Ermənistan və Rusiya dəmir yollarının fəaliyyəti ilə bağlı yaranan problemlərin həlli üçün birgə işçi qrupu yaradacaq. Tərəflər dəmir yolu infrastrukturunun inkişafı və Ermənistanın beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiyası məsələlərini müzakirə ediblər.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin baş nazir Nikol Paşinyanla “Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru Oleq Belozerov arasında keçirilən görüşün nəticələrinə dair məlumatında bildirilib.
İrəvanda baş tutan görüşdə Paşinyan regionda nəqliyyat infrastrukturunun blokdan çıxarılması imkanlarını nəzərə alaraq, Ermənistan dəmir yollarının rəqabət qabiliyyətinin artırılmasının və qonşu ölkələrin, eləcə də beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiyasının vacibliyini vurğulayıb.
Tərəflər bu istiqamətdə mövcud imkanları, dəmir yolu infrastrukturunun inkişafı və beynəlxalq nəqliyyat marşrutlarına qoşulmaq üçün atılacaq addımları müzakirə ediblər.
Görüşdə Türkiyə sərhədinə qədər uzanan Gümrü–Axurik dəmir yolu xəttinin, eləcə də Arazdəyən–Naxçıvan istiqamətindəki dəmir yolu hissəsinin bərpası layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin konsessiya idarəçiliyi dövründə infrastrukturun inkişafı, idarəetmənin səmərəliliyi və mövcud problemlərin aradan qaldırılması imkanları nəzərdən keçirilib.
Məlumata görə, tərəflər qaldırılan məsələləri qısa müddətdə müzakirə etmək, mümkün həll yollarını müəyyənləşdirmək və növbəti addımları dəqiqləşdirmək məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Qeyd edək ki, Ermənistan dəmir yollarının idarə olunması ilə bağlı Rusiya konsessiyasının yenidən nəzərdən keçirilməsi məsələsi regionda nəqliyyat əlaqələrinin bərpası planları fonunda gündəmə gəlib. Paşinyan daha əvvəl konsessiyanın Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər kimi üçüncü ölkəyə verilməsi ehtimalını irəli sürüb.
2008-ci ilin fevralında Ermənistanın dəmir yolu infrastrukturu 30 il müddətinə “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin konsessiya idarəçiliyinə verilib. Müqavilənin müddətinin daha 10 il uzadılması imkanı da nəzərdə tutulub.