Politoloq: Ermənistan savaşa hazırlaşan tərəf durumundadır

Sərhəddəki təxribatlar da İrəvanın Azərbaycana qarşı həmişə düşmənçilik edəcəyini göstərir 

“Ona görə də İrəvan hökumətinin mövqeyinə, bəyanatlarına, açıqlamasına qətiyyən inanmaq olmaz”
 
Ermənistanın təxribatları davam edir. Martın 17-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə və Basarkeçər rayonu istiqamətindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutublar. Ümumən, son bir həftədir erməni silahlıları şərti sərhədlərin müxtəlif istiqamətlərində atəşkəsi pozurlar. Rəsmi İrəvan təxribatlara görə üzrxahlıq etməkdənsə, faktı danmağa üstünlük verir. Ermənistan baş nazirinin ofisi atəşkəsin pozulması hallarını inkar edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddialarına cavab verib. Onun sözlərinə görə, Ermənistan tərəfinin də xəbərdar olduğu videoçəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir: "Xoşməramlılıq nümayiş etdirmək və bu cür təxribatlara son qoymaq əvəzinə, Ermənistan tərəfinin mücərrəd və praktiki olaraq qeyri-mümkün təkliflərinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı müddətində olduğu kimi heç bir əsası yoxdur. Bu, işğala son qoymağa çağırış etmək əvəzinə, Minsk qrupu həmsədrlərinin irəli sürdüyü təklifləri xatırladır". XİN sözçüsü qeyd edib ki, əgər Ermənistan hökuməti, baş nazirin ofisinin də bəyan etdiyi kimi sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi: "Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur". Ayxan Hacızadə vurğulayıb ki, əgər Ermənistan tərəfi, həqiqətən də, bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır. 

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan hər zaman sülh prosesi ilə manipulyasiya edib. Analitik bildirib ki, İrəvan daim süldən danışsa da, son günlərədək davamlı müharibəyə hazırlıq görüb, silahlanıb:
 "İndi də həmin proses eyniylə davam etməkdədir. Bir tərəfdən yekun sülh sazişinin tam mətninin razılaşdırılması barədə bəyanatlar verilir. Digər tərəfdən Ermənistan ordusu sərhəddə səngərlər qazır, hərbi texnikalar cəmləyir. Ən əsası isə Azərbaycan Ordusunun mövqelərini atəşə tuturlar, hərbi təxribatlar törədirlər. Bu, o deməkdir ki, Ermənistanda revanşist niyyətləri, hədəfləri kənara qoymayıblar. Hələ də müharibə ehtimalını gündəmə saxlayırlar. Savaşa hazırlaşmaq istiqamətində israrlı addımlar atırlar. Azərbaycanı da təxribata çəkməyə cəhd göstərirlər. Burada bir çox məqsədlər var. Paşinyan hakimiyyəti son vaxtlar ABŞ və Qərbin dəstəyini və diqqətini ciddi şəkildə itirmiş kimi görünür. Ona görə də Paşinyan hökuməti Cənubi Qafqazda hərbi təxribatlar törətməklə qısamüddətli də olsa savaşa nail olmağa çalışır ki, ABŞ və Qərbin diqqətini yenidən Ermənistan üzərinə çəksin. İrəvan hökuməti belə riskli addımların Ermənistan üçün yarada biləcəyi təhlükələri də nəzərə almalıdır".

E.Xalidbəyli vurğulayıb ki, Ermənistanda Azərbaycanla sülh prosesinin uğurlu irəliləməsinə mane olmaq, prosesi əngəlləmək istəyən kifayət qədər qüvvələr də var: 
"Bu qüvvələr xarici ölkələrin kəşfiyyatının nəzarəti altında fəaliyyət göstərirlər. Ermənistan ordusunun daxilində həmin qüvvələrin təsiri altında olan hərbi hissələr mövcud olmamış deyil. Ola bilər ki, Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına qarşı olanlar Ermənistan ordusu vasitəsi ilə Azərbaycana qarşı təxribat törətməklə vəziyyəti daha da gərginləşdirmək niyyəti güdürlər. İndiki situasiyada belə ehtimallar həddindən artıq çoxdur. Ancaq ümumi qənaət odur ki, Ermənistanın sülhlə bağlı açıqlamalarına inanmaq olmaz. Ermənistan sülh mövzusundan yalnız manipulyasiyalar üçün istifadə edir. Ermənistan hətta yekun sülh sazişinin tam mətninin razılaşdırılmasından sonra belə siyasi məkanda manipulyasiyalardan faydalanmağa çalışdı. Ona görə də İrəvan hökumətinin mövqeyinə, bəyanatlarına, açıqlamasına inanmaq qətiyyən olmaz. Ermənistan Azərbaycana qarşı həmişə düşmənçilik edəcəyini göstərir və hazırda savaşa hazırlaşan tərəf durumundadır".