Qazaxıstan Azərbaycanın strateji müttəfiqidir



Qarşılıqlı olaraq iki ölkə arasında həm ticarət, həm investisiya əlaqələrinin genişlənməsi müşahidə olunur

Qazaxıstan və Azərbaycanın müxtəlif qurumları arasında iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Əməkdaşlığa dair ilk imzalanan sənəd Qazaxıstanın “Kaztrade” Səhmdar Cəmiyyəti ilə Gəncə İş Adamları İctimai Birliyinin arasında memorandum olub. Həmçinin, metal prokatının, günəbaxan yağının, duz və lak-boya məmulatlarının tədarükü üzrə müqavilələr imzalanıb. Eyni zamanda iki ölkənin standartlaşdırma orqanları arasında anlaşma əldə edilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib ki, Azərbaycan Qazaxıstan iqtisadiyyatına 200 milyon dollardan çox investisiya yatırıb. Ötən il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi təxminən 136 milyon dollar təşkil edib. İnvestisiyalara gəlincə isə 1995-2021-ci illər ərzində Azərbaycanın Qazaxıstanın qeyri-neft sektoruna investisiyaları 200 milyon dollardan çox olub. Qazaxıstanın isə Azərbaycanın qeyri-neft sektoruna sərmayələri təxminən 100 milyon dollar təşkil edib. O.Məmmədov bəyan edib ki, Azərbaycan əlverişli biznes və investisiya mühiti ilə tanınır: “Ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkətin qeydiyyatdan keçməsi buna sübutdur. Onların arasında Qazaxıstan kapitallı 159 şirkət (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) var. Qazaxıstan bazarında Azərbaycan şirkətləri də təmsil olunur. 
İki ölkə arasındakı iqtisadi əməkdaşlığa diqqət çəkən millət vəkili Vüqar Bayramov “Şərq”ə bildirib ki, Qazaxıstan Azərbaycanın strateji müttəfiqidir. Deputat vurğulayıb ki, hər iki ölkə fərqli beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq edirlər: “Qazaxıstan və Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və başqa qurumlar nəzdində sıx əməkdaşlıq həyata keçirirlər. Qarşılıqlı olaraq iki ölkə arasında həm ticarət, həm investisiya əlaqələrinin genişlənməsi müşahidə olunur. Son günlər Qazaxıstan və Azərbaycan arasında imzalanan sənədlər, aparılan müzakirələr nəticə etibarı ilə iki dövlət arasında ticarət dövriyyəsinin artmasına, daha çox vəsaitin sərmayə qoyuluşu formasında ölkə iqtisadiyyatına yönəldilməsinə imkan verəcək. Bu da iqtisadi əlaqələrin genişlənməsi baxımından olduqca vacibdir”.