İki illik missiya Avropanın Rusiyaya təhdid mesajıdır
Rövşən Məhərrəmov: “Ancaq bu missiya Azərbaycan üçün heç bir təhlükə kəsb etmir. Sayları yüz yox, lap min olsa da ölkəmiz üçün risk görmürəm”
Cənubi Qafqaz yenidən gərgin dönəmini yaşayır. Avropa İttifaqının iki illik "mülki missiyası"nın Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlaması mövcud gərginliyi bir qədər də artırıb. Rusiya tərəfi Aİ-nin missiyasına qarşı çıxaraq bunu regionda gedən proseslərə kobud hərbi müdaxilə kimi dəyərləndirib. Tərkibində fransalı hərbçilərin də təmsil olunduğu iki illik missiyanın fəaliyyətinə rəsmi Bakı da razılıq verməyib və əsaslı narahatlıqlarını dilə gətirib. Bir neçə gün öncə Münhendə Azərbaycan və Ermənistan rəhbərliyi arasında iki görüş keçirilsə də, ötən gün erməni tərəfi növbəti dəfə təxribata əl ataraq Naxçıvan və digər dörd rayonumuzu atəşə tutub. Bölgəmizdə cərəyan edən proseslərlə bağlı "Şərq"in budəfəki müsahibi ehtiyatda olan polkovnik, Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmovdur. Polkovnik qəzetimizə açıqlamasında Aİ-nin missiyası, Qərb-Rusiya qarşıdurması, Azərbaycan-Ermənistan arasındakı sülh danışıqları və erməni təxribatı ilə bağlı maraqlı məqamlara toxunub...
- Rövşən müəllim, Avropa İttifaqının yüz nəfər keçmiş hərbçilərdən ibarət "mülki missiya"sı Ermənistanda fəaliyyətə başlayıb. Rusiya ilə yanaşı, rəsmi Bakı da bu missiyaya etirazını bildirirdi. Qərbin sərhəddəki missiyası Azərbaycan üçün nə dərəcədə təhlükəli sayılır?
- Fransanın Paşinyan hökuməti ilə razılaşmasından sonra bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədinə iki aylıq missiya göndərilmişdi. İndiki missiya isə iki illik müddətə göndərilib. Qərb "mülki missiya" adlandırsa da, heyətin tərkibindəkilərin demək olar ki, hamısı keçmiş hərbiçilər və polislərdir. Ancaq bu missiya Azərbaycan üçün heç bir təhlükə kəsb etmir. Sayları yüz yox, lap min olsa da, ölkəmiz üçün risk görmürəm. Azərbaycan Ordusu çox güclüdür və sərhədlərimiz, ərazi bütövlüyümüz, suverenliyimiz mükəmməl şəkildə qorunur. Bütün təhdidlərə layiqli cavab vermək iqtidarındayıq. Söhbət ondan gedir ki, beynəlxalq qanunlara əsasən, hansısa bir dövlətin digər ölkənin sərhədində missiya təşkil etməsi mütləq qarşı tərəflə razılaşdırılmalı idi. Biz bu missiyanın sərhədlərimizdə fəaliyyətinə razılıq verməmişik. Ermənistan birtərəfli qaydada missiyanı öz ərazisində yerləşdirib. Monitorinq mərkəzi yaradılıb və ofisin açılışı edilib. Avropanın bəzi dövlətlərinin nümayəndələri orada prosesə nəzarət edəcəklər. Missiyanın əsas fəaliyyəti prosesə ümumi nəzarət etmək və baş verənlərlə bağlı Qərbi məlumatlandırmaqdır. Bizi narahat edən məqamlardan biri odur ki, Azərbaycan Ordusu erməni təxribatına cavab olaraq düşməni susdurduqda missiya bunu "Azərbaycan tərəfindən atəşkəsin pozulması" kimi təqdim edə bilər. Lakin Aİ-nin missiyası Azərbaycandan daha çox Rusiyanı narahat edir. Çünki Qərb və NATO-nun məqsədi Moskvanı bölgədən uzaqlaşdırmaqdır. İki illik missiya Avropanın Rusiyaya təhdid mesajıdır. Avropa deyir ki, "biz də Cənubi Qafqazdayıq, özü də Ermənistanın əliylə". Nikol Paşinyan isə bunu ona görə dəstəkləyir ki, planlarında Rusiyadan ayrılmaq və Qərbə inteqrasiya etmək var. Ermənistanda müxaliflər, "Qarabağ klanı"nı təmsil edənlər Rusiya tərəfdarı olsa da, Paşinyan Kremlə etibar etmir. Əlbəttə, Rusiya bunu cavabsız qoymayacaq.
