Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı uzun müddətdir gözlənilən qərar yenidən gündəmə gəlib.
Dövlət Sərhəd Xidmətinin (DSX) son açıqlamasında diqqət çəkən məqam yalnız Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni elektron sərhəd nəzarəti sisteminin istifadəyə verilməsi deyil. Açıqlamada bildirilib ki, növbəti mərhələdə bu sistemin digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi nəzərdə tutulur.
Məhz bu detal quru sərhədlərin gələcəyi ilə bağlı yeni suallar yaradıb.
DSX-nin məlumatına görə, yeni sistem biometrik identifikasiya və avtomatlaşdırılmış pasport nəzarəti vasitəsilə sərhədkeçmə prosesini cəmi 20 saniyəyə qədər sürətləndirir. Hazırda sistem hava limanında tətbiq edilir, lakin qurum sərhəd nəzarətinin digər buraxılış məntəqələrində də müasir texnologiyaların tətbiqinin planlaşdırıldığını açıqlayır.
Bu isə o deməkdir ki, Azərbaycanın sərhəd infrastrukturu yalnız hava nəqliyyatı üçün deyil, digər sərhəd-keçid məntəqələri üçün də yeni texnoloji mərhələyə hazırlanır.
Təbii ki, DSX-nin açıqlamasında quru sərhədlərin konkret tarixdə açılacağı barədə birbaşa məlumat yoxdur. Lakin “digər dövlət sərhədindən buraxılış məntəqələri” ilə bağlı planın məhz indi açıqlanması diqqətdən yayınmır.
Beləliklə, son açıqlama quru sərhədlərin açılması ilə bağlı gözləntiləri yenidən artırır. Əgər proses növbəti mərhələdə quru sərhəd-keçid məntəqələrinə də şamil edilərsə, bu, uzun müddətdir gözlənilən sərhəd rejimində dəyişiklik üçün mühüm hazırlıq addımı ola bilər.
Bir sözlə, DSX-nin son açıqlamasında quru sərhədlərlə bağlı birbaşa “açılır” ifadəsi yoxdur. Amma verilən mesaj Azərbaycanın sərhəd-keçid sisteminin yeni mərhələyə hazırlandığını göstərir və yaxın günlərdə verilə biləcək qərarlarla bağlı marağı daha da artırır.
Aygün Günaydın