Bütün dünya Ukrayna savaşından yoruldu

Ona görə də sülh axtarışına çıxıblar

"Əgər ABŞ və Böyük Britaniya Ukraynaya dəstəyi kəssə, Zelenski biabırçı şərtlərlə sülhə getməyə məcbur qalacaq"

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Qərbi ittiham edib. O, iddia edib ki, Qərb ölkələri Ukraynanı Rusiya üçün əlverişli şərtlərlə sülh bağlamağa sövq edib. Zelenski bildirib ki, Kiyev müzakirələrə dəvət olunmadığı üçün bu barədə tam məlumatlı deyil: “Hər kəs həqiqətən də bizi hansısa nəticəyə gəlmək üçün mümkün qədər nəyəsə sövq etmək istəyir. 

Bu, bizim üçün heç də arzuolunan deyil, çünki bizdən hələ heç bir şey soruşulmayıb. Lakin öz maraqları olan müəyyən tərəflər üçün faydalıdır”. Onun sözlərinə görə, bəzi partiyalar maddi, digərləri isə siyasi qazanc axtarır. Zelenski qeyd edib ki, dünya Ukraynadakı müharibədən bezib, ona görə də insanlar müəyyən nəticə istəyirlər: “Bizə nəticə lazımdır. Ancaq mən bu müharibənin bizim üçün müsbət həlli istiqamətində heç bir razılaşma əldə etməmişəm”. 

Zelenskinin Qərbi ittihamını “Şərq”ə dəyərləndirən politoloq Turab Rzayev bildirib ki, Qərb ölkələri arasında fikir ayrılığı var. Ekspert vurğulayıb ki, Avropa dövlətləri – konkret Almaniya və Fransa müharibə istəmir:

 “Rəsmi Berlin bunu dəfələrlə açıq bəyan edib. Hətta bu mövqeyə görə, Ukrayna rəhbərliyi Almaniya prezidentini ölkəyə buraxmamaq qərarı almışdı. Eyniylə Fransa Prezidenti E.Makron bir neçə bəyan edib ki, Rusiyanın siması qorunmalıdır. Yəni bu, o deməkdir ki, Rusiya bu müharibədən tam məğlub və biabırçı tərəf kimi çıxmamalıdır. Bu məsələdə Ukraynanı anqlosakson blok adlanan – Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və s. ölkələr dəstəkləyir. Ancaq bu dövlətlər də Kiyevə daha böyük miqyasda dəstək göstərmirlər. Düzdür, hərbi cəhətdən, silah-sursat baxımından Ukraynaya yardım edildi. Həmçinin, silahlı muzdlular da göndərildi. Amma bunlar Rusiyanı dayandırmağa kifayət etmədi. Rusiya Luqansk vilayətinin mərkəzini ələ keçirdi, həm Qara dəniz bölgəsində xeyli ərazini nəzarətinə aldı. Ukraynanın 20 faizi işğal altındadır. Nəinki, Qərb, artıq bütün dünya bu savaşdan yorulub. Ona görə də sülh axtarışına çıxıblar. ABŞ və Böyük Britaniyanın mövqeyi daha maraqlıdır. Əgər bu iki ölkə Ukraynaya dəstəyi kəssə, Zelenski biabırçı şərtlərlə sülhə getməyə məcbur qalacaq. Bir müddət öncə Ukrayna daha uyğun şərtləri Türkiyə vasitəsi ilə almışdı. Lakin Londondan aldığı dəstəklə Kiyev bundan imtina etdi və müharibəni davam etdirmək qərarına gəldi”. 

T.Rzayevin sözlərinə görə, zaman Qərbdə fikir ayrılıqlarının, tərəddüdlərin baş qaldırdığını göstərir: 

“ABŞ dövlət xadimi Henri Kissincerin çıxışı və toxunduğu məqamları yada salaq. O deyirdi ki, Ukrayna müəyyən güzəştlərə getməli və Putinlə sülh bağlamalıdır. Həmçinin, Kissincer vurğulayırdı ki, Rusiya 400 ildir Avropanın təhlükəsizliyində mühüm rol oynayıb. 

Görünür, Qərbdə xeyli dairələr hələ Rusiyanın Avropanın təhlükəsizliyində xüsusi rolunun olmasını istəyirlər. Qısa müddət ərzində Ukraynaya ciddi dəstək görməyəcəyimizi düşünürəm. 

Zaman keçdikcə Avropa ölkələri Rusiya ilə separat danışıqlara gedəcəklər”.