Kreml özünü elə aparır ki, sanki hələ də 15 respublikaya nəzarət edən imperiyadır
“Təyyarə qəzası ilə bağlı reallıqlar göz önündədir. Faktlar göstərir ki, təyyarəyə kənar müdaxilələr olub. Əfsuslar olsun ki, Rusiya bu məsələdə eqoist bir yanaşma sərgiləyir”
Məlum olduğu kimi Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yanvarın 27-də Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib. Eyni zamanda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb. Buna cavab olaraq yanvarın 28-də isə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, görüş zamanı Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb. “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb. Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib. Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, səfirlərin Xarici İşlər Nazirliyinə dəvət olunması, müxtəlif görüşlərin keçirilməsi, mövqelərin mübadiləsi normal diplomatik praktikadır. Onun sözlərinə görə, eyni zamanda Rusiya Federasiyasının səfiri Mixail Yevdokimov da Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub və rəsmi Bakının müxtəlif məsələlər üzrə, həmçinin əsas müzakirə mövzusu olan məsələ (təyyarə qəzası - red.) barədə mövqeyi çatdırılıb.
Qeyd edək ki, rəsmi Bakı daim iki ölkə arasında münasibətlərə xələl gəlməməsinə çalışıb. Baxmayaraq ki, Rusiya həm tarixən, həm də son illərdə, xüsusilə 44 günlük müharibədən sonrakı üç il ərzində Azərbaycanın maraqlarına əks olan siyasət sərgiləyib. Son təyyarə qəzasına Rusiyanın hədsiz sayğısız yanaşması isə necə deyərlər, “bardağı daşıran son damla” olub. Beynəlxalq hüquqa, təcrübəyə əsaslanan reaksiya gözləsək də, nəticə arzuolunan olmadı. Bu duruma tənqidi yanaşan Azərbaycan mediasının mövqeyi Kreml üçün gözlənilməz oldu. Çünki Rusiya imperiya ambisiyaları ilə çıxış etdiyinə görə, postsovet respublikası tərəfindən kiçik tənqidi belə sinirə bilmir.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan təyyarəsi Rusiya səmasında vurulduqdan sonra Moskva tərəfindən bu hadisə ilə bağlı heç bir real addımlar atılmadı. Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev məsələyə öz kəskin reaksiyasını bildirdi:
"Rusiyadan haqlı olaraq üzrxahlıq, kompensasiya və günahkarların cəzalandırılması tələb edildi. Vurğulandı ki, Rusiya tərəfi hadisə baş verərkən bu məsələni olduğu kimi təqdim etsəydi, Bakı anlayışla yanaşa bilərdi. Rusiya rəsmiləri, mediası, ekspertlər hadisə ilə bağlı cürbəcür versiyalar, iddialar ortaya atdılar. Bu, Azərbaycana qarşı çox ciddi hörmətsiz münasibət idi. Rusiya bizimlə münasibətdə belə davranmamalıydı. Dəfələrlə cənab Prezidentin sərt reaksiyasına baxmayaraq, bugünədək Rusiya tərəfindən real addımların şahidi olmuruq. Bunun əksinə, Rusiya rəsmiləri, mediası, deputatlar davamlı olaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparırlar. Azərbaycan dövləti də, ictimaiyyət də buna seyirçi qala bilməzdi. Haqlı olaraq etiraz bildirildi. "Rus evi" ilə bağlı aparıcı televiziya kanalında süjet hazırlandı. Moskva narahat olmağa başladı və səfirimizi Rusiya XİN-ə dəvət etdilər. Ardınca, Azərbaycan tərəfi də bənzər addımı atdı. Bakı baş verənlərə reaksiyasız qala, sükutla yanaşa bilməz. Azərbaycanın tələbləri haqlıdır və ona görə də Moskva tələblərimizi nəzərə almalıdır".
Parlament üzvü vurğulayıb ki, iki dövlət arasında strateji tərəfdaşlıq haqqında saziş var və bu sazişin tələblərini pozan tərəf məhz Rusiyadır:
"Baş verənlər ikili münasibətlərin korlanmasına, gərginliyin artmasına səbəb olur. Azərbaycan qonşu ölkələrlə münasibətlərdə, qarşılıqlı hörmətdə maraqlıdır. Rusiyadan da eyni yanaşmanı gözləyirik. Təyyarə qəzası ilə bağlı reallıqlar göz önündədir. Faktlar göstərir ki, təyyarəyə kənar müdaxilələr olub. Əfsuslar olsun ki, Rusiya bu məsələdə eqoist bir yanaşma sərgiləyir. Anlamır ki, Azərbaycanla bu cür rəftar yolverilməzdir və Rusiyanın özünə ziyan vuracaq. Rusiyanın özü hazırda yaxşı durumda deyil. Ölkəyə ciddi təzyiqlər var, iqtisadi çağırışlarla üz-üzədir. Tramp administrasiyasının Rusiyaya qarşı kəskin addımlar atacağı gözlənilir. Ona görə də Rusiya keçmiş sovet təfəkküründən xilas olmalıdır. Rusiya özünü elə aparır ki, sanki hələ də 15 respublikaya nəzarət edən imperiyadır. Artıq bu yuxudan ayılmağın vaxtıdır".