- "Türk Dövlətləri Təşkilatında Azərbaycan bizim üçün lokomotiv ölkədir"
Bu gün Türkiyədə “Türk Dünyası Gənclik Görüşü” tədbiri keçirilir. Türk dünyasının gənclərini bir araya gətirən görüşdə ortaq kimliyin, mədəni əlaqələrin və türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri ön plana çıxır.
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycanın Türk dünyasındakı yeri və digər mövzularla bağlı Sherg.az-ın suallarını cavablayıb:
- Azərbaycandan salam olsun.
-Aleykum Salam. Azərbaycan... Xoş gəlmisiniz!
-Sağ olun, təşəkkür edirik. Azərbaycanın türk dövlətləri arasında mövqeyini necə qiymətləndirirsiniz?
-Azərbaycan haqqında danışanda hər zaman bir ifadə işlədirəm: “Can Azərbaycan!” Səbəbi budur ki, türk dünyasında Azərbaycan bizim canımızdır.
Azərbaycanın Qarabağda, Şuşada qazandığı zəfər türk dünyasını birləşdirdi, birliyimizi gücləndirdi. Azərbaycanın qəhrəman xalqı öz torpaqlarını, azadlığını və tarixi mövqeyini yenidən bərpa etdi. Bundan da önəmlisi, türk dünyasının bir-birinə olan sevgisini, qardaşlığını və dostluğunu yenidən gücləndirdi.
Ona görə də Türk Dövlətləri Təşkilatında Azərbaycan bizim üçün lokomotiv ölkədir.
Biz Azərbaycanda bir sıra tədbirlər də həyata keçirmişik. Yaxın zamanda qadın rəssamların və gənc şairlərin toplantılarını təşkil etdik. Azərbaycanda çox fəal çalışırıq. Azərbaycanın istedadlı gəncləri və mədəniyyət nümayəndələri də tədbirlərimizdə fəal iştirak edirlər.
Məsələn, Qazaxıstanın Türkistan şəhərində gənc tələbələrin teatr festivalını keçirdik. Azərbaycan orada da çox yaxşı çıxış etdi və əsas mükafatlarımızdan birini qazandı.
-Bəs, bu günkü tədbirin keçirilməsi, türk dünyasının gənclərinin bir araya gətirilməsi sizin üçün nə ifadə edir?
-Əlbəttə, bu cür forumlar bizim üçün çox vacibdir. Çünki əsas missiyalarımızdan biri türk gənclərini bir araya gətirməkdir.
Əgər türk kimliyindən, türk dünyasından danışırıqsa, bütün səylərimizi gənclərə yönəltməliyik. Fəaliyyətimizdə, siyasətimizdə və mədəniyyətimizdə gəncləri bir-birinə daha da yaxınlaşdırmalıyıq.
Əgər türk dünyasının xalqları bir-birinə yaxın olmasa, birlikdə hərəkət etməsə, vahid türk dünyasından danışmaq çətin olar. Buna görə də gəncləri birləşdirmək üçün real addımlar atmalıyıq.