Prezidentin narahatlığına ciddi əsas var:“Bakını korlayırlar, təhlükəni artırırlar”

Prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.  Ölkə başçısı bildirib:

“Sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır. Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır - Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək. Ancaq yenə də deyirəm, son vaxtlar görülmüş tədbirlər nəticəsində Bakının memarlıq ansamblı xeyli sağlamlaşdı. Bu gün bir daha demək istəyirəm, Bakı unikal şəhərdir, dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hər kəs deyir, mənim aləmimdə Bakı dünyanın ən gözəl şəhəridir”.

Prezidentin qanunsuz və səliqəsiz tikililərlə bağlı xəbərdarlığı haqqında “Sherg.az”a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, Prezidentin narahatlığına ciddi əsas var:

“Bakı şəhərində həyətlərdə, gözdən uzaq yerlərdə qanunsuz olaraq tikintilər gedir. Yerli icra hakimiyyətləri hansı yolla icazə verdiklərini bilmirəm. Həyət-bacaları tamam korlayırlar, yanğın təhlükəsini artırırlar. Ona görə Prezident xəbərdarlıq edir. Bu proses davam etməkdədir. Yeri gəlmişkən, Cənab Prezident bu barədə dəfələrlə danışıb. Təəssüf ki, yerlərdə yerli icra orqanları buna fikir vermirlər - yaşıllıqları qırmağa davam edirlər, enli küçələri ortasındakı yaşıl zolaqları binlarla əvəz edirlər. Nəticədə bir enli küçə iki dar küçəyə çevrilir”.

S.Məmmədov hesab edir ki,  belə xəbərdarlıqlardan sonra müəyyən inkişafa meyilli nəticələr olur:

“Prezidentin dedikləri ilə tam razıyam. Bəli, şəhərdə eybəcər, yöndəmsiz, plansız tikililər var. Əlbəttə, hər dəfə ölkə başçısının xəbərdarlıqlarından sonra müsbətə doğru dəyişən proseslərin şahidi oluruq. Əminəm ki, bu çıxışın da müsbət nəticəsi olacaq”. 


Çimnaz Şahlar