Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH

Quru sərhədləri bağlı olması, qiymət amili, xidmət səviyyəsi, əlçatanlıq və digər faktorlar turizm sektorunun inkişafına mane olur 

Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, Gürcüstan 2026-cı ilin birinci rübündə turizm gəlirləri üzrə rekord qıraraq onları 829,8 milyon dollara çatdırıb. 2026-cı ilin yanvar-mart ayları ərzində ölkənin turizm gəlirləri ötən ilin eyni üç ayı ilə müqayisədə 0,5% çox olub. Avropa Birliyi və Böyük Britaniyadan olan turistlər Gürcüstana 140,7 milyon dollar xərcləyiblər ki, bu da 36,4% artım deməkdir. Rusiyalı turistlər ikinci yeri tutaraq 124 milyon dollar xərcləyiblər ki, bu da ötən illə müqayisədə 12% azdır. Digər tərəfdən, türkiyəli səyahətçilərin xərcləri üç ay ərzində 12% artaraq 120 milyon dollara çatıb.

İsrail və Azərbaycandan olan turistlər də Gürcüstanda ən çox xərcləyən beş ölkə arasında yer alıblar. Turist səfərlərinin sayına görə də rekord qeydə alınıb, Gürcüstan ilk üç ayda 1 milyon ziyarətçi qəbul edib ki, bu da ötən illə müqayisədə 4% artım deməkdir.

Gürcüstanın turizm sahəsində əldə etdiyi nailiyyətlər fonunda Azərbaycanda turizmin inkişaf tempi ilə bağlı suallar daha da aktuallaşıb. Ölkəmiz zəngin təbii resurslara, müxtəlif iqlim qurşaqlarına, tarixi-mədəni irsə və coğrafi baxımdan əlverişli mövqeyə malikdir. Buna baxmayaraq, turizm gəlirləri və xarici turist axını çox aşağıdır. 

Turistlərin sayını niyə artıra bilmirik? Bu sualı şərh edən iqtisadçı Eldəniz Əmirov Sherg.az-a açıqlamasında bunun bir neçə səbəbinin olduğunu bildirib. Onun sözlərinə görə, əsas səbəblərdən biri sərhədlərin bağlı olması olsa da, bu, yeganə səbəb deyil.

“Bu ilin birinci rübü yenə də ölkəmizə gələn turisrtlərin sayında 5%-dək azalma var. Bu məsələdə sözsüz ki ölkəyə giriş imkanlarının genişliyi önəmlidir. Quru sərhədlərin bağlı qalması regiona gələn turist axınına təsir edir və nəticədə hava nəqliyyatından asılılıq artır. Bu isə turizmi kütləvi deyil, daha çox məhdud və bahalı seqmentə yönəldir. Sözsüz ki, quru sərhədlərin bağlı qalması məlum daha starteji faktorlarla bağlıdır. Lakin bu amilin turizm sektoruna təsiri danılmazdır.

Məsələ orasındadır ki, “quru sərhədləri açsaq və turizm inkişaf edəcək”, deyə bir düşüncə də yanlışdır. Çünki, sərhədlər açılsa belə, digər problemlər həll olunmadan turizmin inkişafı tam təmin edilə bilməz.

Belə ciddi problemlərdən biri də Azərbaycanda qiymət və xidmət arasında balansın pozulmasıdır. Otellərdə və digər turizm obyektlərində təqdim olunan xidmətin səviyyəsi ilə qiymət arasında adekvatlıq təmin olunmur. Nəticədə turist seçim qarşısında qaldıqda Bakı ilə Tbilisi, İstanbul və ya Dubay arasında müqayisə aparır və eyni qiymətə daha yüksək xidmət təklif edən digər istiqamətləri seçir. 

Digər mühüm məsələ turizm paketləri ilə bağlıdır. Məsələn, 5 günlük və ya 1 həftəlik beynəlxalq standartlara uyğun tur paketləri rəqib ölkələrlə müqayisədə Azərbaycanda ya zəif inkişaf edib, ya da demək olar ki, mövcud deyil”.

İqtisadçı qeyd edib ki, əyləncə turizmi, tematik turizm, kənd turizmi kimi sahələr də yetərincə inkişaf etməyib: “Buna görə də turist üçün ölkə daxilində “hazır və dolu proqram” formalaşmır. Turist gələndə nəyi harada və hansı ardıcıllıqla edəcəyini özü planlaşdırmalı olur. Bu isə seçim qərarına birbaşa təsir edir, çünki rəqib ölkələrdə bu təcrübə artıq paket halında təqdim olunur.

Regionlar da bu baxımdan ümumi sistemə tam qoşula bilmir. İnfrastruktur müəyyən qədər qurulsa da, turist üçün cəlbedici və davamlı fəaliyyət mühiti formalaşmayıb. Nəticədə ölkədaxili hərəkət zəifləyir və turizm daha çox bir şəhər çərçivəsində qalır.

Bu səbəbdən turistlər ya ölkədə qısa müddət (1-2 gün) qalır, ya da ümumiyyətlə başqa ölkələri seçirlər.

Digər bir vacib məqam isə Azərbaycanın turizm brendinin olmamasıdır. Yəni ölkəmizi digər turizm ölkələrindən fərqləndirən aydın və güclü bir imic formalaşmayıb. Məsələn, Gürcüstan turizmi ucuzluğu ilə, Türkiyə yüksək xidmət səviyyəsi ilə, Dubay isə lüks turizm imkanları ilə seçilir. Azərbaycanda isə bu cür fərqləndirici xüsusiyyət hələ də tam formalaşmayıb. 

Əlqərəz, qiymət amili, xidmət səviyyəsi, əlçatanlıq, turizm təcrübəsinin zəifliyi, özünə məxsusluğun (brending) olmaması və digər faktorlar bir-biri ilə bağlı şəkildə turizm sektorunun inkişafına mane olur. 

Yeri gəlmişkən, əminliklə qeyd etmək olar ki, həllini gözləyən bu məsələlər arasında ən qısa zamanda və asanlıqla həll edilə bilən məsələ elə quru sərhədlərin açılmasıdır. Tutaq ki, zamanı gəldi, məqam yetişdi və sərhədlərin açılması qərarı verildi. Bəs o zaman digər qeyd edilən çatışmazlıqlar dərhal həll edilə biləcəkmi? Çətin. Çünki, onların həllinə daha çox zaman lazımdır. 

Odur ki, qeyd edilən istiqamətlərdə ciddi irəliləyişlər olmadan, quru sərhədlər bu gün açılsa belə yenə də turizm sahəsində ciddi və davamlı inkişafa nail olmaq çətin olar”.