Hidayət Elvüsal: "Virusdan sonra dünya əvvəlki kimi olmayacaq"
"Tamamilə başqa bir həyat tərzi yaranacaq. Məsələn, kişilər daha öpüşməyəcək. Ən xoşlamadığım hal idi bu. İnsanlar həyat tərzlərinə yenidən baxacaq, nələrisə dəyişəcəklər"
Karantin günləri, əlbəttə, üzücü, yorucudur. Amma dözməliyik və qaydalara riayət etməliyik. Çünki təkcə özümüzə görə yox, ətrafımızdakılara, ümumən cəmiyyətə qarşı məsuliyyət daşıyırıq. Belə günlərdə təbii ki, ziyalı sözünə ehtiyac duyulur.
Daim cəmiyyət arasında, qələbəlik içində olan, ədəbi-bədii tədbirlərdə iştirak edən, dost-tanış əhatəsində maraqlı, aktiv həyat tərzi keçirmiş insanlar, görəsən, karantin günlərini necə keçirir? Çətin deyil ki, onlar üçün? Həmsöhbətimiz sevilən ziyalımız, Azərbaycan insanının “Səhər” qəzetindən tanıyıb yüksək dəyər verdiyi, jurnalist, yazıçı-publisist Hidayət Elvüsaldır.
-Hidayət müəllim, “evdə qal”a necə əməl edirsiniz? Çətin deyil ki?
-Yox, qızım. Hamı kimi mən də evdəyəm. Özümü qorumaqla başqalarını da qoruyuram. Məndə həyət evidi. Həyətdən ancaq zəruri ərzaq malları lazım olanda çıxıram. Yaxınlıqda ərzaq mağazası var, 5-10 dəqiqəlik ora gedib evə qayıdıram.
-Bakıdasınız, yoxsa...
-Kürdəxanıda yaşayıram. Bağdayam.
-Əvvəldən orda yaşayırsınız, Hidayət müəllim?
-Yox, şəhərdə də evim vardı. Bura da tez-tez gəlirdim. Çox vaxt elə burda yaşayırdım. Amma son zamanlar tamamilə burda yaşamağa başladım, bir də şəhərə qayıtmadım.
-Yəni, koronavirusdan əvvəl – karantin qaydaları tətbiq olunmamış artıq bağ evində yaşayırdınız...
-Bəli.
-Təsərrüfatla məşğulsuz?
-Özümə görə bağçam var. Göy-göyərti əkirəm, ağaclarım var. Bir az da toyuq-cücə. Orqanik qidalanmaq üçün.
-Hazırda kiminlə qalırsınız? Yanınızda kimsə var?
-Yox, təkəm. Uşaqlar şəhərdə qalır. Həyat yoldaşım 20 ilə yaxındı rəhmətə gedib...
-Çətindi sizin üçün?
-...Təkliyə alışmışam artıq. Bəzən belə zənn edirlər ki, insan təklikdə darıxır. Amma mən öyrəşmişəm bu həyat tərzinə. Əksinə, yanımda adam olanda darıxıram... Yaxşı yeməklər bişirirəm. Azəbaycan mətbəxinin bütün yeməklərini bişirə bilirəm. Həm də deyilənə görə, yaxşı aşbazam. Məsələn, “rzaküftə” adında yeməyi bəlkə də mənim kimi bişirən yoxdu...
-Hidayət müəllim, o necə küftədi?
-Belə bir adı var, bilmirəm onu “kəşf edən”in adıyla belə adlanır, ya yox, amma çox dadlı yeməkdi. Bunun adi bildiyimiz küftədən fərqi budur ki, küftələr çox xırda, təxminən qoz boyda olur. “Avropa” mehmanxanasında bundan bişirirdilər.
-Hidayət müəllim, koronavirusla bağlı nə düşünürsünüz? Bu nə bəladı dünyanı bürüdü?
