Biz ikitərəfli danışıqları şərh etmirik. Bizim Ermənistandakı missiyamız iki il mandatı olan mülki missiyadır
Bu sözləri AB-nin xarici siyasət idarəsinin sözçüsü Anita Hipper Brüsseldə mətbuat konfransında Bakının üçüncü qüvvələrin sərhəddən çəkilməsi tələbinin İrəvan tərəfindən qəbul edilməsi barədə danışarkən deyib.
O əlavə edib ki, AB Ermənistandakı missiyanı gözdən salmaq üçün çoxlu cəhdlər görüb.
Qeyd edək ki, Bakı və İrəvan 13 martda sülh sazişi mətnini razılaşdırdıqlarını elan ediblər. Sazişin bəndlərindən biri də 3-cü qüvvələrin sərhədyanı rayonlardan çıxarılmasıdır.
Ermənistan bu ilin fevralında AB müşahidə missiyasının mandatını daha 2 il uzadıb.
Politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Aİ-nin mülki "missiya" adı altında yerləşdirdiyi şəxslərin əksəriyyəti təhlükəsizlik işçiləri və keçmiş hərbçilərdir:

"Missiyanın müddətinin daha iki il uzadılması açıq mesajdır. Bu, onu göstərir ki, əsas məqsəd prosesləri öz maraqlarına uyğun şəkildə yönləndirməkdir. Aİ bölgədə vəziyyəti elə bir həddə çatdırmaq istəyir ki, nəticədə onun strateji maraqları tam təmin olunsun. Digər tərəfdən, əgər Paşinyan ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması məsələsini müzakirə etməyə hazır olduğunu bildirirsə və rəsmi Bakı mülki missiyanın sərhəddə yerləşdirilməsinə qarşıdırsa, bu vəziyyət açıq şəkildə gərginliyin məqsədyönlü şəkildə artırıldığını göstərir. Əvvəlcə kiçik kontingentlə gələn missiyanın daha sonra heyətini 200 nəfərə çatdırması da təxribat xarakteri daşıyır. Əgər bu tendensiya davam edərsə, Azərbaycan sülh sazişinin imzalanması prosesini uzadacaq, çünki sülhün təmin olunması üçün bütün şərtlər yerinə yetirilməlidir. Aİ-nin mülki missiyası regiondan çəkilmədiyi halda, danışıqların aparılmasının heç bir mənası qalmır".