"SSRİ bayrağı altında yürüş etməyə cəhd göstərən şəxslərin fəaliyyəti dövlətçiliyimizə, tariximizin ağrılı səhifələrinə və müstəqillik uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə hörmətsizlikdir"
"Azərbaycan dövləti bu kimi hallara heç vaxt göz yummayacaq"
Sosial şəbəkələrdə keçmiş SSRİ və Azərbaycan SSR bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatlarla Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub. Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi xalqımızın iradəsi ilə bərpa edilib. Deputat vurğulayıb ki, bu müstəqillik əbədi olub və olacaq:

"Ölkəmizin suverenliyinə, dövlətçilik prinsip və dəyərlərinə qarşı yönəlmiş hər hansı ideoloji çağırış, xüsusilə totalitar rejimlərin simvollarının təbliği qəti şəkildə qəbuledilməzdir. Bu gün baş verən SSRİ bayrağı altında yürüş etməyə cəhd göstərən şəxslərin fəaliyyəti dövlətçiliyimizə, tariximizin ağrılı səhifələrinə və müstəqillik uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə hörmətsizlikdir. Azərbaycan dövləti bu kimi hallara heç vaxt göz yummayacaq. Sözün əsl mənasında, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları ictimai sabitliyi və konstitusiya quruluşunu hədəfə alan hər bir cəhdin qarşısını almaqda davam edəcək. Bu torpaq üzərində heç bir qüvvə müstəqilliyimizə kölgə sala bilməz".