Azərbaycan 6 ölkə ilə vizanı ləğv etdi

Parlament beynəlxalq gediş-gəlişə qapıları açdı

Azərbaycan 6 ölkə ilə diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edir. Bu barədə sənədlər Milli Məclisin dünənki plenar iclasında müzakirəyə çıxarılıb. Sözügedən altı ölkə - Anqola, Bəhreyn Krallığı, Cibuti, Dominikan, Qvineya-Bisau və Surinam respublikalarıdır. Eyni zamanda plenar iclasında Azərbaycanla Maldiv arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarılıb. Layihələr səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. 

Deputat Nigar Məmmədova bildirib ki, Azərbaycanın inkişaf modeli Afrika ölkələri üçün maraqlıdır. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu ölkə, etibarlı tərəfdaş kimi Afrika dövlətlərinin də diqqətini cəlb edir: "2000-ci illərə qədər qitə yoxsulluq və müharibələrdən əziyyət çəkən coğrafiya idi. Bu gün isə təbii resurslar potensialına malik olan qitənin dəyəri yenidən qiymətləndirilir. Afrika istehlak mallarının istehsalından tutmuş kənd təsərrüfatına, təbii sərvətlərin çıxarılmasına, infrastrukturun genişləndirilməsinə və sənaye istehsalına qədər bir çox sektorda inkişaf imkanları təklif edir. Son vaxtlar Afrika ölkələrinin rəhbərlərinin ölkəmizə ardıcıl səfərləri bunu təsdiqləyir. Qvineya-Bisau da Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Bu ölkə ilə artıq 33 ildir diplomatik əlaqələr qurulub. Bu ölkənin prezidenti həmçinin ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev ilə görüşüb. Görüş zamanı iqtisadi, neft-qaz, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, tibb və mühəndislik sahələrində kadr hazırlığı kimi məsələlər müzakirə olunub. Azərbaycan Qvineya-Bisau arasında əlaqələri əsasən BMT, Qoşulmama Hərəkatı çərçivəsində davam etdirir. Bu ölkə həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür".

Millət vəkili Rizvan Nəbiyev də bildirib ki, Azərbaycan və Maldiv arasındakı sözügedən beynəlxalq müqavilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin təşviq edilməsi məqsədini daşıyır. Deputatın sözlərinə görə, bunun üçün vətəndaşların qarşılıqlı gediş-gəlişinin sadələşdirilməsi ilə bağlı hüquqi əsas yaradır: "Sazişə əsasən, Azərbaycan Respublikasının və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşı tərəfin dövlətinin ərazisinə viza tələbi olmadan səfər edə bilər və orada 90 gün müddətədək qala bilərlər. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti ən azı 180 gün olmalıdır. 90 gündən daha artıq qalmaq istəyənlər, eləcə də işləmək və ya təhsil almaq istəyənlər əvvəlcədən tələb olunan vizanı əldə etməlidirlər". Deputat qeyd edib ki, tərəflər qeyri-müəyyən müddətə bağladıqları Sazişi üç halda müvəqqəti olaraq, tamamilə və ya qismən dayandıra bilər: "Bu, milli təhlükəsizlik, ictimai asayiş və sağlamlıq məsələləri ilə bağlı zərurət yarandığı hallara aiddir. Vətəndaşlarımızı maraqlandırır ki, nə vaxtdan Maldivə vizasız gedə bilərlər? Bunun üçün tərəflər zəruri dövlətdaxili prosedurlarını tamamlamalı və bu barədə bir-birlərinə diplomatik kanallarla nota təqdim etməlidirlər. Məhz sonuncu diplomatik bildirişin alındığı tarixdən 30 gün sonra saziş tətbiq edilməyə başlayacaq. Sazişin qüvvəyə minmə günü barədə Xarici İşlər Nazirliyinin açıqlamasını gözləmək lazımdır".