"Ermənilərin müharibə cinayətləri ifşa olunmalıdır"
Əhməd Şahidov: "İrəvan hökuməti rəsmi Bakının itkinlərlə bağlı tələblərini qulaqardına vurur"
"Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın insanımızın taleyindən xəbər-ətər yoxdur"
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
1990-cı ilin əvvəllərindən Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində minlərlə vətəndaşımız itkin düşüb. Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İtkin düşmüş mülki şəxslərdən 20 nəfəri qız olmaqla, 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 154 nəfəri ahıl olmaqla 267 nəfəri qadındır. Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələrinə və sübutlara baxmayaraq, Ermənistan Respublikası bu şəxslərin əsir-girov götürülməsi və saxlanması faktını inkar edir.
Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ermənistan Respublikasında və Qarabağ ərazisində saxlanıldıqları yerlərdə baş çəkilib. Onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb. Aralarında 6 nəfəri qadın olmaqla 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb. 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib. Hazırda 196 nəfər Xocalı sakini, o cümlədən 13 nəfəri qız olmaqla 36 uşaq və 20 nəfəri ahıl olmaqla 65 qadın itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ermənistan təkcə 1990-cı ilin əvvəllərində deyil, 26 illik atəşkəs dövründə də girov götürmə təcrübəsindən istifadə edib. Məsələn, 2014-cü ildə işğal altında olan ərazilərdə qohumlarının məzarını ziyarətə yollanmış iki azərbaycanlı mülki şəxs (Dilqəm Əsgərov və Şahbaz Quliyev) girov götürülmüşdü. Onlar düz 6 il ərzində Ermənistanda girov saxlanılıblar. O zaman İrəvan Azərbaycanın saxlanılan şəxsləri “hamının hamıya” prinsipi ilə dəyişdirmək təklifinə qarşı çıxırdı. Ümumiyyətlə, Ermənistan uzun illər humanitar məsələləri siyasiləşdirməklə məşğul olub. Azərbaycan isə ötən il sentyabrın 27-dən etibarən beynəlxalq humanitar hüquq və humanizm prinsiplərinə, həmçinin tərəflər arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, təslim olmuş bütün erməni hərbçilərini keçmiş münaqişə bölgəsindən çıxarıb. 2020-ci ilin noyabrında müharibə başa çatdıqdan sonra 107 ermənini azad edib. İrəvan isə indiyədək azərbaycanlı əsir və girovların, həyatını itirmiş şəxslərin qalıqlarının saxlanıldığı yerlər haqda məlumatları gizlədir. Yeri gəlmişkən, azərbaycanlıların girov götürülərək qətlə yetirilməsi və kütləvi məzarlıqlarda basdırılması ilə bağlı onlarla fakt mövcuddur. İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 7 azərbaycanlı hərbçidən 6-sının aqibəti də bugünədək məlum deyil.
Bu gün itkin düşmüş və girov götürülmüş azərbaycanlılarla bağlı məsələ dünya ictimaiyyətinin diqqətindədir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda bir daha vurğulanıb ki, Ermənistan münaqişənin bütün dövrü ərzində itkin şəxslər barədə məlumatları gizlədib. Komissiya sədri İsmayıl Axundov qeyd edib ki, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər: “Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb. Yalnız 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanatdan sonra qarşı tərəf I Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib”.
Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl bildirib ki, itkin düşmüş şəxslərlə bağlı BQXK-nin Azərbaycan və Ermənistanla birgə müştərək mexanizm yaratması təklif edilib: “Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb.
Edili və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. İkincisi, münaqişə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib”. Həbib Mikayıl deyib ki, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı hallar hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir: “Mina problemi də bu məsələlərin araşdırılmasını çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. İtkin düşmüş şəxslərlə bağlı BQXK-nin Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər”. O qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil: “BQXK-ni bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər”.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, tikin düşmüş azərbaycanlılarla bağlı məsələ çox ağrılıdır. Ekspert vurğulayıb ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın insanımızın taleyindən xəbər-ətər yoxdur:
“Sadəcə, çox az bir qisminin cəsədlərinin qalıqları Azərbaycan tərəfinə verilib. Sümüklərin çoxu da qarışıqdır, bir neçə insan cəsədlərinin qalıqlarıdır. 4 minə yaxın itkin və girov vətəndaşlarımızın qarşılığında 138 nəfər cəsədin qalıqlarının təhvil verilməsi çox azdır. Əfsuslar olsun ki, minlərlə itkin vətəndaşımızın harada saxlandığı, qətlə yetirildiyi və harada basdırıldığı barədə məlumatlar demək olar ki, bilinmir. Digər məqam isə Ermənistanın qərəzli mövqeyidir. İrəvan hökuməti məqsədli şəkildə barəsində məlumatlı olduğu azərbaycanlı itkinlər haqqında heç bir informasiya vermir. Ermənistan tərəfi yaxşı dərk edir ki, minlərlə insanın cəsədlərinin qalıqlarının Azərbaycana təhvil verilməsi, onların əksər hallarda toplu şəkildə basdırıldığı ərazilərin aşkarlanması ermənilərin müharibə cinayətlərinin növbəti dəfə ifşa olunmasıdır. Azərbaycan bunların hamısını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün imkanlardan istifadə edəcək. Məhz buna görə İrəvan hökuməti rəsmi Bakının itkinlərlə bağlı tələblərini qulaqardına vurur”.
Ə.Şahidov bəyan edib ki, Azərbaycan itkinlərlə bağlı sona qədər gedəcək və bu məsələdə heç bir güzəşt olmayacaq:
“Ermənistanın azərbaycanlılara, xüsusən dinc sakinlərə, mülki vətəndaşlara qarşı həyata keçirdiyi dəhşətli soyqırım fakt-sübutlarla üzə çıxarılmalıdır. Ermənilər bizə qarşı törətdikləri bütün cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməli, cəzalandırılmalı və təzminat ödəməlidirlər. Ən önəmlisi isə məsələyə hüquqi-siyasi qiymət verilməsini təmin etmək lazımdır. Ermənistan məsuliyyətdən yayınmağa çalışsa da, Azərbaycan öz haqlı mübarizəsini sonadək davam etdirməlidir. Ermənilər guya yüz il əvvəl baş vermiş uydurma “qətliam” iddiasını ortaya ataraq, bir əsrdir türklərə qarşı təbliğat aparırlar. Biz isə ən yeni tariximizdə baş vermiş əsl soyqırımları, dəhşətli qətliamları dünyaya yetərincə çatdıra bilmirik. Halbuki, bizim əlimizdə real faktlar, video-foto kadrlar var. Ona görə də bu məsələdə səylərimizi artırmalıyıq”.