"İş görmək istəyənlərə nə Türkiyədən, nə də Vətəndən dəstək var"

Dilqəm Əhməd: "Bir müsahibəsi ilə Türkiyədə gündəm olacaq elm adamlarımız yetişə bilmədi"

"Xocalı soyqırımının 30 illiyi İstanbulda onlarla tədbirə rəğmən, demək olar ki, bilinmədi"

1992-ci ilin fevralın 26-da erməni və rus silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 30-cu ildönümü ilə bağlı dünyanın bir çox ölkələrində anım tədbirləri keçirildi. Çoxsaylı tədbirlərin baş tutduğu ölkələrdən biri də qardaş Türkiyə oldu. Hər il Türkiyənin bir neçə böyük şəhərində soyqırım qurbanlarının anım mərasimləri ilə yanaşı, erməni vəhşiliklərinin təbliğatına həsr olunmuş tədbirlər də təşkil olunur.

İstanbulda soyqırımla bağlı bir neçə tədbirə qatılan araşdırmaçı-yazar Dilqəm Əhməd iştirak etdiyi yığıncaqlardan narazı qaldığını deyib. 

Yazar “Şərq”ə açıqlamasında bildirib ki, tədbirlərdə soyqırımın “30-cu ildönümü” hiss edilməyib. Araşdırmaçının fikrincə, bir il öncədən hazırlıq görülsəydi, yəni bir tədbir ölkənin Avropa, digəri isə Asiya hissəsində olsaydı, daha çox səs gətirərdi. 

Dilqəm Əhmədin sözlərinə görə, Azərbaycanda yanlış təsəvvür var ki, Türkiyədə tariximiz, mədəniyyətimiz qardaşlarımıza tam bəllidir. Yazar qeyd edib ki, bu, kökündən yanlışdır: 

“Türkiyədə Azərbaycanı sahə üzrə mütəxəssisləşmiş nadir sayda insanlar yaxından bilirlər. 6 ildir mütəmadi İstanbulda yaşayıram. Burada demək olar ki, Azərbaycan türk varlığı bilinmir. Nə universitetlərdə Azərbaycanla bağlı mərkəzlər, kitabxanalar var, nə də Azərbaycan adına qurulan dərnəklərin imkanları var. Əlbəttə, bunu ermənilərlə müqayisə etməyi doğru hesab etmirəm. Çünki proses fərqlidir. 

Ermənilər arasında Osmanlı dövründə nazir səviyyəsinə qədər yüksələnlər olub. Memarlıqda, kitabçılıqda və bir çox sahədə erməni ənənəsi indi də güclü şəkildə davam edir. Ermənilər Lozanna konfransına görə, Türkiyənin etnik xalqı sayılır və onların ayrıca məktəbləri var. Amma Azərbaycan türkləri 1850-ci illərdən Türkiyə ərazisinə yerləşiblər. Cümhuriyyətin işğalından sonra isə daha çox insan gəlib. Hazırda Türkiyədə müxtəlif dövrlərdə və müxtəlif məqsədlərlə bura gəlmiş saysız-hesabsız azərbaycanlı var. 

Zəngin iş adamlarımız çoxdur. Ancaq onları öz çevrələri istisna olmaqla heç yerdə görməzsiniz, qurduğu təşkilatlar da ancaq öz dəstələri üçündür. Təkcə iş adamı Mübariz Mənsimov idi, onunla da əlaqə saxlamaq hər insana nəsib olmurdu. Onun da başı siyasi məsələlərə görə daim qalmaqaldadır”. 

D.Əhməd vurğulayıb ki, toplumu təşkilatlandıran bir neçə faktor var - iş adamları, nüfuzlu ziyalılar və güclü təşkilatlar:

 “Təəssüf ki, bunlar bizdə yoxdur. Türkiyədə kifayət qədər azərbaycanlı ziyalı var, amma onların nüfuzu nəinki Türkiyə ictimaiyyətini, heç Azərbaycan toplumunu da bir araya gətirəcək səviyyədə deyil. Bir müsahibəsi ilə Türkiyədə gündəm olacaq elm adamlarımız yetişə bilmədi. Parlamentdə Azərbaycan doğumlu millət vəkilimiz olmadı. 

Təşkilatlarımızın nəinki ictimai fikir yaratmağa, heç tələbələrə təqaüd verməyə gücü yoxdur. Buna görə də Türkiyə ictimaiyyətinin Azərbaycanla bağlı məsələləri ətraflı bilməməsi olduqca təbiidir. 

Burada Azərbaycanla bağlı kitablar tanınmayan nəşriyyatlarda cüzi tirajla çıxır. İş görmək istəyənlərə nə vətəndən, nə də buradan dəstək var. İstanbulda 5 il ərzində o qədər məzarlıq gəzmişəm ki. Neçə məzarı torpaq altından çıxarmışam, neçəsini təmir etdirmişəm, kitab hazırlamışam. Ancaq layihəmə dəstək verən yoxdur”. 
Yazarın fikrincə, Xocalı məsələsinə də sırf bu kontekstdən baxmaq lazımdır: “Təşkilatların ayrı-ayrı tədbir keçirməsini başa düşmək olar. 

Dövlətimizin qurumları da ayrı-ayrı təşkil edirlər. Kim bir yerdən dəstək tapırsa, dərhal tədbir keçirir. Çünki təşkilatın hesabatına “nəsə” yazılmalıdır.

 Halbuki Xocalı sıyqırımının 30-cu ildönümünə bir il öncədən hazırlaşmaq lazım idi. İstanbul böyük şəhərdir, ona görə də Asiya və Avropa hissəsində iki ayrı böyük tədbir bəs edərdi. Böyük tədbirlərə ciddi medialar da gələrdi. Türkiyədə istənilən kitab mağazasına girin və Azərbaycan haqqında kitab soruşun. Əmin olun, əksəriyyətində “yoxdur” cavabı eşidəcəksiniz. Kitablar çıxır, amma yayımı və təbliğatı olmadığı üçün varlığı ilə yoxluğu bilinmir. 

Burada yüz min tirajla kitab çıxaracaq nəşriyyatımız yoxdur. Mağazalarda yer alacaq qəzet və jurnalımız da çatışmır. Türkiyədəki təşkilatlarımızın tarixini yazıram, mühacirət dövründə də belə olub. 

10-15 nəfər bir araya gəlib başqa-başqa təşkilatlar qurublar. Türk millətçiləri hətta bu məsələyə etiraz da ediblər ki, “bir ovucsunuz, niyə birləşmirsiniz?”. Görünür, bir az da xarakterimizlə bağlıdır. Əsl səbəbi geniş araşdırmaq lazımdır. Amma əminliklə deyirəm ki, Xocalı soyqırımının 30 illiyi İstanbulda onlarla tədbirə rəğmən, demək olar ki, bilinmədi”.