"Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq olunması əlbəttə, alqışlanmalıdır"
Türkiyə Azərbaycanla nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq edəcək. Türkiyənin Nəqliyyat və İnfrastruktura Nazirliyindən bildirilib ki, əməkdaşlıq çərçivəsində Azərbaycanda ödənişli avtomobil yollarının və müasir ödəniş sisteminin yaradılması məqsədilə Türkiyə təcrübəsinin öyrənilməsi nəzərdə tutulur.
Bununla yanaşı, yol tikintisi layihələrində investisiyaların yatırılması da nəzərdə tutulur.
Qeyd olunur ki, sözügedən sahə üzrə əməkdaşlıq 2020-2025-ci illəri əhatə edəcək.
Azərbaycan və Türkiyə arasında hava, quru, dəniz və dəmir yolu nəqliyyatına dair əvvəllər imzalanan sazişlərin müddəalarını saxlamaqla, sadalanan mövzularda əməkdaşlığı daha da inkişaf etdirmək nəzərdə tutulur.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda hələ ki iki istaqəmətdə ödənişli yolların olması gözlənilir. Biri, Ələt-Astara yolu, digəri isə Bakı-Quba (Rusiya istiqamətində) yolu. Ələt-Astara ödənişli yolu artıq çəkilsə də, istifadəyə verilməyib.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov “Şərq”ə açıqlamasında inkişaf etmiş ölkələrdə ödənişli yol təcrübəsinin mövcud olduğunu dedi:
- Qardaş Türkiyədə, qonşu İranda ödənişli yol təcrübəsi var artıq. Ödənişli yollarla bağlı Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq olunması əlbəttə, alqışlanmalıdır. Ümumiyyətlə, yol infrastruktutu daim təkmilləşmə tələb edən sahədir. İmkanlar artdıqca, iqtisadi əlaqələr genişləndikcə, yol infrastrukturunun da inkişaf etməsi labüd xarakter alır. Təkmilləşmənin bir göstəricisi də ödənişli yolların olmasıdır. Amma burada əsas məqam ödənişsiz yolların ödənişli yollarla paralel olmasıdır. Vətəndaşlar üçün mütləq alternativ yollar olmalıdır. Hamını ödənişli yollardan istifadəyə məcbur etmək məcburiyyəti olmamalıdır. Bəli, ödənişli yolların öz üstünlükləri var; sürət yuxarı olur, daha doğrusu sürətin yuxarı ola bilməsi üçün bütün şərtlər həllini tapır. Ödənişli yollar dedikdə müxtəlif səviyyəli yol kəsişmələri, mühafizə olunan, təhlükəsizliyin tam təmin edildiyi yollardan gedir söhbət. Onun öz tarifləri var. Terminallar quraşdırılır, ödəniş edilir və rahat, təhlükəsiz yolla irəliləyirsən. Hesab edirəm ki, bizdə ödənişli yollar mərhələli şəkildə tətbiq ediləcək. Məsələn, Ələt-Astara yolu çəkilib. Amma orada hələ lazımi elementlər quraşdırılmayıb. Terminallar yoxdur, tarif də müəyyən edilməyib. Zənnimcə, ödənişli yollar təkcə cənub və şimal istiqamətində yox, həmçinin qərb istiqamətində də olmalıdır. Ödənişli yollarla bağlı da getdikcə təkmilləşmə aparılacaq. Türkiyə təcrübəsinin tətbiqi də çox yaxşıdır.
Məlahət Rzayeva