21 may 2025-ci ildə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada “Qərbi Azərbaycana qayıdış insan haqlarının aliliyinin mühüm şərti kimi” adlı beynəlxalq konfrans keçirilib. Tədbirin əsas məqsədi Qərbi Azərbaycandan zamanında köçürülmüş Azərbaycan türklərinin öz yurdlarına geri qayıtmaq hüququnu gündəmə gətirmək olub. Simpoziumda bu mövzunun həm insan haqları baxımından, həm də beynəlxalq hüquq çərçivəsində nə qədər vacib olduğu vurğulanıb.
Tarix boyu bu bölgədə baş verən ədalətsizliklər, zorakı köçlər və mədəni irsin məhv edilməsi kimi məsələlər geniş şəkildə müzakirə olunub. Eyni zamanda, bu insanların hüquqlarının bərpası və gələcəkdə təhlükəsiz şəkildə yaşaya bilmələri üçün atıla biləcək addımlar da tədbirin diqqət mərkəzində olub.
Beynəlxalq konfransda iştirak edən Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a açıqlamasında simpoziumu dəyərləndirərək orada müzakirə olunan mövzulardan danışıb:

"Dünən mühüm bir simpozium var idi. Mən də bu simpoziuma dəvət alanlardan biri idim.
Bu simpoziumun məqsədi Qərbi Azərbaycan türklərinin öz vətənlərinə qayıtmaq hüququnu təmin etmək idi. 19-cu əsrin ortalarından ermənilər ərazi iddialarına başlayıblar. Rusiyanın rəhbərliyi ilə 1905-ci ildən başlayaraq Qərbi Azərbaycan ərazisi kimi tanınan ərazidə İrandan, Yaxın Şərqdən, Avropanın bəzi ölkələrindən və Osmanlı imperiyası tərkibindəki torpaqlardan gələn ermənilərin sayı artırılmağa başlanılıb. Bəzi Avropa ölkələri, xüsusən də Fransa və İtaliya ermənilərin köç edəcəyi təqdirdə onu maliyyələşdirəcəklərini vəd etsələr də, bu vədlər özünü doğrultmayıb və Qərbi Azərbaycana gözlənilən köçlər baş verməyib.
Nəhayət, bolşevik idarəçiliyindən sonra rusların bu bölgədə dominant olması daha bir qırılma nöqtəsi yaradıb. Bu qırılma nöqtəsi ilə xüsusilə Stalin idarəsi Türkiyə sərhədlərinin şərqində, yaxın bölgələrdə türk əhalisinin olmaması siyasətini inkişaf etdirib. Türksüz Qafqaz, türksüz Balkan siyasətini irəli sürüblər. Bu gün Ermənistan kimi müəyyən edilən ərazidə türklərə qarşı sürgün, qırğın və hər cür işgəncə, təqib və zorlamalar tətbiq ediblər. İndi Ermənistan torpaqlarında bir nəfər də olsun türkün olmadığı məlumdur".
Ekspert Ermənistanın Qərbi azərbaycanlıların öz yurdlarına köçürülmək istəyini ərazi iddiası olaraq qəbul etdiyini deyib:
"Dünən Ermənistan ərazisində qalan Qərbi Azərbaycan torpaqlarına köçmək istəyən Azərbaycan türklərinin insan haqlarının və beynəlxalq hüquq çərçivəsində həyat təminatı ilə hüquqlarının tanınması üçün panel keçirilib. Məlumdur ki, Ermənistan bu tələbi mühacirət tələbi və ərazi tələbi kimi qəbul edir. Lakin unutmaq olmaz ki, türklərə Qərbi Azərbaycana köç etmək hüququ verilərsə, bu, ərazi tələbi olmayacaq. Türklər beynəlxalq hüquq çərçivəsində orada yaşayacaqlar. Gözəl bir simpozium keçirildi, türklərin sürgün edilərkən yaşadıqları zülmlər haqqında izahlı məlumatlar verildi. Çıxış edənlər öz sahələrində qiymətləndirmələr apararaq, ermənilərin türklərə qarşı qanunsuz olaraq həyata keçirdikləri siyasəti tənqid etdilər.
Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra davam edən sərhədlərin müəyyənləşdirilməsi işlərində və sülh danışıqlarında Qərbi Azərbaycana miqrasiya məsələsi atəşkəs müqaviləsinin maddələrində yer almayıb.
Lakin Ermənistan Azərbaycan ilə daimi sülh bağlamaq və Türkiyə ilə normallaşmaq istəyirsə, Türkiyə və Azərbaycandan ərazi tələb edən konstitusiya maddələrini çıxarmalı, düzəlişlər etməlidirlər. ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanın da haqlı tələbi var. Başqa bir məsələ də ondan ibarətdir ki, əgər gələcəkdə Ermənistan Türkiyə və Azərbaycan ilə mehriban qonşuluq münasibətlərinə gedəcəksə, Qərbi Azərbaycan türklərinin oraya köçmək hüququ daimi olaraq təmin edilməli və torpaqları onlara qaytarılmalıdır".
Ekspert simpoziumda vurğulanan məsələlərdən birinin də, Azərbaycan dövlətinin Qərbi Azərbaycan torpaqlarında doğulmuş türklərin həmin bölgələrdəki torpaqlarına Azərbaycan Respublikası adından mülkiyyət sənədi (çıxarış) verilməsi ilə bağlı tələbin irəli sürülməsi olduğunu bildirib:
"Bu, simvolik iş Qərbi Azərbaycan türklərinin hüquqlarına əməl etməyin vacib olduğunu göstərmək üçün çıxış yolu hesab olunur. Konfransda Qərbi Azərbaycan türklərinin hüquqlarının qorunması, təminat altına alınması və qədim türk torpağı olan Qafqaz coğrafiyasında türksüzləşdirilmiş Ermənistan dövləti ilə bağlı məsələlərə diqqət çəkildi. Erməni diasporunun bu məsələlərlə bağlı çox pis niyyətli və mənfi düşüncələrə malik olduğu, İran, Rusiya, Hindistan, Yunanıstan və Fransa kimi dövlətlərin, o cümlədən Amerikanın Ermənistandan istifadə edərək bu bölgədə yerləşməyə çalışdığı, süni dövlət olaraq yaradılan Ermənistandan türklərə qarşı basqın üsulu kimi istifadə etməyə çalışdıqları vurğulandı.
Ümid edirik ki, bunlar lazımi məclislərə və Ermənistan rəhbərliyinə çatdırılacaq. Eləcə də Qərbi Azərbaycan türklərinin torpaq tələblərinin ödənilməsi və geri köçmə tələblərinin qarşılanması istiqamətində atılmış addım kimi qiymətləndiriləcək".
Müsahibimiz sonda Qərbi Azərbaycanda soyqırımın təkcə türklərə qarşı törədilmədiyini, eyni zamanda türk mədəniyyətinə, tarixi əsərlərinə qarşı törədildiyinə söyləyərək, simpoziumda bu məsələlərə də diqqət çəkildiyini qeyd edib.



