Tuna Tanman: Yeni Qarabağ müharibəsinin baş vermə ehtimalı aşağıdır

Türk ekspert: Köçəryanın açıqlamaları gərginlik yönümlü ritorika vasitəsilə müəyyən seçici qruplarını səfərbər etməyə hesablanıb

Ermənistanda revanşist qüvvələrin əsas simalarından sayılan Robert Köçəryan yenidən Qarabağ mövzusunu qabardaraq hədsiz açıqlamalar verib. Köçəryan yeni müharibənin başlana biləcəyini də deyib. Robert Köçəryan Masis şəhərinin sakinləri ilə görüşdə bu gün “Qarabağa qayıdış hüququndan” danışmağın real olduğunu iddia edib.

Xarici siyasət üzrə tədqiqatçı Tuna Tanman Sherg.az-a Robert Köçəryanın Qarabağ məsələsinə dair açıqlamalarına münasibət bildirib:

"Robert Köçəryanın “Qarabağa dönüş hüququ” vurğusu, Ermənistan siyasətində bu məsələyə revizionist və intiqamçı prizma ilə yanaşan tərəflərin hələ də mövcudluğunu qoruduğunu və müəyyən səs potensialına malik olduğunu göstərir: Sovetlər Birliyinin süqutunu xatırladaraq həmin dövrdə yaranmış imkan pəncərəsinin dəyərləndirildiyini ifadə edən Köçəryan, oxşar geosiyasi qırılmaların gələcəkdə yenidən meydana çıxa biləcəyini sətir altı deyir. Lakin müasir beynəlxalq sistem 1990-cı illərin əvvəllərindəki güc boşluğundan əhəmiyyətli dərəcədə fərqlənir. Bu səbəbdən keçmiş nümunələrə əsaslanaraq gələcəyə yönəlik proyeksiya aparmaq məhdud analitik dəyərə malikdir".

Analitik vurğulayıb ki, mövcud geosiyasi balans nəzərə alındıqda, yeni bir Qarabağ müharibəsinin baş vermə ehtimalı olduqca aşağıdır: 

"Rusiyanın Ukrayna ilə apardığı müharibə səbəbilə regional imkanlar məhdudlaşıb. Azərbaycan son illərdə nəzərəçarpacaq dərəcədə hərbi və müdafiə potensialını artırıb. Avropanın beynəlxalq təhlükəsizlik arxitekturasında təsiri nisbətən azalıb. ABŞ isə İran mərkəzli proseslərə görə bölgəyə daha çox strateji əhəmiyyət verir. Bütün bunlar genişmiqyaslı toqquşmanın qarşısını alan amillər kimi ön plana çıxır. Bununla yanaşı, Ermənistanın daxili siyasətində Azərbaycanla yeni bir müharibəni müdafiə edən aktorlardan daha çox, normallaşma və sabitlik axtarışını önə çəkən siyasi xətlərin daha güclü olduğu və ictimai dəstək qazandığı müşahidə olunur. Bu siyasi ekosistem davam etdiyi müddətdə, siyasi karyerasını regional münaqişə üzərində quran aktorların hakimiyyətə gəlmə ehtimalı məhdud qalır".

Ekspert Köçəryanın açıqlamalarının yeni gərginlik çəxarmağa hədəfləndiyini deyib:

"Köçəryanın açıqlamaları konkret bir siyasət istiqamətindən daha çox, gərginlik yönümlü ritorika vasitəsilə müəyyən seçici qruplarını səfərbər etməyə hesablanmış strateji kommunikasiya addımıdır. Mövcud daxili siyasi vəziyyət və beynəlxalq konjonktur birlikdə nəzərdən keçirildikdə, bu cür ritorikanın qısa müddətdə real bir münaqişə ssenarisinə çevrilməsi üçün zəruri zəmin mövcud deyil".