- Rusiyanın Aİ-nin missiyasına və dolayı yolla Moskvanı təhdid etməsinə cavabı necə olacaq?
- Söhbət Ermənistan hökumətinin cəzalandırılmasından gedir. Rusiya XİN rəsmisi Mariya Zaxarova Paşinyan hakimiyyətinə yönəlik çox sərt açıqlamalar verdi. Nəzərə alaq ki, Ermənistan siyasi-iqtisadi və hərbi baxımdan birbaşa Rusiyadan asılıdır. Ölkədə Rusiyanın hərbi bazası var. Həm də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Təsəvvür edin, KTMT üzvü olan bir ölkə NATO üzvlərinin nümayəndələrini öz ərazisində yerləşdirir. Rusiya bunu qəbul etməyəcək və gərginlik artacaq. Onsuz da Rusiya-Ermənistan arasında son dönəm ciddi gərginlik müşahidə olunur. Ermənistanda 102 saylı hərbi bazası olan Rusiya Paşinyan hökumətini cəzalandırmaq üçün istənilən addımı ata bilər. Məsələn, hakimiyyət çevrilişi edə bilər, yaxud ağlımıza gəlməyən təzyiq metodlarından istifadə edər.
- Qarabağdakı separatçılar arasında müəyyən proseslər yaşanır. Ruben Vardanyanın Moskvaya gedişi və dönüşü, separatçı Araik Arutyunyanla qarşıdurması diqqət çəkir. Sizcə, Qarabağda nələr baş verir və separatçıları kimlər yönləndirir?
- Ruben Vardanyandan öncə separatçı Araik Arutyunyan Moskvaya getmişdi. Vardanyanın birbaşa Rusiyanın adamı olduğu, Kremldən idarə olunduğu bəllidir. Əslində Araiki də ruslar təlimatlandırır. Hər iki separatçı Kremlə yeni təlimatlarını almağa getmişdi. Bilirsiz ki, aylardır eko-fəallarımız Laçın yolu üzərində dinc etiraz aksiyası keçirirlər, öz tələblərini dilə gətirirlər. Həmçinin aksiya iştirakçıları Laçın yolu vasitəsilə qanunsuz gediş-gəlişə, separatçılara silah-sursat daşınmasına mane olurlar. Azərbaycan tərəfi Qarabağda yaşayan mülki ermənilərlə, o cümlədən oradakı separatçı ünsürlərlə bağlı konkret və qəti mövqeyini dəfələrlə bəyan edib. Vurğulanıb ki, rəsmi Bakı hansısa separatçılarla, kənardan göndərilən şəxslərlə heç vaxt danışıq aparmayacaq. Separatçıların Qarabağa gedən Laçın yolunun "bağlı" olması və bölgənin "blokadaya" salınması ilə bağlı iddiaları da tamamilə əsassızdır. Laçın yolundan hər gün minlərlə yük maşını sərbəst hərəkət edir. Yəni Qarabağda yaşayan ermənilərin "blokadasından" söhbət gedə bilməz. Nikol Paşinyanın özü də Vardanyanı normal və ciddi şəxs kimi qəbul etmir. Baş nazir açıq-aşkar fərqindədir ki, Vardanyan Qarabağa Rusiyanın təlimatına əsasən göndərilib. XİN başçısı Sergey Lavrov utanmadan Vardanyanı tanımadıqlarını, onun Rusiya vətəndaşı olmadığını desə də, Vardanyanın Moskvaya səfərindən də görünür ki, bunlar hamısı uydurmadır. Ərazimizdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti 5 ilin tamamında başa çatacaq. 4 il yarımdan sonra tərəflərdən biri sülhməramlıların bölgəni tərk etməsini istəyə bilər. Bu, Rusiyaya heç cür sərf etmir. Ona görə də çalışacaqlar ki, bölgədə təxribatlar törədilsin, atışmalar olsun. Nəticədə sülhməramlılar da vəziyyəti əsas gətirərək müddəti uzatsınlar. Qarabağdakı gərginliyin, o cümlədən Azərbaycan-Ermənistan danışıqlarındakı indiki durumun başlıca səbəbkarı Rusiyadır. Separatçı Araik də, Vardanyan da Kremldən göstəriş alırlar.
