Kasprşiki daha Azərbaycanda dinləyən olmayacaq

Nüfuzu qalmadı

“O, uzun müddətdir Azərbaycan ərazisində baş verənləri təhrif etməklə məşğuldur”
  
ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kasprşik Ermənistana gəlib və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşüb. Kasprşikin Bakıya da səfəri gözlənilirdi. Amma xəbərlərə görə, Azərbaycan Kasprşikin bu cür mandatda səfərini yersiz hesab edərək, onu Bakıda qəbul etməkdən imtina edib. Həmçinin, Belçikanın xarici işlər naziri Hadca Labib də Ermənistanda səfərdə olub və reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edən Labib Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib. Daha sonra Azərbaycana səfər edən Belçika XİN başçısı həmkarı Ceyhun Bayramovla görüşüb.
 
 Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, BMT-nin 193 üzvü var. Ekspert vurğulayıb ki, həmin dövlətlərin bir çoxu ya Azərbaycanda baş verən hadisələrdən xəbərsizdir, yaxud erməni təbliğatı nəticəsində yanlış bəyanatlar səsləndirirlər: "BMT-nin TŞ-nin sonuncu iclasında çıxış edənlərin əksəriyyəti Laçın yolunun açılması zərurətini qabartdı. Anlamaq istəmədilər ki, problem yol, dəhliz, "humanitar yardım" məsələsi deyil. Hədəf Azərbaycanın suverenliyini qəbul etməmək, ərazi bütövlüyümüzə qəsd etmək və "müstəqillik" iddiasıdır. Həmin iclasda çıxış edən dövlət təmsilçiləri çoxlu yanlış iddialar səsləndirdilər. Bu, bizim üçün yeni deyildi. Son 30 ildə Azərbaycan bu yanlış yanaşmaları düzəltmək üçün əlindən gələni edib. Bu işdə həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev çox böyük xidmətlər göstəriblər. Səbrlə, yorulmadan Azərbaycan həqiqətlərini onlara çatdırmağa çalışıblar. Ondan sonra mövqelərini dəyişənlər də olub, əvvəl söylədiklərini tutuquşu kimi təkrarlayanlar da. Ancaq reallıq ondan ibarətdir ki, dövlət başçısı İlham Əliyevin apardığı danışıqlar bugünki reallığın formalaşmasına səbəb olub. Əgər hazırda baş verən hadisələr əvvəllər yaşansaydı, BMT TŞ-nin qəbul edəcəyi qərar tamamilə fərqli ola bilərdi. Ermənistan bunları görür. Ermənilər Azərbaycanın mövqelərinin dünya tərəfindən dəstəklənməsinə hər gün şahid olur".
  A.Səmədovun qənaətincə, hər yanlış mövqe sərgiləyən dövlət təmsilçisini düşmən kimi qəbul etsək, onlarla təmasdan qaçsaq, son nəticədə bizim xeyrimizə olmaz: "Ona görə də görüşməli, danışmalıyıq. Onlara reallıqları başa salmalıyıq. Ancaq ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kasprşik tamamilə fərqli məsələdir. O, uzun müddətdir Azərbaycan ərazisində baş verənləri təhrif etməklə məşğuldur. Ərazimizin minalanmasına göz yumur. Ermənilərin qeyri-qanuni hərəkətlərinə reaksiya verməyib və utanmadan yenə də bölgəyə səfər etməyə cəhd göstərir. O cür qeyri-ciddi adamın ölkəyə buraxılmaması təbiidir. Çünki özünü nüfuzdan salmış bir şəxsdir. Belçika XİN rəhbəri ilə aparılan danışıqların nəticəsiz qalmayacağını güman edirəm. Müəyyən məsələləri qonağa izah etmək mümkün olacaq".