- Hicabın tədrisin keyfiyyətinə, şagirdin yaxşı, pis oxumasına heç bir aidiyyatı yoxdur
"Orta məktəblərdə hicab məsələsi çox şişirdilir... dolanışıq, təhsil, səhiyyə, sosial ədalət və s. sahələrdə ciddi nöqsanların olduğu ölkədə bu məsələni az qala 1 nömrəli problem kimi qabartmağa çalışırlar".
Sherg.az xəbər verir ki, bu sözləri professor, tanınmış jurnalist Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, hicab məsələsində bir-biri ilə uyğun gəlməyən nöqtələr var:
"Məsələn, bir tərəfdən necə geyinmək hər kəsin haqqı, öz işidir, burada İslam dininə və dini inanca gərəkli istinadlar da var, amma digər tərəfdən bərabərlik preambulası, dövlətin dünyəviliyi, sosial demokratizm, bunun üçün də uniforma tələbi var. Hicabın tədrisin keyfiyyətinə, şagirdin yaxşı və ya pis oxumasına heç bir aidiyyatı yoxdur, amma belə anlaşılır ki, hicab qadağasında məsələyə bir az geniş nəzərlərlə baxılır.
İstənilən məsələyə hər kəsin öz baxışı, seçim və inancı ola bilər. Məsələn, mən 5-6 yaşında balaca qız uşaqlarını başdan-ayağa qara örtüyə bürüyənləri anlaya bilmirəm. Bəli, bu fikir doğrudur ki, geyim həm də düşüncə tərzidir, amma geyim heç vaxt mənəviyyat, abır-həya və əxlaq göstəricisi ola bilməz. Bu mənəvi keyfiyyətlərə sahib olmaq üçün tamam başqa şərtlər, o cümlədən böyük fəzilətlər aşılayan müqəddəs İslam dinindən gələn həqiqi dəyərlərə yiyələnmək lazımdır.
Təbii ki, bunlar mənim subyektiv fikirlərimdir, məsələ xeyli həssas olduğundan başqa yanaşmalara da təbii baxıram…"