Azərbaycan güclüdür, təxribata cavab vermək potensialı var - ŞƏRH

  • “Azərbaycan güclüdür, təxribata cavab vermək potensialı var”

Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin çıxışında Azərbaycanın müstəqil xarici siyasət kursu xüsusi diqqət çəkən istiqamətlərdən biri olub. Dövlət başçısının mesajlarından aydın görünür ki, Azərbaycanın xarici siyasətdə əsas hədəfi hər hansı bir qütbdən asılı olmaq deyil, milli maraqları rəhbər tutaraq bütün tərəflərlə qarşılıqlı faydalı münasibətlər qurmaqdır.

Azərbaycanın son illərdəki diplomatik təcrübəsi də göstərir ki, müstəqil xarici siyasət ölkəyə ciddi siyasi dividendlər qazandırır. İlk növbədə, belə siyasət yürüdən dövlətlə beynəlxalq müstəvidə hesablaşırlar, onun mövqeyi dinlənilir, nüfuzu və proseslərə təsir imkanları qəbul edilir. Bu siyasət eyni zamanda Azərbaycana milli maraqlarına uyğun müxtəlif beynəlxalq formatlarda iştirak etmək, mövcud platformalarda fəallığını artırmaq və zərurət yarandıqda yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına təşəbbüs göstərmək imkanı verir. Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri də müxtəlif qlobal güc mərkəzləri ilə paralel və balanslaşdırılmış münasibətlər qurmasıdır. Bakı eyni vaxtda Çin, ABŞ, Rusiya, Ukrayna, Avropa İttifaqı və digər tərəfdaşlarla əlaqələrini inkişaf etdirir. Azərbaycanın Avropa İttifaqının bir sıra ölkələri ilə strateji tərəfdaşlıq münasibətləri qurması, Çin və ABŞ-la strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əlaqələri bu siyasətin miqyasını göstərir. Bütün bunlar göstərir ki, Azərbaycanın müstəqil xarici siyasət kursu ölkənin beynəlxalq münasibətlər sistemində daha geniş manevr imkanları qazanmasına şərait yaradıb. Bakı müxtəlif güc mərkəzləri arasında seçim etmədən, milli maraqlarını əsas götürərək tərəfdaşlıq şəbəkəsini genişləndirir. Bu isə Azərbaycanın həm regional, həm də qlobal proseslərdə öz mövqeyini daha inamlı şəkildə ortaya qoymasına imkan verir. Prezident İlham Əliyevin qurultayda verdiyi mesajlardan biri də məhz budur: müstəqilliyin əsas şərtlərindən biri müstəqil qərar vermək və bu qərarları həyata keçirə biləcək siyasi, iqtisadi və hərbi gücə malik olmaqdır.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Sherg.az-a bildirib ki, ölkə başçısı İlham Əliyevin qurultaydakı çıxışı və verdiyi mühüm açıqlamalar Azərbaycanın həm daxili, həm də daha çox xarici siyasətinin əsas konturlarını özündə ehtiva edirdi. 

O bildirib ki, zaman-zaman Azərbaycanla bağlı bizə yaxın olan ölkələrdən, xalqlardan və ayrı-ayrı nümayəndələrdən arzuolunmaz fikirlər səsləndirilib: “ Ümumiyyətlə, belə bir deyim var: uğurun çoxlu şəriki olur, amma məğlubiyyətə heç kim dost və qardaş olmaq istəmir. Allah qorusun, Azərbaycan Birinci Qarabağ müharibəsində yaşadığı taleyi ikinci dəfə yaşasaydı, heç kim Azərbaycanın yanında olmayacaqdı və bütün bunlar yenə Azərbaycanın öz günahı kimi təqdim ediləcəkdi. Biz bunu hələ 1990-cı illərin əvvəllərində görmüşük. Yəni dünya əslində dəyişməyib. Eyni ölkələr, eyni dövlətlər və müəyyən mənada eyni maraqlar mövcuddur. Birinci Qarabağ müharibəsi zamanı, xüsusilə 1988-ci ilin sonlarından 1990-cı illərin əvvəllərinə qədər Azərbaycan müxtəlif faciələrlə üzləşəndə onun yanında olmayan dövlətlər və siyasi dairələr bu gün, 35 ildən sonra Cənubi Qafqazda geosiyasi mənzərə dəyişdikdən sonra Azərbaycanın uğuruna şərik olmaq istəyirlər.

Təbii ki, Azərbaycan bu müharibəyə bir günün içində hazırlaşmadı. Bu proses uzun illər ərzində aparılan dövlət siyasətinin nəticəsi idi. 1994-cü ilin mayında ulu öndər Heydər Əliyev atəşkəsə razılıq verəndə, əslində, qarşıdakı uzunmüddətli mərhələnin əsaslarını formalaşdırırdı. Daha sonra bu siyasətin davam etdirilməsi üçün Prezident İlham Əliyev həmin kursu uğurla davam etdirdi.

