Azərbaycan itkin düşmüş azərbaycanlılarla bağlı mövqeyində israrlıdır


Ermənistan əsir götürülmüş və itkin düşmüş sayılan Azərbaycan vətəndaşlarına qarşı cinayət əməlləri törədən şəxslərin məsuliyyətə cəlb olunmalarına görə birbaşa məsuliyyət daşıyır

  Azərbaycan dünyada itkin düşmüşlərlə bağlı ən ağrılı problemlərlə üzləşən ölkələrdəndir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər də xəbər yoxdur. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilmiş ərazilərdə qalıb. 

Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər. Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib. Onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb. I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 54 nəfəri Ermənistan tərəfində saxlanıldıqları vaxt sağ ikən onlarla müxtəlif vaxtlarda BQXK-nin nümayəndələri görüş keçirib. Sonradan onlardan 17-sinin meyiti təhvil verilib. 33-nün ölümü barədə məlumat verilsə də, onların meyitləri qaytarılmayıb. 4-ü barədə isə ümumiyyətlə heç bir məlumat almaq mümkün olmayıb. I Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı erməni əsir-girovluğundan azad edilib. 

  Ötən müddət ərzində 3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə toplanıb. 2021-ci ilin noyabr ayından etibarən toplanmış bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə başlanıb. Bu məqsədlə hazırkı vaxta qədər 1024 bioloji nümunənin hər biri üzrə profillər çıxarılıb. 

Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə real maneə şübhəsiz ki, Ermənistan tərəfidir. Belə ki, rəsmi İrəvan itkin düşmüş azərbaycanlılar haqda məlumatları təqdim etmədiyi kimi, onların nəşinin harada olduğunu da demir. İşğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olması da rəsmi Bakının axtarış işlərini gec aparmasına səbəb olur. Rəsmi İrəvan hər nə qədər itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı onlarda məlumatların olmadığını desə də, aydındır ki, məlumatlar məqsədli şəklildə gizlədilir. Məsələ ondadır ki, ermənilər Birinci Qarabağ müharibəsi zamanı əsir götürdükləri azərbaycanlıları məcburi şəkildə işlədib. Cinsi istismara məruz qoyub, insan alverinə cəlb edib, orqanlarını qeyri-qanuni satıb. Bütün bunların hamısı isə insan haqları və beynəlxalq hüquqa ziddir. Ermənistan tərəfi bu gün bu faktların ortaya çıxmasını istəmir və buna görə də həmin şəxslərlə bağlı məlumatları gizlədir. Lakin bütün hallarda həqiqət gec-tez üzə çıxır və biz bu gün də bunun şahidi oluruq. Xocalının Fərrux, Xocavəndin Edilli, Kəlbəcərin Başlıbel kəndində kütləvi məzarlıqlar aşkarlanıb. Kütləvi məzarlıqlar erməni vəhşiliyinin əyani sübutudur.

  Siyasi şərhçi Elçin Mirzəbəyli vurğulayıb ki, azərbaycanlı əsirlərin başlarının kəsilərək qətlə yetirilmələrini, üzərlərində qanunsuz tibbi eksperimentlərin aparıldığını, orqanlarının satıldığını təsdiqləyən çoxsaylı faktlar erməni ultramillətçiliyinin faşizm qədər dəhşətli və amansız olduğunu təsdiqləyir. Ekspertin fikrincə, Ermənistan əsir götürülmüş azərbaycanlılara qarşı həyata keçirilən insanlıq əleyhinə cinayətlərə, eləcə də itkin düşmüş şəxslər haqqında məlumatları gizli saxladığına görə birbaşa məsuliyyət daşıyır:

 “Bütün İnsanların Məcburi İtkin Düşmədən Qorunması Haqqında konvensiyanın birinci maddəsinin 2-ci bəndində qeyd olunur ki, hər hansı istisna hal, istər müharibə vəziyyəti, istər müharibə təhlükəsi, istər daxili siyasi qeyri-sabitlik, istərsə də istənilən fövqəladə vəziyyət məcburi itkin düşməyə haqq qazandıra bilməz. Sözügedən Konvensiyanın 6-cı maddəsində qeyd olunur ki, üzv dövlətlər məcburi itkindüşmə faktını icra edənləri və təhrikçiləri, buna əmr verənləri cinayət məsuliyyətinə cəlb etmək üçün müvafiq tədbirlər həyata keçirməlidirlər. Bu o deməkdir ki, Ermənistan əsir götürülmüş və itkin düşmüş sayılan Azərbaycan vətəndaşlarına qarşı cinayət əməlləri törədən şəxslərin məsuliyyətə cəlb olunmalarına görə birbaşa məsuliyyət daşıyır. Sözügedən konvensiyanı imzalamaqla, həmçinin ratifikasiya etməklə üzərinə beynəlxalq hüquqi öhdəliklər götürüb. Konvensiyanın 9-cu maddəsinə əsasən, üzv dövlət məcburi itkin düşmə ilə bağlı cinayət əməlinə yol verən şəxsi, yaxud şəxsləri ərazisində hüquq pozuntusunun baş verdiyi dövlətin yurisdiksiyasına verməli və ya yurisdiksiyasını tanıdığı beynəlxalq məhkəmə qarşısına çıxarılmalarını təmin etməlidir. Ermənistanın Azərbaycana və ölkəmizin vətəndaşlarına qarşı həyata keçirdiyi cinayətlər müharibə cinayətlərinin bütün təsnifatını əhatə edir. Ona görə də Cenevrə və Haaqa konvensiyalarının müddəalarının, eləcə də sözügedən cinayətlərin siyahısının təqdim edilməsinə lüzum görmürəm. Problem ondadır ki, keçmiş Yuqoslaviya ilə bağlı Beynəlxalq Tribunalın fəaliyyətini başa çatdırmasından cəmi 5 il keçməsinə baxmayaraq, beynəlxalq birlik itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi məsələsində belə Ermənistana təzyiq göstərmək istəmir. Amma hər bir Azərbaycan vətəndaşının taleyi dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti Ermənistanla münasibətlərin tənzimlənməsi müstəvisində aparılan bütün danışıqlarda itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı məsələni sülh prosesinin əsas istiqamətlərindən biri kimi təqdim edir. Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərdə itkin düşmüş həmvətənlərimizlə bağlı məsələnin daim gündəmdə saxlanılması da ölkəmizin bu məsələdə nümayiş etdirdiyi israrlı, güzəştsiz mövqenin bariz nümunəsidir”.