- İqtisadçı çağırış edir ki, Balakən marşrutu dayandırılır, Tbilisi xətti qazana bilər
Bakı-Tbilisi-Bakı sərnişin qatarına biletlərin qiyməti ucuzlaşa bilər. İqtisadçı Natiq Cəfərli bildirib ki, bu marşrut üzrə əgər qatarların sayı artırılarsa bilet qiymətləri də ucuzlaşar, Gürcüstana səfər etmək istəyən, lakin biletlərin qısa zamanda satılıb qurtarması səbəbindən səfərini gerçəkdirməkdə çətinlik çəkənlər də məmnun qalar. Hazırda yay mövsümü olduğunu, müxtəlif istiqamətlərə qatarların hərəkət etdiyi nəzərə alınarsa, bu, mümkündürmü?
İqtisadçı “Sherg.az” açıqlamasında bildirdi ki, Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin qatarlarının sayını artırmaq üçün yaxşı fürsət yaranır:
- Avqust ayının 1-dən Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq. Səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti, sel, daşqınıar nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir. Bildiyim qədər bu istiqamətdə sərnişin vaqonları yaxşı vəziyyətdədir, əgər marşrut dayanırsa, həmin vaqonları Bakı-Tbilisi-Bakı istiqamətində istifadə etmək, hətta, yay mövsümündə bu istiqamətdə gündə iki dəfə qatar reysləri təşkil etmək olar. Bununla biletlər də ucuzlaşar, az da olsa insanları qane etmək olar. İndi qiymət bahadır, bilet tapılmır, normal bilet satışını da hələ ki, təşkil edə bilmirlər. Tbilisidən Bakıya qatar bileti almaq müşkülə çevrilib. Məncə, yaranmış situasiyadan faydalanmaq olar.