Azərbaycan addım-addım ilk növbədə iqtisadiyyatını, daha sonra ordusunu, xarici siyasət imkanlarını və dünya iqtisadiyyatındakı rolunu gücləndirməyə çalışdı. Nəhayət, 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu 35 il ərzində Azərbaycan beynəlxalq arenada, diplomatiyada və xarici siyasətdə dəfələrlə beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara əsaslanaraq münaqişənin sülh yolu ilə həllinə çalışıb:

“Ölkə başçısı cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dünyada beynəlxalq hüququn və ədalət prinsipinin effektivliyi ilə bağlı ciddi problemlər mövcuddur. Güc amilinin beynəlxalq münasibətlərdə rolunun artması dövlətləri öz təhlükəsizliklərini daha ciddi şəkildə təmin etməyə məcbur edir. Azərbaycan gücləndikcə regiondakı dövlətlərin onun hərbi və siyasi imkanlarını nəzərə almaq məcburiyyəti artır. Burada mesaj yalnız Ermənistana verilmir. Eyni zamanda, adlarını çəkmək istəmədiyim digər qonşu ölkələrə də mesaj ünvanlanır: Azərbaycan güclüdür, öz sərhədlərini və milli maraqlarını qorumaq imkanına malikdir və hər hansı yeni ərazi iddiasına və ya təxribata qarşı cavab vermək potensialı var. Qısacası, “dəmir yumruq” yerindədir””.

Azərbaycanın ötən əsrin 70 ilini Sovet İttifaqının tərkibində keçirdiyini xatırladan Ə. Şahidov qeyd edib ki, milli kimliyin, milli maraqların və digər dəyərlərin qorunması ilə bağlı ciddi tarixi təcrübələr yaşanıb:

“1991-ci ildə müstəqillik əldə etdikdən sonra isə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün böyük siyasi, iqtisadi və hərbi bədəl ödənilib. Ona görə də bu gün hər hansı dövlətin Azərbaycana hansısa şərtləri diktə etməsi Azərbaycan tərəfindən qəbul edilə bilən yanaşma deyil. Burada Prezident İlham Əliyevin vurğuladığı balanslı xarici siyasət məsələsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, o cümlədən Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları ilə münasibətlərində qarşılıqlı maraqlara və strateji tərəfdaşlığa əsaslanan balanslı siyasət yürütməyə çalışır: “Müasir beynəlxalq münasibətlər sistemində böyük güclər arasında rəqabət getdikcə dərinləşir. Belə bir şəraitdə dövlətlərin bir çoxu müəyyən güc mərkəzinə daha yaxın mövqe tutmağa üstünlük verir. Azərbaycanın isə müxtəlif güc mərkəzləri ilə paralel şəkildə münasibətlər qurmağa və bu münasibətlərdə balansı qorumağa çalışması özünəməxsus xarici siyasət modelini ortaya qoyur. Mən xatırlayıram, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Çinə səfəri zamanı ən yüksək səviyyədə qarşılanması böyük diqqət çəkmişdi. Həmin vaxt müxtəlif şərhlər səslənirdi ki, Azərbaycanın xarici siyasətində artıq Asiya istiqaməti daha da ön plana çıxacaq. Lakin bundan qısa müddət sonra Prezident İlham Əliyevin Vaşinqtona səfəri, avqustun 8-də imzalanan sənədlər və Azərbaycanla ABŞ arasında münasibətlərin yeni mərhələyə keçməsi göstərdi ki, Bakı xarici siyasətdə yalnız bir istiqamətə bağlanmaq niyyətində deyil. Bunu Azərbaycanın müxtəlif beynəlxalq platformalarda artan diplomatik fəallığında da görmək mümkündür. Məsələn, G20 kimi dünyanın aparıcı iqtisadiyyatlarını bir araya gətirən platformalarda Azərbaycanın yüksək səviyyədə təmsil olunması ölkənin beynəlxalq nüfuzunun və diplomatik çəkisinin artması baxımından diqqət çəkən məqamdır. Burada əsas məsələ Azərbaycanın G20 üzvü olub-olmamasından daha çox, belə platformalarda Azərbaycanla əməkdaşlığa göstərilən marağın özüdür. Təsəvvür edin: bir tərəfdən Çinlə strateji münasibətlər inkişaf edir, digər tərəfdən ABŞ-la əlaqələr yeni mərhələyə yüksəlir. Buna baxmayaraq, Azərbaycan digər tərəfdaşları ilə münasibətlərini də davam etdirir.

Bu, Azərbaycanın qarşısına mühüm imkan qoyur: gələcəkdə dünya siyasətində, xüsusilə böyük güc mərkəzləri arasında münasibətlərdə dəyişiklik baş verərsə, Azərbaycan öz təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün müxtəlif siyasi və iqtisadi tərəfdaşlarla əlaqələrə malik olsun.

Beş ildən, on ildən sonra beynəlxalq sistemdə hansı dəyişikliklərin baş verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ona görə də bu gün müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlərin qurulması Azərbaycanın uzunmüddətli təhlükəsizlik siyasəti baxımından əhəmiyyətli amildir.

Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri də müstəqil qərarvermə prinsipidir. Ölkə öz dostlarını, tərəfdaşlarını, qonşularını və müttəfiqlərini öz milli maraqlarından çıxış edərək müəyyənləşdirir.

Yəni Azərbaycanın mövqeyi kifayət qədər aydındır: dostluq və tərəfdaşlıq qarşılıqlı hörmətə, bərabərhüquqlu münasibətlərə və bir-birinin suverenliyinə hörmət prinsipinə əsaslanmalıdır. Azərbaycanın hər hansı tərəfdaşla münasibət qurması onun digər tərəfdaşından imtina etməsi anlamına gəlmir.

Məhz bu yanaşma Azərbaycanın çoxvektorlu və balanslı xarici siyasətinin əsas elementlərindən biri kimi ortaya çıxır”.