Hədəfə doğru daha bir addım...

Qırğızıstan da Türk Dövlətlər Təşkilatında güclü bəndə çevriləcək

"Azərbaycanla Türkiyə zəncir həlqələrindən birini əsaslı şəkildə dirçəltmək istəyir"

  Prezident İlham Əliyevin Qırğızıstana ilk rəsmi dövlət səfəri reallaşdı. İki ölkə arasında mühüm sənədlər imzalandı. Xatırladaq ki, bir müddət öncə Qırğızıstan prezidenti Azərbaycana səfər etmişdi. Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək. Azərbaycan prezidentinin Qırğızıstanda yüksək səviyyədə qarşılanması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı, ümumilikdə orada Azərbaycan, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir. 

Ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün dünyada və regionda Azərbaycana maraq daha da artıb. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar. Prezidentin xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir. Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Qurumun təşkilatlanmasında, daha da güclənməsində Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Qırğızıstan Azərbaycanın təbii strateji müttəfiqi, türkdilli dövlətdir. Hər iki ölkəni tarixi, dini, mədəni tellər birləşdirir və səfər dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində keçirilir. İki qardaş ölkə arasında formalaşmış səmimi münasibətlər günü-gündən inkişaf edir. Qırğızıstan Qazaxıstanla yanaşı, KTMT-yə üzvü olmasına rəğmən Azərbaycan əleyhinə hansısa layihələrdə iştirak etmir. Ölkələrimiz beynəlxalq platformalarda siyasi baxımdan vahid mövqe sərgiləyirlər. 

  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfərini ikitərəfli və çoxtərəfli münasibətlərin dünyada cərəyan edən gərgin proseslərin bütün senarilər üzrə nəticələrinə hazırlıq kimi şərh etmək olar. Analitikə görə, ikitərəfli münasibətlər Azərbaycanla Qırğızıstan əlaqələrini dərinləşdirir:

"Türk Dövlətləri Təşkilatı (TDT) qismində əlaqələrin şaxələndirilməsi və perspektiv iqtisadi qazanclara çıxış üçün resursların toplanması qarışıq dünya nizamında xüsusi əhəmiyyət qazanır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi yeni deyil, ölkə başçısı İlham Əliyevin Xəzər regionu ilə bağlı dediyi isə həmin marşrutun davamıdır. Ümumilikdə marşrut Çinin Mərkəzi Asiya vasitəsilə Avropa ilə artan əlaqələrini təmin etməsi üçün yeni mərhələ kimi qiymətləndirilə bilər. Nəqliyyat dəhlizi üçün Azərbaycanın da pay sahibi ola biləcək iki istiqamət mövcuddur. Birinci hissə Rusiya və Qazaxıstandan keçməklə Çindən Avropaya uzanan beynəlxalq nəqliyyat dəhlizidir. İkinci hissə isə Türkmənistan və Xəzər dənizi vasitəsilə Türkiyəyə, oradan da Avropaya ticarət marşrutudur, lakin bu, həyata keçirilməmiş qalır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu marşrutu (təxmini dəyəri 4.5 milyard dollar həcmində qiymətləndirilir) və onun uzadılması Rusiya-Ukrayna müharibəsi ilə tədarük zəncirlərinin dəyişməsi fonunda yenidən canlandırılır. Qırğızıstanın razılaşdırılmış marşrut, maliyyələşdirmə problemləri maneələr olaraq qalır, lakin bu dəfə əlavə vəsaitlər cəlb etməklə layihəyə nöqtə qoyulması planlaşdırılır. Azərbaycan iqtisadi şəbəkələrdən pay götürmək qabiliyyətlərini sürətlə inkişaf etdirməyi qarşıya hədəf qoyub ona görə də, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsini öz maraqlarının sərhədləri daxilinə gətirir".
  Ekspert vurğulayıb ki, TDT üçün yeni dividend Zəngəzur dəhlizi olacaq. Lakin vəziyyət ətalətdə qalmalı deyil və koridorun birbaşa və ya dolayı yollarla digər böyük marşrutlara inteqrasiyası labüddür: "Qırğızıstan maliyyə imkanları baxımından TDT ailəsində “zəif bənd”dir, indi isə Azərbaycanla Türkiyə zəncir həlqələrindən birini əsaslı şəkildə dirçəltmək istəyir. Bunun üçün üz tutulacaq optimal mənbə Çindir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Qırğızıstana tranzitdən gəlir etmək imkanı qazandıracaq, onun ixrac imkanlarını genişləndirəcək və iqtisadiyyatı əsaslı şəkildə canlanacaq. Digər TDT üzvü Özbəkistanın da əhəmiyyət şkalasında rəqəmləri müsbət mənada artırmasına töhfələr verəcək. Yəni TDT-nin iki üzvünün - Qırğızıstan və Özbəkistanın – proseslərdəki oyunçuluq qabiliyyətləri yeni düzənə uyğun şəkildə inkişaf etdiriləcək. Hərçənd, ortada siyasi sabitlik məsələləri də var. ABŞ-Britaniya tandeminin və Rusiyanın proseslərə hansı səviyyədə reaksiyalar verəcəyi fikirləri risk faktorlarını da gündəmə gətirir. Çünki Qırğızıstan siyasi cəhətdən qeyri-sabitdir, Özbəkistanda da xarici oyunçuların müdaxiləsi üçün əsaslar yarada bilən problemlər mövcuddur. Çin isə Qırğızıstandan keçən dəmir yolu xətti vasitəsilə özünün qərb sərhədlərini möhkəmləndirir və Pekinin böyüyən iqtisadi çərçivələrində yer tutan Orta Dəhliz amilini gücləndirir".
A.Kərimovun fikrincə, Bakı ilə Ankara Mərkəzi Asiyadakı mümkün münaqişə risklərindən sığortalanmaq üçün iqtisadi meyarlar formalaşdırır: "Bu mənada yaxın gələcəkdə Azərbaycanla Türkiyənin Mərkəzi Asiya regionundakı maraqları Çinin iqtisadi idealları, Qərbin və Rusiyanın maraqları kontekstində yeni dəyərə yüksələcək. Digər yandan Rusiya-Ukrayna müharibəsinin davam etməsi digər regionlardakı, o cümlədən Mərkəzi Asiyadakı iqtisadi layihələrdə pay sahibliyini artırmaq uğrunda iqtisadi müharibələri gücləndirəcək və bunu siyasi sabitliyə qarşı risk faktorları müşayiət edəcək".