Erməni cəmiyyəti Rusiyadan əlini üzüb
Əhalinin böyük əksəriyyəti Qərbə, NATO-ya daha çox etibar edir
Ermənistanda sosioloji rəy sorğusu keçirilib. “Ermənistan yol ayrıcında: orientasiya, prioritet və xarici siyasətdən gözləntilər” mövzusunda keçirilən sorğunun nəticələri fərqli mənzərə ortaya qoyub. Respondentlərin 34 faizi hesab edib ki, Ermənistanın təhlükəsizliyini NATO hərbi bloku təmin etməlidir. Rəyi soruşulanların 29 faizi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) təhlükəsizlik “çətiri” sayır. Sorğu iştirakçılarından 69 faizi hesab edib ki, Ermənistan Rusiya ilə münasibətləri məhdudlaşdırmalı, Avropa İttifaqı və ABŞ-la əlaqələri genişləndirməlidir. Onların 46 faizi ölkənin Avropa İttifaqına üzv olmasını istəyib. Respondentlər hesab edib ki, Ermənistanla Qərbin əlaqələrinin genişlənməsində başlıca maneə ölkənin Rusiya ilə sıx təmaslarının mövcudluğudur.
Politoloq Sədrəddin Soltan deyib ki, keçmiş SSRİ-nin mövcudluğunun son illərində Ermənistanda keçirilən etiraz aksiyalarında Qərbə inteqrasiyadan daha çox bəhs edilirdi.
Son illər bu ölkədə sanki yenidən o illərə qayıdış baş verir, cəmiyyət daha çox Qərbə inteqrasiyadan bəhs edir. Hətta İrəvanda keçirilən aksiyalarda Rusiya əleyhinə çıxışlar edilir və şüarlar səslənir:
“Ermənistanın indiki Baş naziri Nikol Paşinyan hakimiyyətə gəlməzdən əvvəl parlamentdə müxalif deputat kimi dəfələrlə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı çıxış edib. İrəvanın bu qurumlardan çıxmasının parlamentdə müzakirə olunması təklifini irəli sürüb. 2018-ci ilin aprelində Ermənistanda baş verən dəyişikliklərin aparıcı qüvvəsi və iştirakçıları da NATO-ya, Qərbə inteqrasiya tərəfdarları idi. Həmin qüvvələrin Qərbdəki institutlar tərəfindən maliyyələşdirildikləri də istisna edilmirdi. Qərbin, eləcə də avroatlantik alyansın tərəfdarı olanların fəal iştirakı və dəstəyi nəticəsində Nikol Paşinyanla birlikdə bu düşüncənin daşıyıcıları hakimiyyətə gəldi. 44 günlük müharibədə Ermənistanın kapitulyasiyasına baxmayaraq, Paşinyan növbədənkənar parlament seçkilərində yenidən qələbə qazandı. Bu həm də Qərbə üstünlük verənlərin uğuru idi. Həmin siyasi kampaniya sübut elədi ki, Ermənistan cəmiyyəti NATO-ya, Avropaya inteqrasiya tərəfdarıdır.
Sorğunun nəticələrindən göründüyü kimi, Ermənistan cəmiyyəti Qərbə, NATO-ya daha çox etibar edir. Rəsmi İrəvan isə bu sosial sifarişə, seçicilərin iradəsinin əleyhinə fəaliyyət göstərir. Qərb, o cümlədən də NATO Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə Ermənistanın daha realist olmasına eyham edir. Brüsseldə aprelin 6-da keçirilən üçtərəfli görüş bunu təsdiqləyir”.
Analitik vurğulayıb ki, Ermənistan cəmiyyəti Rusiyadan çox Qərbə üstünlük verir: “44 günlük müharibədən sonra Nikol Paşinyanın partiyasının yenidən üstünlük qazanması onu göstərdi ki, Qarabağ Ermənistan cəmiyyəti üçün lazım deyil. Rəy sorğusunun nəticəsi sübut edir ki, erməni cəmiyyəti əməkdaşlıq tərəfdarıdır.
Türkiyə ilə sərhədlərin açılmasının onlar tərəfindən dəstəklənməsi də bunu sübut edir. Sorğunun nəticəsi bir daha sübut edir ki, Ermənistanda hakimiyyət yol ayrıcındadır. İrəvan xalqın seçimi ilə Rusiya arasında qalıb. Cəmiyyət seçimini artıq edib və Qərbi seçib.
Nikol Paşinyanın və komandasının xalqın istəyinə qarşı çıxması ölkədə çat yarada bilər. Hakimiyyət qərbmeyilli, NATO tərəfdarı olan seçicilərinin iradəsinin əleyhinə fəaliyyətini davam etdirərsə, bu çat böyüyər və yeni qarşıdurma ilə nəticələnər”.