- "Əsas problem hələ də müharibənin necə dayandırılacağı deyil. Əsas problem müharibədən sonra necə bir təhlükəsizlik düzəninin qurulacağıdır"
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmasların intensivləşməsi prosesin yeni mərhələyə keçdiyini göstərir. ABŞ-ın Rusiya və Ukrayna tərəfləri ilə apardığı ardıcıl görüşlər müharibənin mümkün həlli ilə bağlı diplomatik səylərin davam etdiyini ortaya qoyur. Bununla yanaşı, tərəflər arasında mövcud fikir ayrılıqları və müharibədən sonrakı təhlükəsizlik məsələləri prosesin mürəkkəb olaraq qaldığını göstərir.
Bu çərçivədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü də diqqət çəkir. Görüş ABŞ nümayəndələrinin Moskva səfərindən sonra baş tutub.
Beynəlxalq siyasət üzrə mütəxəssis və hərbi ekspert İsmail Cingöz mövzunu Sherg.az-a şərh edib:

"ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin Moskvada Vladimir Putinlə görüşmələrinin dərhal sonra Kiyevə gedərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə masa arxasına əyləşdi. Bu, Ukrayna müharibəsində diplomatik prosesin yeni və olduqca kritik mərhələyə daxil olduğunu göstərir. Burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, Vaşinqton artıq tərəflərlə ayrı-ayrılıqda təmas qurmaqdan kənara çıxaraq, Rusiya ilə Ukrayna arasında faktiki olaraq “mərkəzi diplomatiya” həyata keçirməyə başlayıb. Uitkoff və Kuşnerin Moskvadan aldıqları mesajları birbaşa Kiyevə çatdırmaları, eyni şəkildə Ukraynanın tələblərini yenidən Vaşinqton və Moskvanın gündəminə daşıyacaqları, ABŞ-nin müharibənin sona çatdırılmasında mərkəzi vasitəçi rolunu gücləndirmək istədiyini ortaya qoyur".
Analitik bildirib ki, danışıqların başlaması sülhün yaxın olduğu anlamına gəlmir:
"Çünki əsas problem hələ də müharibənin necə dayandırılacağı deyil. Əsas problem müharibədən sonra necə bir təhlükəsizlik düzəninin qurulacağıdır. Donbasın gələcəyi, mövcud cəbhə xəttinin statusu, Ukraynaya veriləcək təhlükəsizlik təminatları və Rusiyanın gələcəkdə yenidən hərbi əməliyyata başlamasının qarşısını alacaq mexanizmlər danışıqların ən çətin mövzuları olaraq qalmaqdadır. Zelenskinin “ləyaqətli sülh” və güclü təhlükəsizlik təminatları üzərində dayanması da Kiyevin yalnız döyüşlərin dayandırılmasını kifayət hesab etmədiyini göstərir. Çünki təhlükəsizlik təminatlarından məhrum atəşkəs Ukrayna baxımından davamlı sülhdən daha çox yeni müharibədən əvvəlki müvəqqəti fasilə kimi qəbul ediləcək. Moskva baxımından isə döyüş meydanında əldə edilən hərbi qazancların danışıqlar masasında itirilməməsi əsas prioritet olacaq".
Politoloq qeyd edib ki, bu səbəbdən qarşıdakı dövrdə əsas mübarizə cəbhədə olduğu qədər danışıqlar masasında da gedəcək:
"Tramp administrasiyasının uğuru tərəfləri yalnız atəşkəsə razı salmaqla deyil. Bu həm də tətbiq edilə bilən, nəzarət oluna bilən və yeni müharibənin qarşısını ala biləcək təhlükəsizlik mexanizmi qura bilməsi ilə ölçüləcək. Fikrimcə, Kiyevdə keçirilən bu görüşün strateji əhəmiyyəti məhz burada yatır: Məsələ artıq yalnız Ukrayna müharibəsinin nə vaxt başa çatacağı deyil. Müharibənin hansı şərtlərlə və necə bir yeni Avropa təhlükəsizlik balansı yaradaraq başa çatacağıdır. Əgər bu balans yanlış qurularsa, ortaya çıxan şey sülh deyil, yalnız növbəti böhrana qədər dondurulmuş münaqişə olacaq".
Mütəxəsis baş verənlərin Qara dəniz və Cənubi Qafqaz baxımından da yaxından izlənilməli olduğunu deyib:
"Ukraynada əldə edilə biləcək davamlı sabitlik önəmlidir. Qara dənizin təhlükəsizliyindən enerji və nəqliyyat dəhlizlərinə, Avropa-Qafqaz-Türküstan-Mərkəzi Asiya bağlantılarından regional ticarətə qədər Azərbaycanının da daxil olduğu geniş coğrafiyanın geosiyasi balanslarına birbaşa təsir göstərəcək".