Tıxacların qarşısı "ağıllı işıqforlar"la alınmalıdır - EKSPERT

"Yeni sensorlu "qara qutu" kameralar qəzalarla bağlı mübahisələrə son qoya bilər”

İşıqforlarda “qara qutu” dövrü başlayır. Avrpanın bir sıra şəhərlərində yol hərəkəti sistemində yeni nəzarət mexanizmi işə düşür. İşıqforlarda quraşdırılan xüsusi müşahidə qurğuları vasitəsiylə qəzaların səbəbləri daha dəqiq müəyyən ediləcək və qayda pozuntularına qarşı mübarizə sərtləşəcək. İşıqforlara inteqrasiya edilən bu sensor və kamera sistemləri təyyarələrdəki “qara qutu”lara bənzər funksiya daşıyır.

Bu cihazlar sadəcə qırmızı işıqda keçənləri qeydə almır, həm də ərazidəki hərəkət dinamikasını saniyəbəsaniyə yaddaşda saxlayır. Bir qəza baş verdikdə, "qara qutu" toqquşmadan bir neçə saniyə əvvəl və sonrakı bütün məlumatları (sürət, tormozlama məsafəsi, işığın rəngi) təqdim edir. Bu məlumatlar yalnız qəza və ya ciddi qayda pozuntusu zamanı hüquq-mühafizə orqanları tərəfindən istifadə ediləcək. Sistem süni intellekt vasitəsilə potensial təhlükələri öncədən müəyyən edə və qəza riskini azalda bilər. Həmçinin, məhkəmə və sığorta proseslərində kimin günahkar olduğunu mübahisəsiz şəkildə ortaya qoyur. Qayda pozuntuları avtomatik olaraq mərkəzi sistemə ötürülür və saniyələr içində cərimə tətbiq edilir. Bu qutular həm də tıxacın intensivliyini ölçərək işıqforların müddətini real vaxt rejimində tənzimləyə bilir. Məqsəd sürücüləri izləmək deyil, yollarda ölümlə nəticələnən hadisələrin sayını minimuma endirməkdir.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsəsdov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hazırda paytaxt yollarında, həmçinin reginonlarda, magistral yollarda kifayət qədər müşahidə kameraları var, qəzalar, yol hərəkəti qaydalarının pozulması halları kameralar vasitəsi ilə qeydə alınır və lazımi ölçü götürülür: 

- Ola bilsin, bu sensorlu kameralar, yeni model “qara qutu”lar daha çox informasiya emal edə biləcək. Mübahisəli hallarda daha düzgün, obyektiv, ədalətli qərar verilməsi mümkün olacaq. Amma zatən bizim avtomobil yollarında müşahidə-izləmə kameraları var. Sutkanın bütün saatlarında bu kameralar baş verənləri qeydə ala bilir. Gecə qaranlığında, gün işığında, elektrik işıqları altında və sair. Panoramik kameralar var ki 180 dərəcə üfüqi əhatə dairəsini çəkir, açıq və geniş ərazilər üçün geniş mənzərəni təmin edən çöl şəbəkə kameralarıdır. Gecə-gündüz müşahidəsi üçün IR LED-lərlə təchiz edilmiş kameralar var. Süni intellektli dərin öyrənmə tipli IP Kameraları var. Bu cür kameralar insanları və avtomobilləri digər hərəkət edən obyektlərdən ayırmağa imkan verir. Müasir texnoloji vasitələr çoxdur. Yaxşı olardı ki işıqforlarda hərəkıtijn intensivliyini ölçən və buna uyğun olaraq da işıqforu tənzimləyə biləcək qurğular quraşdırılsın. Hazırda buna daha çox ehtiyac var. Bəzən görürük ki, “ana yolda” avtomobil sıxlığı azdır, amma “köməkçi” yolda tıxac yaranıb, işıqfor isə “ana yol”da hərəkətə 60 saniyə verir, İkinci dərəcəli yolda isə tıxac daha da böyüyür. Belə bir vasitədən hərəkətin tənzimlənməsi və tıxacların qarşısını almaq məqsədilə istifadə etmək daha məqsədəuyğun olar.