Ancaq Qərbin Ukraynaya baxışı Türkiyədən fərqlidir
Avropa İttifaqı türk toplumunu Avropa ailəsinin parçası kimi görmək istəmir
"Avropanın siyasi elitası bu qorxulardan xilas ola bilmir. Hələ də Türkiyəyə Qərbi dizə gətirmiş “Osmanlı dövləti” kimi yanaşırlar"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün etdiyi müraciətdən və ölkə başçısı V.Zelenskinin çıxışından danışıb. Türkiyə lideri Aİ-yə üzvlüyün Ukraynanın haqqı olduğunu söyləməklə yanaşı, Qərb strukturlarından narazılığını da ifadə edib. Ərdoğan ilk növbədə Zelenskinin çıxışının Avropa Birliyi parlamentində ayaq üstə alqışlanmasını müsbət irəliləyiş adlandırıb. O, Avropa Birliyi mövzusunda bir daha Aİ-yə üzv dövlətlərə müraciət edib: “Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı lütfən Türkiyəyə də göstərin. Yoxsa kimlərsə Türkiyəyə qarşı müharibəyə başlayıb hücum etsə, Türkiyəni də gündəmə gətirəcəksiniz?”. Ərdoğan bəyan edib ki, hazırda Avropa Birliyinə üzv ölkələr arasında müdafiə sənayesində əməkdaşlıq etməli olduqları ölkələrin çoxu həm də NATO üzvləridir: “Türkiyə də hərbi alyansın üzvüdür. Türkiyə ilə müdafiə sənayesində əməkdaşlıqdan uzaq duran ölkələr, biz bərabərik, müttəfiqik. Türkiyəyə bu cür avadanlıqları, sursatları niyə vermirsiniz? Bu, həmrəyliyimizin tələbidir, amma vermirlər. Başqa bir müharibənin başlanmasını gözləyirlər? Bunlar səmimi deyillər”.
Ərdoğanın Avropa Birliyinin mövqeyini tənqid etməsini “Şərq”ə dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, qardaş Türkiyənin Aİ-yə qəbul edilməməsinin siyasi, iqtisadi və mədəni səbəbləri var. Ekspertə görə, ən böyük səbəblərdən biri türklərin dini-milli və mədəni dəyərləridir:
“Onlar fikirləşirlər ki, əgər söhbət Avropaya inteqrasiyadırsa, üzv qəbul etmək istədikləri ölkənin xalqları Qərbin dəyərlərinə yaxın olmalı, ultra-liberalist olmalıdırlar. Avropa ölkələri yaxşı bilirlər ki, Türkiyənin oturuşmuş milli-mədəni ənənələri, vazkeçilməz dəyərləri var. Ona görə də türk toplumunu Avropa ailəsinin parçası kimi görmək istəmirlər. Hesab edirlər ki, Türkiyənin Avropaya girməsi, qitəni qoruyub saxlamağa çalışdığı dəyərləri dəyişdirə bilər. Avropa məkanı nə qədər “möhkəm qala” təəssüratı bağışlasa da, kənar təsirlərə dayanıqlılığı demək olar ki, yoxdur. Avropanın siyasi elitası bu qorxulardan xilas ola bilmir. Hələ də Türkiyəyə Qərbi dizə gətirmiş “Osmanlı dövləti” kimi yanaşırlar. Avropanın iqtisadi baxımdan da narahatlıqları var. Onlar böyük istehsal gücünə malik olan Türkiyənin Avropa bazarını ələ keçirməsini də arzulamırlar”.
A.Nərimanlı vurğulayıb ki, uzun müddət Türkiyədə qərbyönlü siyasət həyata keçirilib və Aİ-nin tələbləri icra edilib: “Amma həmin dövrlərdə belə Türkiyəni yaxına buraxmayıblar. Ərdoğan Ukrayna timsalında bu məsələni yenidən gündəmə gətirməkdə haqlıdır. Məntiqli olaraq sual edir ki, Aİ-nin yekun qərarı üçün hansısa ölkə Türkiyə ilə müharibəyə başlamalıdır? Məsələ ondadır ki, Qərbin Ukraynaya baxışı Türkiyədən fərqlidir. Burada Ukraynanın Rusiya ilə düşmən mövqedə dayanması da mühüm rol oynayır. Onu da qeyd edim ki, Ukraynanın Aİ-yə yaxın günlərdə üzv qəbul ediləcəyi də bəlli deyil. Ola bilər ki, Qərb sırf Rusiyanı çəkindirmək üçün bu məsələni qəsdən gündəmə gətirib”.