ABŞ ilə İran arasında artan gərginlik fonunda Hörmüz boğazı ətrafında baş verən proseslər regionun iqtisadi və geosiyasi balansına ciddi təsir göstərir. Enerji daşımalarının əsas arteriyası sayılan bu strateji keçid üzərində təzyiqlərin artması Tehranın daxili siyasi dinamikasına da sirayət edir.
Müşahidələr göstərir ki, iqtisadi məhdudiyyətlərin dərinləşməsi fonunda ölkə daxilində müxtəlif güc mərkəzləri arasında yanaşma fərqləri daha qabarıq şəkildə üzə çıxır. Xüsusilə SEPAH ilə mülki idarəetmə strukturları arasında xarici siyasət kursu ilə bağlı ziddiyyətli mövqelər diqqət çəkir.
Hazırkı şəraitdə Vaşinqtonun təzyiq alətlərini genişləndirməsi ehtimalı güclənir və bu, İranın həm iqtisadi dayanıqlığına, həm də siyasi qərarvermə mexanizminə təsirsiz ötüşmür. Nəticə etibarilə, proseslərin inkişaf istiqaməti Tehran rəhbərliyinin daxili konsensus formalaşdırmaq qabiliyyətindən və beynəlxalq danışıqlarda tutacağı mövqedən birbaşa asılı olacaq.
Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə Sherg.az-a söyləyib ki, ABŞ-nin İrana qarşı blokadası öz nəticəsini verəcək:

“ Tehran nə qədər təkzib etsə də Vaşinqtonla dialoqdadır. ABŞ Hörmüzdə İrana qarşı tətbiq etdiyi blokada Tehranın iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir etməkdədir. İran da sistem daxilində fikir ayrılıqları inkişaf edir. Demək olar ki, SEPAH -la prezident administrasiyası ABŞ-lə dialoq məsələsində fikir ayrılıqlarına malikdir. Qeyd edim ki, Ali dini rəhbər M. Xameneinin danışıqlara razılıq verilməsi barədə açıqlaması olmuşdu. Artıq SEPAH o açıqlamaya düzəliş edərək, Ali dini rəhbərin danışıqlara ehtiyac olmadığı bəyanatını verib.
Analitik qeyd edib ki, ABŞ SEPAH-ı sarsıtmaq üçün iqtisadi blokadani inkişaf etdirəcək:
“İranın sosial və iqtisadi vəziyyəti ağırlaşdıqca, SEPAH daxilində parçalanmaya yol açması istisna deyil. İran sonunda ABŞ-lə razılığa gələcək. İran çalışır ki, öz mövqeyini qoruyaraq danışıqlarda maksimum müsbət nəticələr əldə etsin. Amma, ABŞ SEPAH-ın güclü şəkildə hakimiyyətdə qalmasına imkan verməyəcək".