Paytaxtda müşahidə olunan intensiv yağıntılar şəhər infrastrukturunun dayanıqlılığı məsələsini yenidən gündəmə gətirib. Xüsusilə nəqliyyat sisteminin mühüm hissəsi olan metropolitenin bu cür hava şəraitində fəaliyyəti ictimaiyyətin diqqət mərkəzindədir. Məsələ ilə bağlı yayılan məlumatlar və narahatlıqlar fonunda qurumun rəsmi mövqeyi maraq doğurur.
Bakı Metropoliteinin İctimaiyyətlə əlaqələr şöbəsi/ Kommunikasiya departamenti Sherg.az-ın sorğusunu cavablandırıb:
"Sorğunuza cavab olaraq bildiririk ki, Bakıda yağan intensiv yağışlar nəticəsində Bakı metropolitenində su basması halları qeydə alınmayıb və infrastruktura ziyan dəyməyib. Nəzərinizə çatdırırıq ki, Bakı metropolitenində infrastruktura uyğun ilkin tədbirlər həyata keçirilib.
Yağıntının miqdarının çox olmasına baxmayaraq, işlək vəziyyətdə olan müvafiq avadanlıq və qurğular vasitəsilə neqativ təsirlərin qarşısı dərhal alınıb, həmçinin müntəzəm nəzarət mexanizmləri tətbiq edilib".