Türkiyə terrorla mübarizədə qətidir

Ərdoğanın Rəisi ilə görüşü xoş ovqatda keçib

Lakin Xamenei ilə baş tutan danışıqlarda fikir ayrılıqları müşahidə olunub

  Dünən Tehranda İran Prezidenti İbrahim Rəisi ilə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Türkiyə və İran liderləri arasında hərbi, siyasi və regional məsələlər müzakirə edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, iki ölkə ticarət dövriyyəsində 30 milyard dollarlıq hədəfə çata bilməyib. Buna pandemiya mane olub: “Hazırda ticarət dövriyyəmiz 7,5 milyard dollardır. 30 milyard dollara yetişəcəyik. Müdafiə sənayesində bu hədəfə çatmaq mümkündür. Neft və təbii qaz sahəsində atacağımız addımlarla da bu hədəfə yetişmək mümkündür”. Ərdoğan deyib ki, terrorla mübarizə bizim üçün çox vacibdir: 

“Terrorçular artıq hər iki dövlət - həm Türkiyə, həm də İran üçün problemə çevrilib. Bunları artıq NATO sənədlərinə də daxil etmişik. Terrorçular hansı ölkədə olursa-olsunlar, o ölkədə sabitliyə, hüzura mane olurlar”. İki ölkə arasında uzunmüddətli əməkdaşlıq planı, sosial təminat və idmanın inkişafı, kiçik iqtisadi müəssisələrin dəstəklənməsi, radio və televiziya sahəsində əməkdaşlıq sahəsində mühüm sənədlər də imzalanıb. Maraq doğuran məqamlardan biri də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ali rəhbər Seyid Əli Xamenei ilə də görüşməsi olub. Xamenei və Ərdoğan bir sıra önəmli mövzuları müzakirə ediblər.

  Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə bildirib ki, Türkiyə rəhbəri Ərdoğanın iranlı həmkarı Rəisi ilə müzakirələrini iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin inkişafına doğru atılacaq perspektiv addımlar, Xamenei ilə danışıqlarını isə siyasi fikir ayrılıqlarının diplomatik ifadəsi kimi qiymətləndirmək mümkündür. Analitik vurğulayıb ki, Xamenei Ankaranın siyasətini özünəməxsus şəkildə tənqid edib. Lakin tənqidi sülh və təhlükəsizlik adı ilə məharətlə pərdələməyi bacarıb:

 “Xamenei Türkiyənin Suriyanın şimalında növbəti hərbi əməliyyatlar keçirməsi mövzusuna toxunaraq qısqanclığını nümayiş etdirib. Ali rəhbər Türkiyənin mümkün əməliyyatlarına işarə edərək qeyd edib ki, Suriyanın şimalında hər hansı hərbi addım Türkiyənin də, Suriyanın da zərərinə olacaq. Xameneinin fikrincə, Suriyanın şimalındakı hərbi əməliyyatlardan yalnız terrorçular fayda götürə bilər. Bununla da rəsmi Tehran Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək siyasətini tənqid edir. Xamenei Fələstin mövzusunu da özünün qurduğu "dəyirmi masa"nın mərkəzində tutub. Bu fonda yenə Ankaranın İsraillə əlaqələrinin möhkəmlənməsindən sətiraltı şəkildə bərk narahatlığını dilə gətirib. Ərdoğan isə terrorla birgə mübarizənin vacibliyini dilə gətirib. Xamenei buna müsbət cavab verib. Hərçənd, bu mövzuda Tehranın hansı yardım edəcəyi də böyük sual işarələri altındadır. Türkiyə lideri öz tərzinə sadiq qalaraq ölkəsinin Suriya ilə bağlı mövqeyinin qəti olduğunu deyib. Bu, özündə o mənanı daşıyır ki, Ankara öz təhlükəsizliyini İranın arzuları əsasında yox, özünün milli-strateji maraqları çərçivəsində təmin edən siyasəti davam etdirəcək. Ərdoğan Türkiyənin İrana qarşı tətbiq edilən birtərəfli sanksiyalara qarşı olduğunu deyib. Ədalətsiz qərarlara qarşı Ankaranın mövqeyini ortaya qoyub”.

  Ekspert qeyd edib ki, regionda yaranan yeni reallıq da Xamenei-Ərdoğan görüşündə masaya yatırılıb. Lakin İran lideri diplomatik tövrlə təhdid qarışıq bir məsələni gündəmə gətirib:

 “İran bir daha Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsi prosesindən ciddi narahatlığını bəyan edib. Xamenei deyib ki, “Qarabağın Azərbaycana geri verilməsindən məmnunam. Ancaq İran-Ermənistan sərhədini əngəlləmə siyasəti gündəmdə olacaqsa, ölkəmiz buna qarşı çıxacaq. Çünki bu sərhəd min illərdir ki, əlaqə yoludur”. Nəzərə almaq lazımdır ki, Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra İranla sərhədinin 132 kilometrinə nəzarəti bərpa edib. İran isə bu sərhəddəki 38 kilometrlik zolağı özünə dərd edib, yəni sərhəd dəyişikliyinin qəbuledilməzliyini regionda yeni oyunçuların çoxalması ilə əlaqələndirir. Ancaq təkcə bununla iş bitmir. Tehran həm də işğal zamanında əldə etdiyi qeyri-leqal gəlirlərdən indi məhrum olduğuna görə, maliyyə itkisini həzmə verə bilmir. 

Xameneinin sərhədə narahat baxışlarına dair ifadəsində konkret nələrin ehtiva edildiyi də görünmür. Amma onun bəyanatının arxasında Azərbaycan-Ermənistan gündəliyindən İrana qarşı yönələn təəssüratlar yaratmaq cəhdləri durur. Üstəgəl, aşkar etmək çətin deyil ki, ali rəhbər Zəngəzur dəhlizinin reallaşmasının Azərbaycana verəcəyi hədsiz üstünlüklərin qarşısına keçmək istəyir”. 

  A.Kərimovun fikrincə, Xamenei ilə Ərdoğanın müzakirəsi gərgin atmosferdə olsa da, Türkiyə liderinin Prezident Rəisi ilə görüşü xoş ovqatda keçib:

“Prezidentlər görüşdən sonra birgə bəyanatla çıxış ediblər. Ərdoğan da, Rəisi də iqtisadi əlaqələrə vurğu edərək, iki ölkə arasındakı ticarət dövriyyəsinin 7.5 milyard dollardan 30 milyard dollara qaldırılmasının hədəfdə olduğunu deyib. Diqqət mərkəzinə gətiriləcək nöqtələrdən biri də budur ki, Ərdoğan bu rəqəmə çatmaq üçün iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı da formul kimi önə çəkib. Türkiyə lideri PKK, PYD, PJAK, FETÖ kimi təşkilatların həm İran, həm də Türkiyə üçün ciddi mənada bəla olduğunu vurğulayaraq Tehranın da bu mövzularda manipulyasiyalara yol verməməsinə işarə edib”.