Fazil Mustafa: Cərimə siyasəti təhlükəsizliyi təmin etmir

  • "Hazırda yol infrastrukturu problemli vəziyyətdədir"

Yol-nəqliyyat hadisələrində motosikletlərin iştirakı ilə baş verən qəzalar ictimai narahatlığı artırıb və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Bu müzakirələr fonunda Masazırda 19 yaşlı motosiklet sürücüsünün 4 yaşlı uşağı vuraraq ölümünə səbəb olması da rezonans doğurub. Hadisənin bütün təfərrüatları hələlik tam məlum olmasa da, baş verən faciə motosikletlərin hərəkətinə nəzarətin gücləndirilməsi və bu sahədə yeni qanunvericilik təşəbbüslərinin qəbulu ilə bağlı müzakirələri aktuallaşdırıb.

Milli Məclisin üzvü Fazil Mustafa Sherg.az-a açıqlamasında əsas diqqətin sürücü peşəkarlığına yönəldilməli olduğunu qeyd edib:

"Qəzalar motosikletlə də, digər nəqliyyat vasitələri ilə də baş verə bilər. Bu baxımdan, bir motosiklet qəzasına görə motosikletlərlə bağlı yeni qərarların qəbul edilməsi çox da doğru olmaz.

Burada əsas diqqət sürücünün peşəkarlığına yönəlməlidir. Yəni sürücünün sürücülük vəsiqəsinin, hüquqi səlahiyyətinin olub-olmaması, avtomobili və ya motosikleti idarə etmək bacarığı araşdırılmalıdır. Bundan başqa, məsuliyyət təkcə sürücünün üzərinə düşmür. Bəzi hallarda zərərçəkənin də məsuliyyəti ola bilər.

Dörd yaşlı uşağın vurulması xoşagəlməz hadisədir. Ancaq hər bir qəza və törədilən əmələ fərdi kontekstdə yanaşmaq daha doğru olar. Çünki bizdə bəzən belə məsələlərə kampaniya kimi yanaşmaq, bir hadisədən çıxış edərək ümumi və total nəticələrə gəlmək vərdişi formalaşıb. Halbuki bu, doğru yanaşma deyil.

Biz daha çox sürücü peşəkarlığı və yol infrastrukturunun sağlam şəkildə formalaşdırılması üzərində dayanmalıyıq".

Parlamentari vurğulayıb ki, səlahiyyətli qurumlar yalnız cərimə tətbiq etmə fəlsəfəsindən uzaqlaşmalıdırlar:

"Hazırda yol infrastrukturu müəyyən dərəcədə problemli vəziyyətdədir. Bu məsələlər diqqətə alınmalıdır.

Xüsusilə bu istiqamətdə səlahiyyətli qurumlar artıq yalnız cərimə tətbiq etmə fəlsəfəsindən uzaqlaşmalıdırlar. Eyni zamanda, təhlükəsizlik və yolların təyinatına uyğunluğu məsələlərinə də diqqət yetirməlidirlər.

Bu cür fərdi insidentləri müvafiq mütəxəssislər və hüquq-mühafizə orqanları araşdırıb qərar versələr, daha doğru olar. Əgər onların təklifləri əsasında motosikletlərlə bağlı qaydaların dəyişdirilməsinə kütləvi ehtiyac olduğu müəyyənləşərsə, o zaman məsələ müzakirə edilərək öz həllini tapa bilər".