“Təbii sərvətləri elə qorumalıyıq ki, təbiətə ziyan dəyməsin” - Ənvər Əliyev

  • “Mineral sular adi bir səhvdən çirklənə bilər və böyük faciələrə gətirib çıxarar”
  • “Faydalı qazıntılar gələcəkdə bizə olduqca lazım olacaq”

Azərbaycanın zəngin təbii ehtiyatları ölkənin sənaye və iqtisadi inkişafında mühüm potensiala malikdir. Xüsusilə dağ-mədən və metallurgiya sahələrinin inkişafı yeni istehsal imkanlarının yaradılması, mövcud resurslardan səmərəli istifadə və iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır.

Bununla yanaşı, faydalı qazıntıların hasilatı zamanı ətraf mühitin, meşə massivlərinin, su ehtiyatlarının və digər təbii sərvətlərin qorunması əsas məsələlərdən biri olaraq qalır. Bu baxımdan Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi dağ-mədən sənayesinin inkişafı ilə ekoloji təhlükəsizliyin təmin edilməsi arasında tarazlığın qorunması xüsusi əhəmiyyət kəsb edir.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev Sherg.az-a bildirib ki, Azərbaycanın ərazisi Böyük Qafqaz, Kiçik Qafqaz, Zəngəzur və digər iri dağ sistemləri ilə əhatə olunur:

"Tarixi-geoloji baxımdan yanaşsaq, bu zonalarda təbii sərvətlərimiz, dağ-mədən əhəmiyyətli faydalı qazıntılarımız var.

Kiçik Qafqazda maqmatik süxurlar Böyük Qafqazdan fərqli olaraq daha çox üzə çıxır, daha çox sahəni tutur. Bu mənada Böyük Qafqazla müqayisədə məsələ bir qədər mürəkkəbləşir. Burada, eyni zamanda, unikal, çox gözəl meşələrimiz var.

Bu ərazilərin bir hissəsi doğrudan da zəngin yataqlarla, xüsusilə filiz faydalı qazıntıları ilə zəngindir. Nəticə odur ki, biz gərək bura olduqca diqqətlə yanaşaq. Təbiəti, təbii sərvətləri, həmin ərazilərin su ehtiyatlarını, yaylaqlarımızı elə qorumalıyıq ki, ziyan az dəysin.

Təbiətlə bağlı ən vacib məsələlərdən biri də odur ki, oradan filiz çıxarılarkən külli miqdarda əhaliyə ziyan dəyib. Özü də yazıq əhali çox ucuz qiymətlərlə torpaq sahələrini satıblar". 

Mütəxəsis qeyd edib ki, filiz çıxardıqlarına görə, çıxarılan tullantılar da otlaq sahələrinə xeyli ziyan vurub:

"Bu məsələ ilə bağlı bizim Suqovuşan tərəfdə, qızıl mədənləri ilə bağlı bir intervümüz vardı.

Təşəkkür edirik Prezidentimizə ki, o da bu məsələyə çox gözəl reaksiya verdi. Gözəl perspektivli sənayemizə böyük töhfələr verəcək Kəlbəcər torpağının qayğısına qalaraq onu qorudu və qızıl mədənlərini də oradakı istismarçıların əlindən aldı.

Hazırda bu ərazilərdəki təcrübə göstərir ki, istənilən halda biz bu sahədə səhvlər edə bilərik. İndi çalışmaq lazımdır ki, çox diqqətlə yanaşaq. Oraların təbiəti olduqca həssasdır. O zaman onu elə qorumalıyıq ki, təbiətə ziyan dəyməsin.

Kiçik Qafqazın quru hissələrində yox, su hövzələrində çox zənginlik var. Böyük Qafqaza nisbətən mineral cəhətdən keyfiyyətli sular var.

Bu sular adi bir səhvdən kifayət qədər çirklənəndən sonra bulaşa bilər və onda bu çox böyük faciələrə gətirib çıxarar. Ona görə də diqqəti heç vaxt əldən vermək olmaz".

Ekspert vurğulayıb ki, Azərbaycanda çox böyük filiz yataqları, faydalı qazıntılar, mineral sular, metal və qızıl mədənləri var:

"Çalışmaq lazımdır ki, maksimum dərəcədə istismar zamanı ətraf mühitə ziyan dəyməsin. Bu, olduqca vacib məsələdir.

Biz çıxartdığımız zəngin materialların müəyyən bir hissəsini bu bərpaya verərək çox problemimizi həll edə bilərik. Azərbaycanın kənd təsərrüfatından başlanmış sənaye sahəsindəki uğurlarının, gələcək nailiyyətlərimizin, əsası o ərazilərdə qoyulur.

Ona görə də bir qədər diqqəti daha da artırmaq lazımdır. Daha da diqqəti artırmaq lazımdır ki, buradakı ekoloji problemlərə, təbiətin mühafizəsinə xüsusi qaydada yanaşaq.

İndi sağlıq olsun, görək, gələcəyin hansı problemləri olacaq, hansı çətinlikləri olacaq. Ondan sonra biz çalışarıq ki, bu məsələdə iş görək". 

Müsahibimiz söyləyib ki, həmin ərazinin faydalı qazıntıları gələcəkdə bizə olduqca lazım olacaq:

"Həm maddi cəhətdən, həm də gələn istehsalımızı hərtərəfli inkişaf etdirmək baxımından bütün bunlara diqqəti ciddi şəkildə artırmalıyıq.

Əgər biz normal şəkildə istəyiriksə, ölkəmizin sərvəti artsın, çox gözəl bir təbiətimiz olsun, həm də turizm, heyvandarlıq sahəmiz inkiçaf etsin o zaman təbii sərvətlərdən normal istifadə etməliyik".