Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ

"Çünki həm beynəlxalq nəzarət mexanizmləri, həm də iqtisadi və hərbi çəkindirmə faktorları açıq eskalasiyanı məhdudlaşdırır"

Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi mühit daha da gərginləşir, qarşılıqlı ittihamlar artır.

Seçkilər təkcə daxili siyasi rəqabət deyil, həm də ölkənin gələcək geosiyasi istiqamətinin müəyyənləşməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir.

Politoloq Areq Koçinyanın fikrincə, seçicilər iyunun 7-də keçiriləcək səsvermədə Ermənistanın hansı kursu seçəcəyinə, Qərbə inteqrasiya, yoxsa Russia ilə daha sıx bağlılıq yoluna üstünlük verəcəyinə qərar verəcək. Onun sözlərinə görə, xüsusilə müxalifətdə formalaşan qüvvələrin mümkün hakimiyyəti regionda yeni risklər, o cümlədən Azerbaijan ilə münasibətlərdə gərginlik ehtimalını da gündəmə gətirir: “Baş nazir Nikol Paşinyanın “üçbaşlı müharibə koalisiyası”nın hakimiyyətə gəlməsinin Azərbaycan və Ermənistan arasında yeni müharibəyə səbəb olacağı fikri doğrudur”. Bu qüvvələrin Rusiyaya bağlı olduğunu vurğulayan Koçinyan qeyd edib ki, Ermənistan hakimiyyətinə iddialı radikal müxalifətinin məqsədi ölkəni yenidən Rusiyanın əyalətinə çevirməkdir. Xatırladaq ki, Areq Koçinyan “üçbaşlı müharibə koalisiyası” dedikdə, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyalarının seçki ittifaqını nəzərdə tutur.

Ermənistandakı seçki mübarizəsini və “üçbaşlı müharibə koalisiyası”nın qalib gəlmə ehtimalını şərh edən politoloq Yusif Bağırzadə Sherg.az-a bildirib ki, Ermənistanda parlament seçkiləri öncəsi siyasi gərginliyin artması regionun ümumi təhlükəsizlik dinamikası baxımından gözlənilən bir tendensiyadır. Y.Bağırzadə deyib ki, onsuz da Ermənistanda seçki prosesinin adətən daxili siyasi qütbləşmənin kəskinləşdiyi mərhələyə çevrilir və hazırkı vəziyyət də bundan istisna deyil:

“Hakimiyyət və müxalifət arasında qarşılıqlı ittihamların sərtləşməsi, xüsusilə 2020-ci ildən sonra formalaşan post-müharibə reallığı fonunda, təkcə daxili siyasət deyil, həm də xarici siyasət kursu ətrafında gedən mübarizənin göstəricisidir.

Hazırkı hakimiyyət başçısı Nikol Paşinyan üçün əsas çağırış daxili legitimliyin qorunması ilə yanaşı, xarici balans siyasətini davam etdirməkdir. O, bir tərəfdən Qərblə daha yaxın əlaqələr qurmağa çalışır, digər tərəfdən isə Rusiya ilə tam qırılmadan yayınmağa çalışır. Bu balans siyasəti ona müəyyən mənada siyasi manevr imkanı verir.

Müxalifət düşərgəsində isə keçmiş prezident Robert Koçaryan və Rusiyadan göndərilən Samvel Karapetyanın ətrafında formalaşan bloklar və digər siyasi qruplar daha çox ənənəvi geosiyasi xəttə, yəni Rusiyaya yaxınlaşma modelinə üstünlük verirlər. Amma “üçbaşlı müharibə koalisiyası” kimi təqdim olunan ittifaqın real məqsədi hakimiyyətə gəlmək olsa da, onların siyasi platforması daha çox təhlükəsizlik və müttəfiqlik konsepsiyasının dəyişdirilməsi üzərində qurulub. 

Lakin burada mühüm nüans ondan ibarətdir ki, seçki qələbəsi avtomatik olaraq müharibə riskini artıran faktor deyil. Ermənistan kimi ölkələrdə xarici siyasət təkcə hakimiyyət dəyişimi ilə deyil, həm də beynəlxalq öhdəliklər, regional güc balansı və iqtisadi asılılıqlarla müəyyən olunur. Yəni istənilən hökumət bir anda radikal hərbi eskalasiyaya getmək imkanına malik deyil”.

Politoloq qeyd edib ki, əgər hipotetik olaraq Rusiyaya daha yaxın qüvvələr hakimiyyətə gələrsə ki, bu az inandırıcıdır o zaman daha çox siyasi kursun dəyişməsi, xüsusilə təhlükəsizlik və inteqrasiya məsələlərində Moskva ilə daha sıx koordinasiya müşahidə olunacaq:

“Lakin bu, avtomatik olaraq Azərbaycanla yeni müharibənin qaçılmaz olması demək deyil. Çünki hazırkı regional reallıq 2020-ci illə müqayisədə daha mürəkkəb və çoxşaxəlidir. Həm beynəlxalq nəzarət mexanizmləri, həm də iqtisadi və hərbi çəkindirmə faktorları açıq eskalasiyanı məhdudlaşdırır. Bir tərəfdən Ermənistanın hazırda Azərbaycanla müharibə etmək kimi gücü və imkanları yoxdur. İkinci bir tərəfdən Rusiyanın Ermənistana birbaşa dəstək verib Azərbaycanı və bizim müttəfiqləri qarşısına almaq ehtimalı yoxdur. 

Eyni zamanda, bir daha deyim ki, Paşinyanın məğlub olacağı ssenari də real deyil. Paşinyan uzun müddətdir ki, siyasi rəqiblərinin zəiflədilməsi istiqamətində və eyni şəkildə həmin siyasi qüvvələrə dəstək verən kilsənin mövqelərinin zəiflədilməsi istiqamətində aktiv fəaliyyət həyata keçirir. Və bu fəaliyyətə cəmiyyətin reaksiyası da göstərir ki, bununla bağlı Paşinyan və onun komandasına qarşı kütləvi etiraz demək olar ki, yoxdur. 

Nəticə etibarilə, hazırkı seçki prosesləri Ermənistanın daxili siyasi gələcəyini müəyyənləşdirəcək vacib mərhələdir, lakin onun nəticələrinin avtomatik olaraq yeni müharibəyə səbəb olacağını demək olmaz”.