Elməfdin Muradlı: "Gənclər başa düşməlidirlər ki, motosikl və moped sadəcə əyləncə vasitəsi deyil, nəqliyyat vasitəsidir"
Azərbaycanda, xüsusilə də gənclər arasında moped və motosikllərdən istifadə halları əhəmiyyətli dərəcədə artıb. Bu nəqliyyat vasitələri həm rahat və sürətli hərəkət imkanı yaratdığı, həm də əyləncə məqsədilə maraq doğurduğu üçün geniş yayılıb.
Lakin onlardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi, sürücülük vəsiqəsi olmadan və dövlət qeydiyyatından keçmədən idarə olunması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi problemlər yaradır. Bu səbəbdən moped və motosikllərin istifadəsinə nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə əməl olunması və gənclərin bu sahədə maarifləndirilməsi günün aktual məsələlərindən biridir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməfdin Muradlı Sherg.az-a bildirib ki, qanunvericilikdə motosiklların idarə edilməsi ilə bağlı dəyişiklik çoxdan edilib:

"Həm mopedin, həm də motosiklin idarə olunması üçün mütləq sürücülük vəsiqəsi tələb olunur. Motosikllər və mopedlər dövlət qeydiyyatına alınmalı və üzərlərində dövlət qeydiyyat nişanı olmalıdır.
Hazırda bir çox gənclər, xüsusilə də gənc qızlar bu nəqliyyat vasitələrinə maraq göstərirlər. Dəfələrlə görmüşəm ki, şəhərin müxtəlif parklarında və kənar ərazilərdə onlardan istifadə etməyi öyrənməyə çalışırlar. Öyrədənlər isə adətən sevgililəri, sinif və ya tələbə yoldaşları və ya qohumları olur. Lakin gənclər başa düşməlidirlər ki, motosikl və moped sadəcə əyləncə vasitəsi deyil, nəqliyyat vasitəsidir. Onları idarə etmək üçün müəyyən qaydaları bilmək, öyrənmək və təcrübə keçmək lazımdır. Təkcə “motosikli belə işə salırsan, belə sürürsən, tormuzu belə basırsan” deməklə məsələ həll olunmur".
Ekspert vurğulayıb ki, mütləq yol hərəkəti qaydaları, nişanlar, svetoforlar və nişanlanma xətləri də öyrənilməlidir:
"Bütün bunlar bizi ciddi şəkildə narahat edən məsələlərdir. Ona görə də bu sahəyə nəzarət daha da gücləndirilməlidir. Sürücülük vəsiqəsi olmadan, dövlət qeydiyyatından keçmədən, nömrəsiz şəkildə moped və motosikl idarə edən şəxslər mütləq cəzalandırılmalıdır".