Şuşa da beynəlxalq diskussiya platformasına çevrilir
Bakıda keçirilən Forumun əvəzsiz rolu bütün dünyanın diqqətindədir
IX Qlobal Bakı Forumunun iştirakçıları iyun ayının 19-da işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət ediblər. Forum iştirakçıları Şuşada panel müzakirələri aparıblar. “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının Yenidənqurulması və İnkişafına Baxışı” mövzusunda Şuşada keçirilən panelin moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin olub.
Serageldin deyib ki, azad edilmiş ərazilərin minalardan regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Paneldə çıxış edən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, Şuşada 2 mindən çox tarixi abidə var və erməni işğalı dövründə həmin abidələrin bir çoxu dağıdılıb. Aydın Kərimov bu abidələrin bir hissəsinin bərpa edilməkdə olunduğunu nəzərə çatdırıb. Şəhərdə aparılan yenidənqurma işlərindən danışan xüsusi nümayəndə qeyd edib ki, Şuşa elektrik enerjisi ilə tam təchiz olunub:
“Şəhərin su təchizatının yaxşılaşdırılması, yeni su mənbələrinin tapılması istiqamətində işlər davam edir. Həmçinin şəhərin kanalizasiya sistemləri yenilənir. Şuşada yeni yollar və küçələr salınacaq”. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov isə bildirib ki, hazırda azad olunmuş ərazilərin minalardan təmizlənməsi davam edir. Emin Hüseynov azad olunmuş ərazilərdə ötən dövrdə aparılan quruculuq işlərindən danışıb.
Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev qeyd edib ki, işğaldan əvvəl Zəngilanda 31330 insan yaşayıb, 9 məktəbəqədər təhsil müəssisəsi, 19 ibtidai məktəb fəaliyyət göstərib. İşğal dövründə Zəngilanın ekosisteminə də böyük zərbə vurulub. Onun sözlərinə görə, rayon günəş enerjisi və ekoturizm üçün böyük potensiala malikdir: “Bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi də başa çatdırılacaq”.
E.Hüseynov qeyd edib ki, Azərbaycan meqa layihə həyata keçirir. Qarabağın bərpası misli görünməmiş böyük bir layihədir:
“Bu böyük layihəni Azərbaycan dövləti heç bir yardım, kömək almadan öz imkanları hesabına həyata keçirir. Forumun nüfuzlu iştirakçılarını Azərbaycanın həyata keçirdiyi bu meqa layihə və bu layihənin idarə edilməsi barədə məlumatlandırdıq. Eyni zamanda azad olunmuş ərazilərin minalardan təmizlənməsi və bu işin nə qədər çətin olduğu barədə danışdıq. Hansı şəhərlərin baş planlarının hazırlanması, şəhər, qəsəbə və kəndlərin bərpası ilə bağlı qarşıda duran əsas hədəflər Forum iştirakçılarının diqqətinə çatdırıldı”.
Politoloq İlyas Hüseynov bildirib ki, dünyanın siyasi gündəliyin olan məsələlərin müzakirəsi baxımından IX Qlobal Bakı Forumunun mühüm əhəmiyyəti var. Ekspertə görə, bu gün dünyada bir sıra qlobal əhəmiyyətli problemlər mövcuddur:
“Qlobal təhlükəsizlik quruculuğunun yenidən nəzərdən keçirilməsi və sülh perspektivlərinin müzakirəsi nöqteyi-nəzərindən Bakıda keçirilən Forumun əvəzsiz rolu hiss olunmaqdadır. Buna görə də bütün dünyada Qlobal Bakı Forumuna böyük maraq göstərilir. Hazırkı dövrdə enerji təhlükəsizliyinə dair təhdidlər, Ukrayna müharibəsi, qlobal sağlamlığın təşviqi, qloballaşma və artan bərabərsizlik və digər fundamental təhdidlər hamını narahat edir. Bu baxımdan Bakıda 9-cu dəfə keçirilən Qlobal Forumu Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı ilə müqayisə etmək olar. Lakin qeyd edək ki, Davos İqtisadi Forumu və Münhenin Təhlükəsizlik Konfransı müvafiq olaraq iqtisadi və təhlükəsizlik məsələlərini əhatə etdirsə, Bakı Qlobal Forumu siyasi, qlobal və universal xarakter daşıyır, həmçinin beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri gündəmdə saxlayır. Forumun gündəliyinin geniş olması ilə yanaşı, iştirakçıların yüksək statusu da diqqətlə nəzərə alınmalıdır”.
İ.Hüseynov vurğulayıb ki, Azərbaycanın keçdiyi uğurlu yol, torpaqlarını işğaldan azad etməsi və Avropanın enerji təhlükəsizliyində aparıcı rola malik olması siyasi mütəxəssisləri və ekspertləri yaxından maraqlandırır:
“Forumda dünyada mövcud olan ən aktual məsələlər fəal müzakirə olundu. Eyni zamanda, problemlərdən çıxış yolları axtarıldı. Həmçinin, dünyada böyük nüfuza malik olan şəxslərin müxtəlif təklif və tövsiyələrlə çıxış etməsi də müşahidə olundu. Forumda dəyərli təklifləri dinləmək və icra etmək üçün yaxşı imkanlar formalaşdırılır. Son dövrlər Bakı ilə yanaşı, mədəniyyət paytaxtımız Şuşa da beynəlxalq diskussiya platformasına çevrilib. Tanınmış ictimai-siyasi xadimlərin, aparıcı ekspertlərin Forumda iştirakı onu göstərir ki, IX Qlobal Bakı Forumuna maraq çox böyükdür. Dünyanın böyük transformasiyaya qədəm qoyduğu bir dövrdə Azərbaycanda qlobal əhəmiyyətli məsələlər müzakirə edilir”.