30 il gözlədik, səs çıxmadı
Xocalı soyqırımına hüquqi qiymət verilmədi, amma Qərb Buça faciəsinə ən sərt mövqeyini sərgilədi
Akif Nağı: "Şəhərdən paylaşılan foto və videolar insanların qanını dondurur, haqlı olaraq hiddətləndirir"
Ukraynanın Rusiya işğalından azad olunan Buça, Qostomel və İrpen şəhərlərindən yayılan dəhşətli kadrlar bütün dünyada hiddət doğurub. Yayılan foto və video-görüntülərdə İrpen, Buça və digər şəhərlərin küçələrində əlləri arxadan bağlanmış halda başlarının arxasından güllələnmiş cəsədlər, yollarda yandırılmış meyitlər üzə çıxıb. Mülki şəxslər evlərində, həyətlərində öldürülüb.
Dünya mediası və ukraynalı jurnalistlər günlərdir bu mənzərədən, rus əsgərlərinin vəhşiliklərindən, xüsusən azyaşlıların zorlanmasından yazır. Qərb ölkələri Rusiyaya qarşı real sanksiyaların tətbiq ediləcəyini, Ukraynaya güclü hərbi yardımın göstəriləcəyini açıqlayırlar. Ukrayna Ali Radası plenar iclasda Buçada baş verən hadisələrin ukraynalıların soyqırımı kimi tanınması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edəcəyini vurğulayıb. Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski isə Buça faciəsini Xocalı qırğını ilə müqayisə edib. Kanevski qeyd edib ki, 1992-ci ilin Xocalı faciəsindən 2022-ci il Buça qırğınınadək 30 il ötüb. Onun sözlərinə görə, vaxt keçsə də, dəst-xətt dəyişməyib. Rusiya işğalçılarından azad edilmiş Buça şəhərində işğal dövründə öldürülmüş dinc sakinlərin sayının azı 320 nəfər olduğu bildirilir. Dünya baş verənləri “müharibə cinayəti” adlandırır, hüquqi qiymət veriləcəyindən danışırlar. Ukrayna isə ədalət istəyir.
Ancaq Rusiya görüntüləri təkzib edir. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüz və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib. Buça və digər yerlərdə baş verən qətliamlar bizə tanış mənzərədir. 30 il öncə Xocalıda əliyalın, dinc insanlara qarşı soyqırım törədildi. Körpələr süngüyə keçirildi, hamilə qadınların qarnı yarıldı, qocaların kürəyinə qaynar samovar bağlandı, insanların başlarının dərisi soyuldu. Dünyanın gözü önündə Ermənistan Azərbaycan ərazisində soyqırımı həyata keçirmişdi. SSRİ-nin 366-cı alayı Xocalıda erməni quldurların rəhbərliyi ilə bu soyqırımda iştirak etmişdi. Real kadrlar, şahidlərin ifadələri, beynəlxalq jurnalistlərin gördükləri, hətta Ermənistanın rəhbərliyi də Xocalıdakı soyqırımı etiraf etmişdi. Bu qədər fakta rəğmən beynəlxalq birlik Xocalı soyqırımına hüquqi qiymət vermədi. Tarix sübut etdi ki, cəzasızlıq eyni əməllərin təkrar meydana çıxmasına səbəb olur. Xocalıya hüquqi qiymət verməyən dünya bu gün Buçadakı qətliamla üz-üzə qalıb. Bu qətliama hüquqi qiymətin veriləcəyi də sual altındadır. Birincisi, beynəlxalq hüququn işlək mexanizmi olduqca ləngdir. Bir çox hallarda proses sona çatdırılmır, xüsusilə siyasi maraqlar bunun qarşısını alır. İkincisi, Buça qətliamında ittiham olunan Rusiya Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasını dəstəkləməyib, yəni veriləcək qərarlar Rusiya tərəfindən icra edilmir.
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı “Şərq”ə açıqlamasında Buçada dəhşətli qətliamların törədildiyini deyib. QAT sədrinin sözlərinə görə, şəhərdən paylaşılan foto və videolar insanların qanını dondurur və haqlı olaraq hiddətləndirir:
“Dünya buna çox sərt reaksiya verdi. Düzdür, Rusiya ittihamları qəbul etmir və ortada yetərli fakt-sübut olmadığını deyir. İddia edir ki, şəhərdəki cinayətlər ya “şoudur”, ya da rus ordusu oradan çıxandan sonra müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə törədilib. İstənilən halda yüzlərlə insanın işgəncələrlə öldürülməsi faktı çox ciddi araşdırılmalıdır. Bunu həyata keçirənlərin cəzalandırılması istiqamətində iş aparılmalıdır. Ukrayna rəhbərliyi baş verənləri birmənalı soyqırım adlandırır və Qərb ölkələrinin də bu cür tanımasını tələb edir. Ümumən, Avropa ölkələri Kiyevi müdafiə etsə də, ABŞ bir qədər ehtiyatlı davranır. Prezident Co Bayden Buçadakı qətliamları “müharibə cinayətləri” adlandırdı. Biz isə hesab edirik ki, qətliam törədənlər elə formada cəzalandırılmalıdır ki, bundan sonra heç kim kütləvi qırğınlara cəsarət etməsin. Təbii ki, sui-istifadə hallarına yol verilməməli, siyasi təzyiq vasitəsi olmamalıdır”.
A.Nağı Buçada baş verənlərin Xocalı soyqırımı ilə müqayisə olunmasına da münasibət bildirib:
“Xocalıda yaşananlar əsl soyqırım idi. Hesab edirəm ki, proseslər fonunda Ermənistanın Azərbaycanın müxtəlif ərazilərdə törətdiyi çoxsaylı soyqırım və qətliamlara xüsusi diqqət yönəltməliyik. Qərbin bu məsələdə ikili yanaşma sərgilədiyini ortaya qoymalıyıq. Bütün dəlil-sübutlar ortada olsa da, Avropa ölkələri Xocalı soyqırımı ilə bağlı istədiyimiz mövqeni tutmurlar. Ancaq ilk andan, hələ yetərli faktlar üzə çıxmadan Buçadakı cinayətlərə çox sərt reaksiya verdilər və həmrəy olmağı bacardılar. 30 il ərzində bizim də gözləntimiz bu idi. Əlbəttə, Buçada yaşanan hadisələrə Azərbaycan obyektiv mövqe sərgiləyib, bütün qətliamları pisləmişik. Cinayətkarların ən sərt şəkildə cəzalandırılmasını istəmişik. Lakin eyni münasibəti özümüz üçün də tələb etmək ən təbii haqqımızdır”.