- Ermənistan silahlı qüvvələri müəyyən fasilədən sonra Naxçıvan və digər dörd rayonumuzu atəşə tutmasını necə şərh edərdiniz?
- Ermənistan tərəfi Naxçıvan və başqa dörd rayonumuzu iriçaplı silahlardan, snayperlərdən atəşə tutdu. Şübhəsiz, bu, erməni tərəfinin növbəti təxribat cəhdi idi. Azərbaycan Ordusu ermənilərin layiqli cavabını verdi. Rusiya Azərbaycan Ordusunun gücünün fərqindədir. Şuşanın atəşə tutulmasını izləyən rus sülhməramlı kontingenti yaxşı bilir ki, ordumuz hər an antiterror əməliyyatına başlaya bilər. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycanın Silahlı Qüvvələri Xankəndi və ətraf rayonlarda nəzarəti öz əlinə alacaq. Bu istiqamətdə işlər gedir, konkret tədbirlər görülür. O baxımdan sülhməramlı kontingentin bölgədə daha çox qalmasına hesablanmış addımlar nəticə verməyəcək.
- Münhendə Azərbaycan və Ermənistan rəhbərliyi arasında iki görüş baş tutdu. Görüşlərdə müəyyən məsələlərin müzakirə olunduğu bildirildi. Almaniyada reallaşan təmaslar sülh prosesini irəliyə doğru apara bilərmi?
- Əvvəlcə onu deyim ki, Ermənistan Baş naziri Nikol Paşinyan özünü yenə biabır etdi. Paşinyanın ortaya qoyduğu "arqumentə" baxın. İddia edir ki, guya, Laçın yolunda "maskalılar" avtobusun yolunu kəsib, uşaqları qorxudub. ABŞ Dövlət katibi E.Blinkenin, Gürcüstan Baş nazirinin iştirak etdiyi yüksəksəviyyəli görüşdə erməni baş nazirin gündəmə gətirdiyi məsələyə diqqət yetirin. Bu, özünü biabır etməkdir. İndi kosmos əsridir. Sputnikdən açıq-aşkar görünür ki, Laçın yolu ilə Qarabağa nə qədər yük maşınları keçir. Mülki insanların gediş-gəlişinə heç bir maneə yaradılmır. Münhen görüşündə Azərbaycan dövlət başçısı növbəti dəfə birmənalı vurğuladı ki, "Dağlıq Qarabağ"dan və "status"dan söhbət gedə bilməz. İndi Qarabağ regionu var. Azərbaycan öz ərazi bütövlüyünün pozulmasına qətiyyən imkan verməyəcək. O ki qaldı Münhendən sonra hansısa irəliləyişə, əgər Ermənistan hökumətinə təzyiqlər edilərsə, sülh prosesində müsbət nəticələrin olması mümkündür. İrəvan hökuməti Azərbaycana yeni təkliflər verib. Prezident açıqlamasında bu məsələyə toxundu və bəyan etdi ki, müəyyən əlavələrlə təkliflərə baxmaq olar. Ümumən isə hesab edirəm ki, əgər Bakı-İrəvan arasında birbaşa, vasitəçisiz danışıqlar davam etdirilərsə, sülh prosesində irəliləmək olar. Dövlət başçısı da qeyd etdi ki, bizə kənar vasitəçilər lazım deyil. Cənubi Qafqazın üç dövləti problemləri öz aralarında müzakirə yolu ilə həll edə bilər. Bu, həm Rusiyaya, həm də Avropa İttifaqına bir mesaj idi, Cənubi Qafqazdan gözlərini, əllərini çəksinlər.