Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyev yaxınlığında fəaliyyət göstərdiyi iddia olunan qeyri-rəsmi həbsxana ilə bağlı açıqlama verib. O, Ukraynada belə işgəncə yerlərinin çox olduğunu iddia edib.
Sherg.az xəbər verir ki, Zaxarova bu barədə “RİA Novosti”yə danışıb.
Noyabrın 2-də Ukrayna KİV-i Kiyev vilayətinin Petropavlovskaya Borşaqovka kəndində bir evin zirzəmisində silahlı şəxslərin təxminən 40 nəfəri saxladığı barədə məlumat yayıb. Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko zirzəmidə hərbçilərin, o cümlədən hərbi hissəni özbaşına tərk edən şəxslərin saxlanıldığını bildirib.
“Ukraynada belə işgəncə yerləri çoxdur. Vladimir Zelenskinin hakimiyyəti məhz onların üzərində dayanır”, -deyə Zaxarova bildirib.
Ukraynanı tərk etmiş Ali Radanın deputatı Artem Dmitrukun sözlərinə görə, təkcə sözügedən yerdə son bir ay ərzində bir neçə nəfər döyülərək öldürülüb. Onun iddiasına görə, ölən şəxslər itkin düşmüş kimi qeydə alınır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl də Kiyev hakimiyyətini məcburi səfərbərlik həyata keçirməkdə ittiham edib. O, hərbi xidmətə çağırış prosesində insanların küçələrdən zorla aparıldığını bildirib.
Ukrayna tərəfi də hərbi komissarlıqların əməkdaşlarının Silahlı Qüvvələrin sıralarını komplektləşdirmək üçün hərbi mükəlləfiyyətli şəxsləri küçələrdə saxlamağa məcbur olduqlarını etiraf edib.