Rauf Qarayev: "Dövlət qurumlarında təyinatlar bəzən peşəkarlıq yox, əlaqələrlə edilir”
“Bir çox hallarda görürük ki, dövlət təşkilatlarına yeni rəhbər təyin olunur və gələn kimi, əvvəlki rəhbərin kadırlarını başlayır işdən azad etməyə. Bu tendensiya neçə illərdi mövcuddur. Bəzi əməkdaşlar dayaqlarını möhkəmlədir və onlar öz vəzifələrində qalır. Amma bir çox hallarda mühüm yerlərdə olan şəxslər işdən azad olunurlar”.
Bu sözlərə “Sherg.az”a açıqlamasında iqtisadçı Rauf Qarayev dövlət müəssisələrinin bəzisində son zamanlar baş verən kadr dəyişikliyi barədə danışarkən bildirdi. İqtisadçı qeyd etdi ki, rəhbər təyin olunan şəxsin öz komandasını da arxasınca gətirməsi və bu əməkdaşları işdən azad etdiyi digər əməkdaşların vəzifələrinə yerləşdirməsi bir çox suallar yaradır:
- Bu yanaşma düzgündürmü? Hesab edirəm ki, reallığa baxsaq, yeni təyin olunan rəhbərin öz komandasını gətirməsi etibarlılıqla bağlıdır. Bu hala haqq qazandırmaq olar. Amma məsələ burasındadır ki, yeni gələn kadrlar ümumiyyətlə bir çox hallarda ona tapşırılan vəzifənin funksiyasından xəbərsiz olur. Nəticədə idarətmə sistemində boşluqlar yaranmağa başlayır, narazılıqlar çoxalır. Yeni gələn şəxs ətraf tərəfindən tənqid olunur. Amma buna baxmayaraq bu qüsurları aradan qaldırmaq da olar və bu formada saxlamaq da. Qüsurların artmaması üçün ilk növbədə rəhbər təyin olunan şəxs vəziyyəti təhlil etməlidir. Müəyyən vaxt çərçivəsində addım-addım yeni, yüksək intellektli kadrları işə cəlb etməlidir. Bir çox sahələr var ki, orada vəziyyət acınacaqlıdır. Düzgün idarəetmə olmadığından həmin təşkilatların işləri tənqid olunur. Bəzən yeni təyin olunan şəxsləri vəziyyəti düzəltmək üçün müsahibələr təşkil edirlər ki, həmin strukturda işləməyib, amma kənardan mütəxəssis kimi görünənləri işə cəlb etsinlər. Bir çox hallarda bu da effekt vermir, səbəb odur ki, kənardan gələn şəxs öz tələbi ilə gəlir. Həmin tələb yerinə yetiriləcəksə, bu halda razılaşma əldə olunur. Bu gün bir sıra strukturlarda ciddi nöqsanlar var, vəziyyəti düzəltmək üçün bir sıra təşkilatlar var ki, ekspertləri bir araya gətirir. Bu effekt verirmi? Əgər həmin təşkilat mövcud nöqsanları “dəyirmi masa” arxasında yığılan şəxslərlə müzakirə edib, nəticə çıxaracaqsa o halda effekt verəcək. Amma əksi baş versə, həmin görüşlərin təşkili yersiz bir addımdır. Təəssüf olsun ki, bir sıra hallarda kənardan kadrların cəlb edilməsi korrupsiya halı nəticəsində də baş verir. İşini bilməyən şəxs, hər hansı bir vəzifəyə təyinat alır. Həmin şəxsin fikri formal xarakterli iş yox, gəldiyi yola uyğun hərəkət etmək olur. Təyin olunan şəxsin istəyi və ona verilən tapşırıq mövcud vəziyyəti düzəltməkdirsə o buna uyğun addımlar atacaq. Əks halda vəziyyət köhnədən də pis olacaq.