- “Çünki İrandakı SEPAH rejimi danışıqları uzatmaqla məşğuldur"
İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampa İranla bağlı iqtisadi təzyiqlərin artırılması təklifindən sonra Tehran-Vaşinqton xəttində gərginlik yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Netanyahu İranı idarə edən qüvvələrlə diplomatik razılaşmanın mümkün olmadığını bildirərək, Tramp administrasiyasının yeni iqtisadi təzyiq kampaniyasını dəstəklədiyini açıqlayıb. Bu fonda əsas sual ABŞ-ın İrana qarşı hərbi təzyiqdən iqtisadi təzyiqə keçidinin hansı nəticələr verə biləcəyi və bunun Tehranı danışıqlar masasına gətirib-gətirməyəcəyidir.
Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli “Sherg.az”a bildirdi ki, Netanyahunun bu sözündə həqiqət payı var:
“Çünki İrandakı SEPAH rejimi danışıqları uzatmaqla məşğuldur. Təklif olunan 16 maddəlik memorandum var idi, onu belə qəbul etmədi. Amerika ilə İran arasında hazırlanmış memorandum İranın çox xeyrinə idi. Əslində, bu memorandum İran tərəfini danışıqlar masasına çəkmək məqsədi daşıyırdı. Yəni “nə deyirsiniz, razıyıq, gəlin oturaq danışaq” demək idi. Amma İran tərəfi həmin iki gəmini atəşə tutmaqla bu prosesi pozdu və memoranduma razı olmadığını göstərdi. Məclisdə qəbul olunan qərarlar, qanunlar, daha sonra Amerikadakı təsislərə hücumlar və Hörmüz boğazındakı fəaliyyətlər göstərir ki, İran həqiqətən də münaqişənin sülh yolu ilə çözülməsini istəmir”.
Sabiq səfir qeyd etdi ki, fevralın 28-də Vilayət Fəqihini və onun yüksək rütbəli hərbçilərini məhv etdilər və savaş başladı:
“O zaman mən düşünürdüm ki, İranın ayrı-ayrı nöqtələrini vurmaqla orada rejimi dəyişdirmək mümkün deyil. Hadisələr də göstərdi ki, həqiqətən, bunu etmək mümkün deyil. Çünki Amerika desantı Tehrandakı dövlət müəssisələrini ələ keçirməyincə, rejimi dəyişdirmək mümkün deyil. Amma Amerika tərəfi belə bir addımı ata bilməz. Çünki bu, çox böyük itkilər və qurbanlar hesabına başa gələ bilər. Digər tərəfdən İrandakı rejim çox böyük yaralar aldı, yəni budandı. Hətta onun müttəfiqləri də zəiflədi. Amma rejim məhv olmadı, öz varlığını qoruyub saxlaya bildi. Digər tərəfdən, Amerikanın daim hərbi təzyiqi davam etdirməsi də müəyyən nəticə vermədi. Belə vəziyyətdə iqtisadi embarqonu tətbiq etmək, daha doğrusu, onu gücləndirmək çox məntiqlidir. Eyni zamanda, Tramp administrasiyasının çətin durumda olduğu da məlum məsələdir. Amerikada benzinin pərakəndə satış qiymətlərinin artması ölkə daxilində də ciddi təsir göstərir. Bu məsələ noyabrda keçiriləcək aralıq seçkilərinə də, əlbəttə ki, təsirsiz qalmır. Ona görə Tramp administrasiyasının bu addımı mənə çox məntiqli görünür”.