-Məncə bundan qorxmaq lazım deyil. Bu, qripin bir növüdü. Dünyada qripdən həmişə ölüm halları olub. Amma bu, pandemiya sürəti aldı. Bilmirəm, bəlkə də bir küydü, bəlkə də düşünüldüyü qədər dəhşətli deyil, bilmirəm... Onu bilirəm ki, bu virus sonrası dünya artıq əvvəlki kimi olmayacaq. Yeni dünya yaranacaq. Həm siyasi, həm iqtisadi baxımdan. Tamamilə başqa bir həyat tərzi yaranacaq. Məsələn, kişilər daha öpüşməyəcək. Ən xoşlamadığım hal idi bu. İnsanlar həyat tərzlərinə yenidən baxacaq, nələrisə dəyişəcəklər. Mənim bu virus əleyhinə reseptim var. Bir-iki dəfə paylaşmışam, sizə də deyim. Baş soğanı halqa-halqa doğrayırsınız, bir boşqabda sirkə ilə isladırsınız. Sirkəni çox tökmək olmaz. Soğan halqalarını islatmaq lazımdı. 3-4 gün qalır, soğanın suyu ilə sirkə qarışır, məhlul əmələ gətirir. Bunu otaqda saxlamaq da olar. Otağı dezinfeksiya edir, mikrobları öldürür. İnsan özü də bu məhlulla nəfəs yollarını dezinfeksiya edə bilər. Götürürsüz, adi qulaq çöpünü, batırırsız bu məhlula və burun dəliklərini təmizləyirsiniz. Maska da lazım deyil. Sonra, bir stəkan qaynanmış ilıq suya 1 çay qaşığı soda və 1-2 damcı yod əlavə edib ağız boşluğunu qar-qara etmək olar. Belə sadə vasitələrlə virusdan qorunmaq mümkündü.
-Evdə vaxtınızı necə keçirirsiniz?
-Mütaliə edirəm, oxuduğum kitabları bir də təkrar oxuyuram. Hərdən mahnı da yazıram. Bilirsiz yəqin, mənim mahnılarm da var axı...
-Yəqin xəbərləri də izləyirsiniz.
-Sözsüz. Televizora baxıram. Amma daha çox mütaliə edirəm və dediyim kimi həyət-bacada işləyirəm.
-Hidayət müəllim, dediniz ki, tamam başqa həyat tərzi formalaşacaq. Sizcə, belə bir vəziyyətin yaranması labüd idimi? Fikrimi belə izah edim; bu qədər müharibələr, aclıq, səfalət, hegemon dövlətlərin tamahkarlığı, onların tamahı üzündən dünyada insanların məşəqqətlərə məruz qalması, bəzi cəmiyyətlərdə əxlaq normalarının çeynənməsi... nəhayət elə bir zaman yetişdi ki, kiçik bir virus təkəbbürlü insana dünyanın ağası olmadığını anlatdı...
-Doğrudur. Dünyada əxlaq zədələnmələri var. Dünyanın bir tərəfində artıq yeməyi zibilliyə atanlar, bir tərəfində aclıqdan ölənlər. İnsan övladı təbiətə hansı zülmləri etmədi?! Təbiətdən nə almışdıqsa, indi o, bizdən geri alır. Siz baxdınız, İtaliyada görünməmiş hal yaşanır. Heç vaxt balıq üzməyən çaylarda balıqlar üzməyə başlayıb. Delfinlər gəliblər... Biz – insanlar təbiətə təcavüz etmişdik. Edirik. Təbiət də zamanı yetişəndə zorla qoparıb aldıqlarımızı geri alır. Ayda yaşayış axtaran, Marsda torpaq sahəsi alan insan bir balaca virusun əlində qalıb. Suları qurutmuşuq, bir müddət sonra içməyə su tapılmayacaq. 3-cü dünya müharibəsi (bəlkə də) su ehtiyatlarına görə olacaq. Görürsünüz, müttəfiqlər deyir ki, Türkiyəni əldən verə bilmərik, orda içməli su ehtiyatları çoxdur. Bəli, təbiət sanki yenilənir. Fikir verirsiniz, Bakıda hava necə təmizlənib... Məncə, bu, təbiətin çağırışıdı.
Məlahət Rzayeva