Natəvan Dəmirçioğlu: “Azərbaycanın Zəfər tağı dörd sütunun üzərində dayanır”

44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm yer tutan hadisələrdən biridir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Müharibə dövründə Azərbaycan Ordusunun fəaliyyəti, şəhid və qazilərin göstərdiyi fədakarlıq, eləcə də cəmiyyətin həmrəyliyi qələbənin əsas məqamları sırasındadır. Həmin dövrə dair qiymətləndirmələrdə Azərbaycan dövlətinin və xalqının birliyi, ordunun hazırlığı və hərbi əməliyyatların gedişi xüsusi diqqət çəkir.

Yazıçı, filologiya üzrə fəlsəfə doktoru, media eksperti, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Natəvan Dəmirçioğlu Sherg.az-a Azərbaycanın keçdiyi şərəfli zəfər yolundan danışıb:

"44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini təmin edən dörd amil var idi. Birincisi, şəhidlərimizin uca, əyilməz və qüdrətli ruhu idi. İkincisi, Azərbaycan Ordusunun bütün bölmələrini- quru qoşunlarını, hərbi hava qüvvələrini, hərbi dəniz qüvvələrini, xüsusi təyinatlıları və əlahiddə qoşun hissələrini son döyüş hazırlığı vəziyyətinə gətirən Ali Baş Komandan cənab İlham Əliyev idi. O, şəxsi heyətin hazırlığının, texniki təchizatının, silah arsenalının, nizam-intizamının və döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılmasını təmin etdi. Tarixin və taleyin hökm verdiyi anda, ən doğru zamanda əks-hücum əməliyyatı qərarı verən də Ali Baş Komandanımız idi.   Üçüncüsü, taleyindən, sevgisindən, səhhətindən vətənə pay verən qazilərimizdir. Dördüncüsü isə bütün bunların arxasında dayanan, dövlətinə və rəhbərinə dayaq olan, ordusunun mənəvi dayaq nöqtəsinə çevrilən, bir yumruq kimi birləşmiş Azərbaycan xalqı idi. Azərbaycanın Zəfər tağı bu dörd sütunun üzərində dayanır".

Ekspert beynəlxalq qurumların qətnamələrinin münaqişənin həllində nəticə vermədiyini də qeyd edib:

"BMT-nin dörd qətnaməsi var idi. Orada göstərilirdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistan silahlı birləşmələri zəbt etdikləri ərazilərdən qeyd-şərtsiz geri çəkilməlidirlər. Lakin onlar buna əməl etmədilər. ATƏT-in Minsk qrupu var idi. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, danışıqlar yolu ilə həll edilməli idi. Həll edilmədi. Dünyanın böyük humanitar təşkilatları, insan hüquqlarını təmin edən qurumlar var idi. Amma onlar Azərbaycanın bir milyondan artıq qaçqınının, məcburi köçkünün taleyini həll edə bilmədilər. Nəticədə Azərbaycan xalqı, Azərbaycan Ordusu və Azərbaycan dövləti birləşərək, bir yumruq kimi öz torpaqlarını azad etdi. Heç kəsin üzərinə kölgə sala bilməyəcəyi bir zəfər qazandı.

Zəfərimiz əbədi olsun!".