Azərbaycanla Avropa İttifaqının gündəliyi olduqca genişdir

Prezident İlham Əliyev: “Enerji təhlükəsizliyi bu gün hər zamankından daha önəmlidir”


  “Azərbaycanın irəli sürdüyü və Aİ-nin dəstəklədiyi layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişib”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə açıqlamasında deyib. 

Dövlət başçısı qeyd edib ki, enerji sahəsində bizim fəal əməkdaşlığımızın 15 ildən çox tarixi var: “Bugünkü memorandum bizim aramızda imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyanat imzalamışıq. Beləliklə, bizim yaxşı tariximiz və yaxşı nailiyyətlərimiz var. Azərbaycanın irəli sürdüyü və Aİ tərəfindən dəstəklənən, bizim tərəfdaşlarımız tərəfindən dəstəklənən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib”.

"Biz artıq bu əməkdaşlığın müsbət faydalarını görürük"

  Prezident bildirib ki, enerji təhlükəsizliyi bu gün hər zamankından daha önəmlidir: 

“Biz artıq bu əməkdaşlığın müsbət faydalarını görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir. Aİ və Azərbaycan arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və çox etibarlı əməkdaşlıq təbii ki, böyük bir aktivdir. Bu il biz Aİ və Azərbaycan arasında neft və qaz, alternativ enerji, su enerjisi səmərəliliyi və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq”.

“Bizim həqiqətən də nəhəng resurs bazamız var”

  Ölkə rəhbəri bəyan edib ki, Azərbaycanda alternativ enerji istehsalının böyük potensialı artıq Avropa İttifaqı tərəfindən də təqdir edilir: “Biz artıq öz potensialımıza dair ilkin qiymətləndirmə aparmışıq və mən deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində günəş və külək enerjisi stansiyalarının potensialı 9200 meqavatdır. Xəzər dənizinin külək enerjisi potensialı 157 geqavatdır. Beləliklə, bizim həqiqətən də nəhəng resurs bazamız var”.

“Aİ Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır”

  Dövlət başçısı deyib ki, Azərbaycan və Aİ arasında imzalanacaq yeni razılaşma üzərində iş qarşıdakı aylarda tamamlana bilər: “Əlbəttə, bizim gündəliyimiz olduqca genişdir. Biz Aİ və Azərbaycan arasında yeni razılaşma üzərində işləyirik. Biz bunu xanım Prezidentlə müzakirə etdik və ümidvaram ki, qarşıdakı aylarda bunu tamamlaya bilərik. Əlbəttə, bu, bizim ikitərəfli əməkdaşlığımıza vacib töhfə olardı”. Prezident vurğulayıb ki, Aİ Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır: “Planlarımızın həyata keçirilməsi əlbəttə ki, ümumi dövriyyəni xalqlarımızın xeyrinə artıracaq. Aİ ilə Azərbaycan arasında əlaqələrin əminəm ki, böyük gələcəyi olacaq və biz bütün planlaşdırdıqlarımıza nail olacağıq”.

“Ümid edirəm ki, Azərbaycanla yeni saziş üzərində işi tezliklə tamamlayacağıq”

  Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib ki, Azərbaycanla yeni saziş üzərində işi tezliklə tamamlayacağıq:

 “Enerji sahəsində əməkdaşlıqdan əlavə biz Prezident İlham Əliyevlə Aİ və Azərbaycan arasında genişmiqyaslı əməkdaşlığı müzakirə etdik. Sabah Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası baş tutacaq və burada ikitərəfli münasibətlərin inkişafı müzakirə olunacaq. Biz hazırda yeni ikitərəfli saziş üzərində işləyirik və ümid edirəm ki, biz onu tezliklə tamamlayacağıq. Məqsəd odur ki, bizim mövcud olan güclü əməkdaşlığımızı daha da möhkəmləndirək. Azərbaycanın ən böyük ticarət tərəfdaşı Avropa İttifaqıdır. Həmçinin Aİ Azərbaycana ən çox investisiya qoyan aktordur və biz bunu genişləndirmək istəyirik”. Ursula von der Leyen qeyd edib ki, İqtisadiyyat və İnvestisiya Planı çərçivəsində 2 milyard avro Azərbaycana cəlb olunur: “25 min azərbaycanlı kiçik və orta sahibkara dəstək, Bakı Limanının dayanıqlı haba çevrilməsi istiqamətində işlər görülür ki, bu, bizim üçün vacibdir. Çünki bu, əlaqələnmə ilə bağlıdır. Biz həmçinin xalqlarımızı bir-birinə necə yaxınlaşdırmağı müzakirə etdik. Aİ Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq üçün Azərbaycanla işləmək istəyir. Ona görə də biz Trans-Xəzər əlaqələnməsi ilə bağlı müzakirələri yaxından izləyirik və maraqlanırıq.

“Azərbaycan bizim üçün çox vacib enerji tərəfdaşıdır və həmişə etibarlı olub”

  Von der Leyen deyib ki, Azərbaycan bizim üçün çox vacib enerji tərəfdaşıdır və həmişə etibarlı olub. O bildirib ki, Rusiyanın Ukraynaya qarşı başladığı işğal müharibəsindən əvvəl belə Rusiya etibarlı enerji tərəfdaşı deyildi: “Buna görə də Aİ Rusiyadan əlavə enerji mənbələrinin diversifikasiyasına yönəldi, daha etibarlı və güvənilir tərəfdaşlarla işləməyə başladı. Azərbaycanın bizim güvəndiyimiz tərəfdaşlar arasında olmasına şadam. Siz bizim üçün çox vacib enerji tərəfdaşısınız və həmişə etibarlı olmusunuz”.