Xankəndidə əslində ailə bizneslərinə yaşıl işıq yandırılmalıdır - Ekspert

  • Qarabağa qayıdışın taleyini iş yerləri müəyyən edəcək

İşğaldan azad edilmiş ərazilərmizdə məskunlaşan əhalinin məşğulluq problemi zaman-zaman gündəmə gətirilir. Xankəndində məskunlaşmış vətəndaşlarımızdan biri işsizlikdən şikayət edib.

Sosial şəbəkədə bu haqda paylaşım edən vətəndaş bildirir Xankəndi nüamyəndəliyi onları heç bir işlə təmin etmir. Ailə üzvləri ilə birlikdə çalışıb özləri istirahət obyekti qurublar, öz vəsaitlri hesabına avadanlıqlar alıblar. Amma buna da maneçilik törədilir, onlara işləməyə imkan verilmir.   

Məsələ ilə bağlı Sherg.az-a danışan sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, Qarabağa qayıdışda məşğulluğun təmin edilməsi prioritet olmalıdır: 

- Ümumiyyətlə, Qarabağa qayıdış mərhələli şəkildə həyata keçirilməlidir. Bununla bağlı dəfələrlə mövqeyimizi bildirmiş, fikirlərimizi ifadə etmişik. Əvvəla, insanlar o zaman məskunlaşmağa meyilli olurlar ki, onlar üçün normal iş imkanları yaradılsın. Əgər iş təminatı varsa, təbii ki, məskunlaşma prosesi də daha uğurlu, etibarlı və dayanıqlı şəkildə həyata keçiriləcək. Sözsüz ki, istər Xankəndidə, istər Şuşada, istər Ağdərədə, istər Ağdamda, istərsə də digər ərazilərdə həyata keçirilən köç və qayıdış proseslərində insanların işlə təmin olunması məsələsi ciddi şəkildə nəzərə alınmalıdır. İnsanlar öz dədə-baba torpaqlarına o zaman daha böyük maraqla qayıdacaqlar ki, orada işləmək və gəlir əldə etmək imkanları olsun.

İ.Hüseynli qeyd etdi ki, hazırda küçə və yolların kənarında, yaşıllıq zolaqlarında, magistral yolların ətrafında bu cür ailə bizneslərinin qurulmasını normal hesab etmək olar. Orada təndirxanalar, müxtəlif milli məhsulların – kətə, kabab və digər yeməklərin hazırlanıb satıldığı kiçik iaşə obyektləri yaradılır. Məqsəd yoldan keçən insanların, eləcə də turistlərin qısa müddətdə xidmətlərdən yararlanmasına imkan yaratmaqdır: 

- Belə obyektlər dünyanın müxtəlif yerlərində mövcuddur. Rusiya, Ukrayna, Belarus və digər postsovet ölkələrində kəndlərdə və magistral yolların ətrafında bu tip kiçik xidmət məkanlarına geniş rast gəlinir. Burada insanlara müəyyən qədər azadlıq və sərbəstlik vermək lazımdır. Əgər qurulan obyekt, videoda da göründüyü kimi, yol hərəkətinə ciddi maneə yaratmır, tıxaclara səbəb olmursa, insanların öz əməyi və imkanları hesabına gəlir əldə etməsinə, ailə büdcələrini artırmasına şərait yaradılmalıdır. Xankəndi kimi uzun müddət boş qalmış və hazırda yenidən məskunlaşmanın baş verdiyi ərazilərdə insanlar bu cür obyektləri öz imkanları hesabına qururlarsa, bunu sadəcə alqışlamaq lazımdır. Çünki onlar yeni iş yerləri yaradır, iqtisadi fəallığı artırır və yerli iqtisadiyyatın inkişafına töhfə verirlər. Bunların hər biri dəstəklənməlidir. Mənə elə gəlir ki, dövlətin bu məsələdə mövqeyi konkret olmalıdır və belə təşəbbüslərlə çıxış edən insanlara dəstək verilməlidir. 

İ.Hüseynli bildirdi ki, Qarabağa qayıdışın ən əsas prioriteti, həllini gözləyən ən vacib məsələ ilk növbədə insanların işlə təmin olunmasıdır:

- Bu yaxınlarda Ağdərə rayonundan da eyni məzmunlu süjetlər yayımlandı. Kəlbəcərdən də oxşar görüntülər təqdim edildi. İnsanlar doğulub böyüdükləri, yaşadıqları torpaqlara qayıdaraq orada maldarlıq, heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olmaq istəyirlər. Əgər bütün bu imkanlar yaradılmasa, təbii ki, qayıdış prosesində ciddi irəliləyişə nail ola bilməyəcəyik və dayanıqlı məskunlaşmanı təmin etmək çətin olacaq. Biz beynəlxalq aləmə, bütün dünyaya bir nümunə kimi göstərə bilməliyik ki, biz torpaqlarımızı azad etmişik və indi həmin ərazilərdə insanlarımızın tam və dayanıqlı məskunlaşmasını təmin edirik. Bunun üçün dövlətin bu məsələyə dair ciddi və konkret mövqeyi, məqsədyönlü siyasəti olmalıdır.