdə Azərbaycanın tanınmış geosiyasi siqnallarını gücləndirəcək.
A.Kərimov Azərbaycanın xarici siyasət strategiyasının Çinə doğru əhəmiyyətli istiqamət almasını da vurğulayıb. Onun sözlərinə görə, bu, Bakının regional statusunun qiymətini daha da yüksəldir:
“Bu mənada, Prezident İlham Əliyevin Davosda Çinin Çinin CGTN telekanalına verdiyi müsahibə diqqət mərkəzindədir. Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) tez bir zamanda əsas beynəlxalq ticarət əlaqəsinə çevrilməyi hədəfləyirlər.
Orta Dəhliz, Çindən başlanıb Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya qədər uzanan, dəmir yolları, limanları, avtomobil yollarını, dəniz yollarını əhatə edən səmərəli ticarət arteriyasıdır. Xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi fonunda onun əhəmiyyəti əhəmiyyətli dərəcədə artdı və onu beynəlxalq ticarət üçün cəlbedici bir seçimdir".
Analitik deyib ki, dəhliz sürətlə genişlənsə də, o, hələ də davamlı investisiya və əməkdaşlıq tələb edən infrastruktur, əməliyyat və geosiyasi problemlərlə üzləşmə risklərini saxlayır. STM əməkdaşı Azərbaycanın Zəngəzur dəhlizi kontekstində Çinlə əməkdaşlıq imkanlarını da qiymətləndirib:
“Bununla belə, Azərbaycan Avrasiya ticarətinin inkişaf edən mənzərəsi çərçivəsində Orta Dəhlizin strukturunu, strateji əhəmiyyətini, çağırışlarını və gələcək potensialını Çinlə strateji əlaqələr dinamikasında nəzərdən keçirir. Bu, Orta Dəhlizin görünüşündə Zəngəzur dəhlizi layihəsinə Pekindən əhəmiyyətli dəstək veriləcəyini istisna etmir.
İlham Əliyevin Davosda keçirdiyi görüşləri bu kontekstdə qiymətləndirəndə demək olar ki, Azərbaycan Orta Dəhlizin inkişafının işığında gələcək Zəngəzur koridoruna sərmayə qoyuluşlarını artırmağı hədəfləyir”.