Sülhməramlıların gözü qarşısında müharibəyə hazırlaşırlar - ŞƏRH

Rövşən Məhərrəmov: "Növbəti "Qisas" əməliyyatları isə erməni silahlı dəstələrinin sonunu gətirəcək"
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri təxribat əməllərini davam etdirirlər. Əldə edilmiş görüntülərdən aydın olur ki, erməni silahlı dəstələri Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq orada tərtiblənməyə cəhd göstərirlər. Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən aktiv hazırlıq və gücləndirmə işlərinin görülməsi faktları ortadadır. Videogörüntülərdə Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində yerləşdirilən müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrinin maskalanması, onlar üçün ehtiyat döyüş mövqelərinin yaradılması halları da müşahidə olunur. Qeyri-qanuni erməni silahlı dəstələrinin bu kimi təxribat əməlləri son vaxtlar daha da intensivləşib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər. Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. 
Son günlər erməni təxribatlarının intensivləşməsi ilə bağlı "Sherg.az"a danışan ehtiyatda olan polkovnik, Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov proseslərə daha geniş aspektdən nəzər salıb. Hərbi ekspert üç masada - Brüssel, Vaşinqton və Moskvada aparılan sülh danışıqlarına diqqət çəkib: "Brüssel və Vaşinqton görüşlərində müəyyən nailiyyətlər əldə olunandan sonra Rusiya XİN sözçüsü Mariya Zaxarova Qərbin təşəbbüsü ilə keçirilən danışıqların təhlükəli olması barədə açıqlama verdi və Qarabağda gərginliyin yaranacağını söylədi. 
Aydın məsələdir ki, Moskva Cənubi Qafqazda sülhün, sabitliyin olmasında maraqlı deyil. Brüsseldə reallaşan üçtərəfli sonuncu görüşdə Azərbaycan rəhbərliyi Laçın yolunun hansı səbəblərdən və kimlər üçün bağlandığını ifadə etdi. Dövlət başçısı İlham Əliyev təklif irəli sürdü ki, humanitar yardımların daşınması Ağdam-Xankəndi marşrutu ilə həyata keçirilsin. Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də dəstəklədi. Lakin ərazimizdə yerləşmiş separatçılar Ağdam istiqamətində yollarda beton səddlər quraşdırdılar və alternativ yol təklifi ilə razı olmadıqlarını bildirdilər. Separatçılar Qarabağda "humanitar böhran" yaşandığını iddia etdilər. Sonra Ermənistan və dəstəkçiləri sayı əvvəlcə 19, sonra 22-ə çatdırılan TIR şousuna baş vurdular. Bunların hamısı Azərbaycana təzyiq metodudur. 1988-89-cu illərdə də ermənilər Qarabağda bənzər addımlar atırdılar. Artıq zaman və siyasət dəyişib. Azərbaycan qətiyyətli addımlar ataraq Laçın yolunun həmin məqsədlə açılmasına imkan vermir. Alternativ yol kimi təklif etdiyimiz Ağdam-Xankəndi yolu üzərində dayanmalıyıq. Laçın yolu isə bağlı deyil. Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndi və ətraf rayondakı xəstələri sərbəst şəkildə Ermənistana aparır. Bunu qəbul etməyən separatçılar rəsmi Bakını "güc tətbiq etməklə" hədələyir, separatçıların başçısı Araik Arutyunyan Azərbaycanı təhdid etməkdən çəkinmir". 
R.Məhərrəmov vurğulayıb ki, Azərbaycan ərazisində xeyli sayda erməni silahlı dəstələri qalmaqdadır. Onun sözlərinə görə, Rusiya sülhməramlıları qarant kimi gördüyü həmin qüvvələri ötən üç il müddətində bölgədən çıxartmayıb: 
"Əlimizdə əsas var ki, antiterror əməliyyatlarına başlayaq və qanunsuz dəstələri tərksilah edək. Xankəndi və ətraf rayonlarda suverenliyimizi təmin etməliyik. Ermənistanın təxribatlara, müharibəyə hazırlıq görməsi bizim üçün təhlükə yaratmır. Qarabağda erməni silahlı birləşmələri səngər qazır, müdafiə-istehkam işləri görürlər. Özü də bunu Rusiya sülhməramlılarının gözü qarşısında edirlər. Qarabağdakı silahlı ünsürlərin təxribatından sonra bir neçə dəfə antiterror əməliyyatları keçirilib və bir sıra önəmli yüksəkliklər nəzarətimizə keçib. Bu əməliyyatları ruslara rəğmən, həyata keçirtmişik. 44 günlük müharibənin qalibi olan Azərbaycan Ordusu ötən müddət ərzində daha da güclənib, müasir silahlarla təchiz olunub, komando hərbi hissələri yaradılıb. Azərbaycan Ordusu hər cəhətdən erməni silahlılarından çox üstün və güclüdür. Ermənilərin həm Laçın istiqamətində, həm də Qarabağda törədəcəyi istənilən təxribatlara da çox ağır formada cavab veriləcək. Növbəti "Qisas" əməliyyatları isə erməni silahlı dəstələrinin sonunu gətirəcək. Bu, onların sonuncu təxribatı olacaq. Şərti sərhədlərimizdə törədiləcək təxribat cəhdlərinin də qarşısı alınacaq. Azərbaycan sərhəddə "bufer zona" yaratmağa məcburdur ki, Ermənistan tərəfindən sərhəd bölgəsində yaşayan vətəndaşlarımız üçün təhlükə yaranmasın. Bir məqamı qeyd edim ki, erməni təxribatlarında İranın da barmağı var. Ötən günlərdə İranın təlimatçıları Qarabağa göndərilmişdi. Xüsusi xidmət orqanlarımız onların adlarını, fotolarını üzə çıxarmışdı. Güman edirəm ki, qeyri-qanuni silahlı birləşmələrin içində iranlılar da var".