"Sərəncamdan irəli gələn işlər mümkün qədər tez həyata keçirilməli və bu xaos, anarxiya birdəfəlik aradan qaldırılmalıdır"
Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bu qərar uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin qorunmasını hədəfləyir.
Qeyd edək ki, Sərəncam məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində təhsil alan uşaqlara şamil olunub.
Media eksperti Azər Həsrət Sherg.az-a Prezidentin imzaladığı sərəncamla bağlı fikirlərini bölüşüb:
"Ciddi problemlə üz-üzəyik, dövlət də bunun fərqindədir. Ona görə də cənab Prezident bu sərəncamı imzaladı. Faktiki olaraq, yetişməkdə olan nəsil gözünü açandan yeni texnologiyalarla tanış olur. Yeni texnologiyalar yaxşıdır, mütərəqqidir, lakin onların zərərli tərəfləri də az deyil. Buna görə də uşaqların zərərli məzmundan qorunması həm dövlətin, həm də vətəndaşların məsuliyyət sahəsinə daxildir. Xüsusilə də ailə daxilində uşaqların bu cür zərərli məzmundan qorunmasına ciddi nəzarət edilməlidir".
Ekspertin fikrincə dövlət yeni texnologiyaların istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlər də tətbiq etməlidir:
"Məhdudiyyətlər çərçivəsində uşaqlar üçün zərərli məzmun əlçatan olmamalıdır. Yəni, “uşaq interneti”, “məktəb interneti”, ümumiyyətlə, uşaqların istifadə edə biləcəyi texnoloji vasitələrin çərçivəsi müəyyənləşdirilməlidir. Eyni zamanda, uşaqların valideynləri, ata-anaları və ya himayədarları ilə geniş maarifləndirici söhbətlər aparılmalıdır. Bu söhbətlər çərçivəsində hər kəsə uşaqları sosial şəbəkələrin zərərlərindən necə qoruya biləcəkləri izah edilməlidir.
Müsahibimiz bildirib ki, bu, yerinə düşən və vaxtında verilmiş bir sərəncamdır:
"Növbəti addımlar qalmaqdadır. Sərəncamda hansı qurumların hansı işləri görməli olduğu da göstərilib. Həmin işlərin mümkün qədər tez həyata keçirilməsi və bu xaosun, anarxiyanın birdəfəlik aradan qaldırılması vacibdir".