- Bu cür hallarda rəsmi dairələr arasındakı razılaşmaya əsasən vətəndaşlar dərhal geri qaytarılır
Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olması haqda xəbər sərhədlərin delimitasiya və demarkasiyasının nə qədər vacib olduğunu göstərir.
Qeyd edək ki, çobanın Ermənistan ərazisinə daxil olması barədə məlumat bu ölkənin Berd rayonundakı mənbələrinə istinadən verilib. Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb. İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir. Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, tədqiqatçı jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında bildirdi ki, Azərbaycan vətəndaşının Ermənistan sərhəddini keçdiyi faktı təsdiqlənərsə məsələ iki ölkə arasındakı razılaşmaya uyğun həllini tapacaq: 
- Güman edirəm ki çobanın geri qaytarılması məsələsi qısa müddətdə həll olunacaq. Bu cür hallar əvvəllər də olub. Və məsələ həll edilib. Azərbaycanlı əsgərin Laçın istiqamətindən Ermənistan sərhəddini keçməsi isə fərqli məsələdir. Orda yaralanma faktı, silahlı keçmə faktı var. Amma burda sıravi vətəndaşdı, çobandı, böyük ehtimalla o, sərhəddi təsadüfən keçib. Bu cür hallarda rəsmi dairələr arasındakı razılaşmaya əsasən vətəndaşlar dərhal geri qaytarılır. Təbii ki, müəyyən prosedurlardan sonra. Tam aydınlıq yaranan kimi həmin şəxsi geri qaytacaqlar.
A.Quliyev bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi əlbəttə vacibdir, lakin sərhədlərin hazırda tam müəyyənləşməməsindən asılı olmayaraq bütün sərhəd boyu Azərbaycan sərhədçiləri xidmət aparır, təhlükəsizliyi qorumaq üçün bütün önləmlər alınır:
- Biz sovet illərindən öyrəşmişik ki, sərhədlər tikanlı məftillərlə ayrılır, tikanlı məftil yoxdursa guya bilinməyəcək hansı dövlətin sərhəddi hara qədərdir. Amma qaydalar dəyişir, dünyanın bir çox ölkələrində sadəcə sərhəd xəttinin haradan keçdiyi müəyyənləşir, tikanlı məftil də olmur, ya patrul xidməti, ya sərhəd xidməti nəzarət edir ki kimsə sərhəddi qanunsuz keçməsin. Azərbaycanla Ermənistan sərhəddinin müəyyən bir hissəsində işlər aparılıb, təxminən 12 kilometrlik ərazidə. Qalan sərhədlər açıqdır, dəqiq müəyyənləşmə aparılmadığı üçün hər hansı sərhəd qurğuları yoxdur, amma ərazilərə Dövlət Sərhəd Xidməti nəzarət edir. Gözdən yayınmalar ola bilər, bu, normal haldır. Belə situasiyalarda necə davranılmalıdır, Azərbaycan və Ermənistan rəsmiləri öz aralarında razılaşıblar. Təsadüfi keçidlər, sərhədpozmalar olanda həmin şəxslərin dərhal geri qaytarılması razılaşdırılıb.