- “Onları xalq seçməyib, yuxarıdan təyin ediblər. Kölələrin danışmasının nə əhəmiyyəti var?
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aranla parlamentin sədri Sahibə Qafarova arasında çıxış müddəti ilə bağlı fikir ayrılığı yaşanıb. Belə ki, deputat çıxış üçün nəzərdə tutulan vaxtın 10 dəqiqədən 5 dəqiqəyə endirilməsinə etiraz edərək bunun onun çıxış hüququnu məhdudlaşdırdığını bildirib.
O, digər deputatların da çıxış müddətinin azaldılması ilə bağlı təkliflərinə narazılığını ifadə edərək parlamenti “danışmaqxana” adlandırıb. Bu ifadə isə spiker Sahibə Qafarovanın etirazına səbəb olub. Milli Məclisin sədri deputatı parlament etikasına və leksikasına riayət etməyə çağıraraq çıxış vaxtının 5 dəqiqə müəyyənləşdirilməsi barədə qərarın səs çoxluğu ilə qəbul edildiyini xatırladıb. Tərəflər arasında yaranan dialoq və qarşılıqlı açıqlamalar parlament iclasında diqqət çəkən məqamlardan birinə çevrilib.

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Sherg.az-a açıqlamasında bildirib ki, deputatları xalq seçməyib, onları təyin ediblər:
“Ümumiyyətlə, çıxış müddətini 3 dəqiqəyə endirmək lazımdır. Onlar deputat deyil, yuxarıdan təsdiq edilmiş adamlardır və xalq tərəfindən seçilməyiblər. Onlar xalqın maraqlarını ifadə etmirlər, öz gəlirlərini və hakimiyyətin maraqlarını ifadə edirlər. Ona görə də onların danışmasının heç bir əhəmiyyəti yoxdur. Bəli, parlament "danışıqxana"dır, amma bir var azad insanlar arasında danışıq, bir də var kölə insanlarla danışıq. Kölələrin danışmasının nə əhəmiyyəti var? Kölənin sözü axırda heç nə olacaq. Sahibə Qafarovaya tapşırıblar ki, deputatların ipini bir az da qısaltsın. O da qısaltdı”.